Vahid Əhmədov cəzalandırıla bilər - Fəzail Ağamalı məsələ qaldırdı

“Bu yaxınlarda hörmətli həmkarımız xoşagəlməz müsahibə ilə çıxış etdi, dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpdi”.
"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı deputat həmkarı Vahid Əhmədov barəsində bildirib.
Fəzail Ağamalı qeyd edib ki, onu narahat edən əsas məsələ millət vəkilinin Azərbaycan dövlətçiliyinə qərəzli münasibətidir: “O, ölkə prezidentinin sosial siyasətinə kölgə salır. Belə çıxır ki, uzun illər həyata keçirilən sosial siyasət heç bir nəticə verməyib. Onun bu müsahibəsi Milli Məclisin nüfuzuna da xələl gətirir, onun legitimliyi sual altına alınır. Azərbaycanda yalnız 3 nəfərin Milli Məclisə seçkilərdə ədalətli səs qazandığını söyləyir, digər parlament üzvlərinin səs qazanmasını şübhə altına alır. Buna görə də mən bütün suallara cavab verilməsi üçün İntizam Komissiyasının sədr müavini kimi xahiş edirəm ki, məsələnin İntizam Komissiyasında müzakirə olunması üçün müvafiq tapşırıqlar verilməsinə imkan yaradasınız”.


***

Müzakirələrdən sonra Vahid Əhmədov İntizam Komissiyasına verilib. Bunu deputatların təklifindən sonra Milli Məclisin spikeri Sahibə Qafarova təsdiqləyib.


“Bəli İntizam Komissiyası məsələ ilə məşğul olsun”, - deyə spiker vurğulayıb.


Qeyd edək ki, bir neçə gün əvvəl V.Əhmədov bloqer Mehman Hüseynova müsahibə verib. O, müsahibəsində parlamentdə və cəmiyyətdə bir sıra neqativ hesab etdiyi hallara toxunub.