Azərbaycanda maraqlı tərəflər arasında koordinasiya və kommunikasiya yoxdur
Təhsil sistemi ilə əmək bazarı arasında əlaqə yaratmalıyıq. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib. O qeyd edib ki, nazirlik tərəfindən işsiz və işaxtaranlar üçün məşğulluq proqramı həyata keçirilir.
İşsiz və işaxtaran şəxslərin peşə hazırlıqlarına cəlb edildiyini vurğulayan Anar Əliyev əlavə edib ki, təhsil və əmək bazarı qarşısında duran problemlərin həllində yalnız dövlət aparıcı rol oynamamalıdır: “ Özəl sektor da bu fəaliyyətə qoşulmalıdır. Bizim peşə hazırlıqlarımız əmək bazarına uyğun təşkil edilir. 170-ə yaxın peşə ixtisası üzrə təlimlər keçə bilirik. Növbəti ildə bu sahədə özəl sektorla əməkdaşlığımızı genişləndirməyimizi planlaşdırırıq”.
Təhsil eksperti Kamran Əsədov da “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda gənclərin məşğulluğu problemi xüsusi önəm kəsb edir. Onun sözlərinə görə, bütün sahələrdə yeni ixtisaslara, bazar tələbinə uyğun mütəxəssislər yetişdirilməlidir:
“Bunun üçün təhsil sahəsində yeni yanaşmaların tətbiqinə ehtiyac var. Əvvəla onu deyim ki, Azərbaycanda maraqlı tərəflər (əmək bazarı, ali təhsil müəssisələri, tələbələr və hökumət) arasında koordinasiya və kommunikasiya yoxdur. Maraqlı tərəflərin təhsil islahatlarının müxtəlif səviyyələrində iştirakı universitet məzunlarının bacarıqları və əmək bazarı tələbi arasında fərqi aradan qaldırmaq üçün çox vacibdir. Azərbaycanda müxtəlif şirkətlərin işəgötürənləri ilə fokus qrup müsahibəsinin nəticələri maraqlı tərəflər arasında əməkdaşlıq və koordinasiyanın zəif və parçalanmış olduğunu göstərir.
Ümumiyyətlə, əmək bazarında apardığım uzunmüddətli müşahidələrimə əsasən deyə bilərəm ki, gələcəkdə iş tapmaq çətin ola biləcək ixtisaslar, sürətlə dəyişən texnoloji inkişaflar, iş bazarının tələbləri və iqtisadi şərtlərə bağlıdır. Hər bir ölkədə və iş bazarında bu tendensiyalar fərqli ola bilər, lakin ümumi olaraq dünyada və Azərbaycanda aşağıdakı ixtisasların gələcəkdə iş tapmaqda çətinlik çəkəcəyini ehtimal edirəm.
Rəqəmsal texnologiyaların inkişafı və süni intellektin tərcümə sahəsindəki istifadəsi Filologiya, Sosiologiya və sosial elmlər, Politologiya və Beynəlxalq münasibətlər kimi ixtisasların dəyərini azalda bilər. Rəqabətin çox yüksək olması və məhdud iş yerləri, özəl sektorda bu ixtisasa olan tələbatın aşağı olması da gələcəkdə bu ixtisas sahiblərinin iş tapma imkanının zəif olacağına işarə edir.
Bu ixtisaslar üzrə iş tapmaqda çətinlik çəkmək ehtimalı yüksək olsa da, hər sahədə fərdi bacarıqlar, ixtisaslaşma və praktiki təcrübə önəmlidir. Gələcəkdə iş tapmaq perspektivləri üçün tələbələrin dəyişən iş bazarına uyğunlaşmaları, əlavə bacarıqlar öyrənmələri və müxtəlif sahələrdə təcrübə qazanmaları vacibdir. İş bazarının dinamikliyi və dəyişən tələblər səbəbindən hər bir məzunun çevik və adaptiv olması önəm kəsb edir”.
Gənclərin peşə təhsilinə cəlb olunması məsələsinə gəldikdə isə ekspert deyib ki, ali təhsilə yönəlmiş cəmiyyətlərdə peşə təhsili çox vaxt aşağı səviyyəli və ya az prestijli hesab olunur: “Bu isə peşə təhsilinə olan marağın azalmasına gətirib çıxarır. Peşə təhsilinə marağın azalmasının əsas səbəblərindən biri sosial amillərlə bağlıdır. Azərbaycanda və bir çox ölkələrdə valideynlər və gənclər ali təhsili daha prestijli və uğura aparan bir yol kimi görürlər. Bu düşüncə peşə təhsilini aşağı səviyyəli təhsil forması kimi qəbul etməyə səbəb olur. Azərbaycanda əksər valideynlər və gənclər universitet diplomunu iş həyatında vacib bir əsas kimi qəbul edirlər və bu, peşə təhsili üzrə mütəxəssis olmağı ikinci dərəcəli bir seçim kimi görməyə səbəb olur”.
K.Əsədovun fikrincə, mövcud problemin həlli üçün tədris müəssisələri ilə müəssisələr arasında daha sıx əməkdaşlıq qurulmalıdır. Beləliklə, tələbələr təhsil aldıqları dövrdə praktiki təcrübə qazanacaq və məzun olduqdan sonra daha asan iş tapacaqlar. Eyni zamanda peşə təhsili alanların məşğulluq imkanlarının və gəlir səviyyəsinin artması, bu sahənin cazibəsini yüksəltməklə yanaşı, iqtisadiyyatın da dayanıqlı inkişafına töhfə verə bilər.