Aqressiya, zorakılıq elementləri daşıyan təkcə qələmlər deyil

Buna həm məktəb müəllimləri, həm də valideynlər nəzarət etməlidir

Kitab, dəftər üzlükləri, albomlar, məktəbli çantalarının üzərində də bəzən zorakılıq, aqressivlik elementləri daşıyan şəkillər həkk edilir

  Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynləri diqqətli olmağa səsləyib. Sosial şəbəkə hesabında paylaşım edən qurumun mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu mağazalarda məktəblilərin psixologiyasına təsir edəcək silah formasında qələmlər satıldığını bildirib və şagird və valideynləri diqqətli olmağa çağırıb. “Məktəb ləvazimatları satılan mağazalarda məktəblilərin psixologiyasına təsir edəcək silah formasında qələmlər satılır. Övladlarınızı bu tip ləvazimatlardan uzaq tutun. Bu qələmlər dərs vaxtı şagirdin diqqətinin dərsdən yayınmasına, eyni zamanda gələcəyimiz olan övladlarımızın düzgün istiqamətdən çəkinərək, meylini silaha salmasına səbəb ola bilər. Çalışın övladlarınıza qələm, kitab, dəftər alınarkən özünüz iştirak edin”, deyə komitə sözçüsü bildirib.
  Aqressiya, zorakılıq elementləri daşıyan təkcə qələmlər deyil. Kitab, dəftər üzlükləri, albomlar, məktəbli çantalarının üzərində də bəzən zorakılıq, aqressivlik elementləri daşıyan şəkillər həkk edilir. Kompüter oyunları, smartfonlara yüklənən oyunların əksəriyyəti də, həmçinin zorakılıq elementləri daşıyır. Bir müddət əvvəl qardaş Türkiyədə VII sinif şagirdi qız öz sinif yoldaşını bıçaqlamışdı. Məlum olmuşdu ki, yeniyetmə smartfonlarda geniş yayılan və yeniyetmələr arasında populyarlıq qazanan "Yandere Simulyator" oyununa çox aludə olub, müntəzəm bu oyunu izləyib, oyunun təsiri altında əvvəlcə sinif yoldaşının üzünə bibər qazı sıxıb, sonra da onu bıçaqlayıb. Valideynlər çox da əhəmiyyət vermir, amma “sadə oyun” hesab etdikləri “Subway surfers” (dəmir yolu nəzarətçisindən qurtulmaq üçün relslərin arasıyla qaçan, vaqonların üzərindən atlanan animasiya obrazı) oyununun nə dərəcədə təhlükəli olduğunun fərqində deyillər. Uşaqların bu oyunu təkrarlayıb eyni hərəkəti həqiqi qatar yolunda təkrarlamaq istəməyəcəyinə kim zəmanət verə bilər?
  Təhsil eksperti Elçin Süleymanov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, şagirdlərin psixologiyasına mənfi təsir göstərəcək bütün vəsaitlər, istər qələm olsun, istərsə də hər hansı digər əşya və ya ləvazimatlara diqqətlə yanaşılmalıdır:
- Bu məsələlər ciddi yanaşma və nəzarət tələb edir. Uşaqlar onsuz da internetdə izlədikləri oyunlar, videolar vasitəsilə zərərli təsirlərə kifayət qədər məruz qalırlar. Oyunların çoxu şiddət, aqressiya daşıyıcısıdır. Valideynlər bunlara diqqət etməlidir. Görürük ki, qonşu ölkələrdə yeniyetmələrin iştirakı ilə ağır cinayət əməllərinin törədilməsi baş verir. Bunların məhz aqressiyanın yayılması, mənfi cərəyanlar vasitəsilə törədildiyi ortaya çıxır. Əksər hallarda bu yeniyetmələrin zərərli təsirlər altına düşdükləri görünür. Zorakılıq, aqressiya məzmunlu ləvazimatların, əşyaların, oyuncaqların idxalına mütləq nəzarət edilməlidir. Üzərində mənfi çağırışlar, şüarlar olan, radikallığı təbliğ edən malların idxalına qadağa tətbiq edilməlidir. Əgər belə mallar bazara, satışa ayaq açıbsa, valideynlər ehtiyatlı olmalı və düzgün seçim etməlidirlər. Hazırda üzərində skelet kəlləsi, hansısa döyüş, zorakılıq elementləri olan geyimlərdən istifadə edir yeniyetmələr, gənclər. Müxtəlif metal əşyalar taxırlar. Guya ki “metallik”dirlər. Amma bunlar heç bir estetik görünüşü olmayan, xoş təsir bağışlamayan, əksinə, zorakılıq elementləri daşıyan geyimlərdir. Valideynlər bunlara diqqət etməlidir. Övladını başa salmalıdır, nə yaxşı, nə pisdur. Məktəbli çantaları seçərkən də diqqətlə davranmalı, çantalara həkk edilmiş şəkillərin mahiyyətinə varmalıdırlar.
  Ekspert qeyd etdi ki, ibtidai təhsilə başlayan uşaqların beyni təmiz, ağ vərəqdir. Onlar daha çox mənfi, yad ünsürlərin təsiri altında qala bilər:
- Buna həm məktəb müəllimləri, həm də valideynlər nəzarət etməlidir. Şagird hansı ləvazimatlardan istifadə edir, geyimi necədir. İbtidai sinif şagirdləri inkişaf dövründə olduqlarından fiziki sağlamlığa ziyan verəcək geyimlərdən istifadə edilməməlidir. Həmçinin məktəblinin geyimində açıq-saçıqlığı təbliğ edən, mənəvi dəyərlərə yad yazılar olmamalıdır. Bəlkə bu, kiçik nüans kimi düşünülə bilər. Amma əhəmiyyət verilməyən kiçik nüanslar gələcəkdə böyük fəsadlara səbəb ola bilir. Çəkdiyi rəsmlərdən də uşaqların psixologiyasını, düşüncəsi, davranışlarını görmək mümkündür. Bu rəsmlərdə şiddətə meyil əlamətləri görünürsə, səbəbləri araşdırılmalı və qarşısı alınmalıdır.