LGBT təbliğatının aparılması yolverilməz bir hərəkətdir

“Landmark”ın rəhbərliyi bu amilləri nəzərə almalı və rəngli əskinin qaldırılmasına imkan verməməli idi


  "Bakının mərkəzində yerləşən "Landmark" biznes mərkəzinin ərazisində rəngarəng əski - LGBT bayrağı qaldırılıb. Yerli media onun yerləşdirilməsi təşəbbüsünün Böyük Britaniya səfirliyinə aid olduğunu yazıb". Bunu tanınmış jurnalist, siyasi şərhçi Elçin Alıoğlu sosial şəbəkə hesabında yazıb. Jurnalist bunun absurd və qalmaqal olduğunu bildirib: "“Landmark” və Britaniya səfirliyi unudub ki, çoxrəngli LGBT əskisi ictimai məkanda qaldırılıb. 

Həmin məkanda təkcə diplomatik nümayəndəliklər deyil, həm də müxtəlif təşkilatlar var. Yaxınlıqda məktəb, klinika, dövlət və özəl müəssisələr yerləşir. Şübhəsiz ki, şəhərimizdəki bütün səfirliklərin öz ərazilərində sərbəst fəaliyyət göstərmək hüququ var, bu halda söhbət tamam başqa vəziyyətdən gedir. Azərbaycanın adət-ənənələrinə və mədəniyyətinə riayət olunmasını nəzərə almaq vacibdir. Biz heç bir halda ifadə azadlığına, cinsi mənsubiyyət seçiminə qarşı deyilik, lakin icazə verməklə əxlaqi prinsiplər arasındakı sərhədləri anlamaq lazımdır.  Adət-ənənələrimizi nəzərə alsaq, cəmiyyətimizdə LGBT təbliğatının aparılması yolverilməz bir hərəkətdir.

Cəmiyyətimiz nə qədər demokratik olsa da, xalqımız dözümlü, qanunlarımız yumşaq təsir bağışlasa da". 

  E.Alıoğlu vurğulayıb ki, “Landmark”ın rəhbərliyi bu amilləri nəzərə almalı və rəngli əskinin qaldırılmasına imkan verməməli idi: 

"Sual yaranır, "Landmark" kimin tərəfindədir - LGBT təbliğatçıları sırasında, ya cəmiyyətin? “Landmark” administrasiyası LGBT bayrağının yerləşdirildiyi bu ərazinin səfirliyə aid olduğunu iddia edir. Lakin bu açıqlama reallıqdan çox uzaqdır və ictimaiyyəti çaşdırmaq üçün primitiv cəhddən başqa bir şey deyil. Böyük Britaniya səfirliyi biznes mərkəzinin daxilində yerləşir və LGBT əskisinin qaldırıldığı küçə ictimai ərazidir. Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliyin ekstraterritoriallığına tabe deyil. Olmaya "Landmark" təkcə LGBT ideyalarını təbliğ etmir, həm də britaniyalılara şəhərimizin küçələrinin bir hissəsini verməyə çalışır?!".