Kreml fərqindədir, Azərbaycan güclü əldir
Bakı ilə İrəvanın Moskvanın tərəzisində sülh proqramı üzrə bərabər tərəfli olacağı ehtimalları yoxdur
Oktyabrın 8-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya rəhbəri Vladimir Putinlə görüşü olub. Vladimir Putin Azərbaycan və Rusiya arasında münasibətlərin müsbət inkişaf etdiyini deyib: "Biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır. Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır. Çox şadıq ki, MDB ölkələri başçılarının görüşü platformasında bizim bu gün cari işlər barədə informasiya mübadiləsi aparmaq, ola bilər ki, irəliyə doğru bu hərəkətdə, - bu isə açıq-aşkardır, - hər hansı düzəlişlər etmək imkanımız var". Putin dövlət başçısı İlham Əliyevi oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərinə dəvət edib: "Əminəm ki, orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək mümkün olacaq. Əlbəttə ki, biz BRICS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkəni dəvət edirik. Artıq 25 həmkarımız öz iştirakını təsdiq edib. Ona görə də belə platformalarda işləmək hər zaman rahatdır. Onu nəzərdə tuturam ki, bu tədbirin iştirakçılarını maraqlandıran məsələlərin bütöv dairəsi üzrə danışıqlar aparmaq mümkündür. Zənnimcə, bu, həm faydalı, həm də maraqlı olacaq. Sizi Kazanda gözləyirik".
Prezident İlham Əliyev də bildirib ki, Rusiya rəhbərinin Azərbaycana səfərindən sonra ikitərəfli münasibətlərin dinamikası kifayət qədər nəzərə çarpır: "Avqust ayında Bakıda əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında çoxlu təmaslar olub. Siz qeyd etdiyiniz kimi, bu gün həmin məsələləri nəzərdən keçirmək üçün yaxşı imkan var, çünki gündəliyimiz kifayət qədər genişdir və həmin layihələr, xüsusən avqust ayında Bakıda nəzərdə tutduqlarımız, əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir. Beləliklə, bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün yaxşı fürsətdir".
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında da ikitərəfli görüş keçirilib. Kremldə keçirilən görüşün protokol hissəsində Putin və Paşinyan çıxış ediblər. Rusiya prezidenti çıxışında bildirib ki, Ermənistan baş naziri ilə ikitərəfli görüşdən əvvəl təkbətək görüş keçirib və iki ölkə arasındakı hazırkı məsələləri müzakirə edib. Putin qeyd edib ki, müzakirələrə iqtisadi xarakterli məsələlərdən başlamaq daha məqsədəuyğundur. O, iki ölkə arasında ticarət iqtisadi əməkdaşlığın olduqca uğurlu inkişaf etdiyini, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin ötən il 7.4 mlrd dollar olduğunu, bu ilin ilk altı ayında bu göstəricinin 2.5 dəfə artdığını və 8.3 mlrd dolları ötdüyünü söyləyib: "Əgər bu templə davam etsək, bu il ticarət dövriyyəmizin həcmi 14-16 mlrd dollar olacaq. Bu, rekord göstəricidir". Paşinyan isə çıxışında son aylarda İrəvanla Moskva arasında aktiv siyasi dialoqun getdiyini söyləyib. Bildirib ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində hökümət sədri Mixail Mişustinin İrəvana səfəri zamanı ikitərəfli əməkdaşlıq və Ermənistan-Rusiya gündəliyi məsələləri kifayət qədər məzmunlu müzakirə olunub: "Bu gün bu müzakirələri yekunlaşdırmaq üçün yaxşı fürsətdir".
Siyasi icmalçı Aqşin Kərimov "Sherg.az"a deyib ki, Vladimir Putinin dövlət başçısı İlham Əliyevlə görüşü Rusiya-Azərbaycan əlaqələrinin inkişafının regiona və Ermənistana təsirlərini ölçmək baxımından önəmlidir. Ekspertə görə, Paşinyanın Putinlə görüşü Rusiya-Ermənistan əlaqələrinin normallaşdırılmasına cəhddirsə, Azərbaycan rəhbəri ilə Putinin müzakirələri çox geniş regional konteksti özündə birləşdirir:
"Bu, ümumilikdə Bakı-İrəvan sülh proqramı çərçivəsində Ermənistanın oyun qurmağa çalışsa da, onun hədsiz zəifliklərinin müəyyən edilməsi üçün mövcud tənlikləri həll edir. Beləliklə, dövlət başçısı İlham Əliyev Azərbaycanın güc, prestij və təhlükəsizliyini artırmaq proqramını gücləndirir. Paşinyan isə Putini Moskva vasitəsilə Azərbaycanın önünə keçəcək düsturları tapmağa sövq edir. Azərbaycan güclü əl olduğundan Putin-Paşinyan danışıqlarından Ermənistanın əldə edə biləcəyi strateji nəticə yoxdur. Buna görə də, Bakı ilə İrəvanın Moskvanın tərəzisində sülh proqramı üzrə bərabər tərəfli olacağı ehtimalları yoxdur".
Analitik vurğulayıb ki, Rusiya Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsini əlinə keçirməklə ABŞ ilə olan güc rəqabətinin ölçülərini dəyişmək üçün mübarizə aparır: "Bunun üçün Kreml rəhbəri V.Putin Nikol Paşinyana şirnikləndirici vədlər verərək Ermənistanı Qərb oriyentasiyasından çıxarmaq üçün çalışır. Putin Azərbaycan-Ermənistan liderlərinin danışıqlarında vasitəçi qismində görünməklə növbəti həmləsini etməyə cəhd göstərir. Bu, əsasən Rusiyanın moderatorluğu ilə Paşinyanı Zəngəzur dəhlizinə Azərbaycanın istədiyi və tələb etdiyi kontekstdə razı salmaq formullarını əhatə edir. Rusiya Ukraynada başlatdığı müharibədə qələbə qazana bilmək fonunu təbliğ edir və bununla Qərbi Cənubi Qafqazda da məğlub edə biləcəyi görüntüsünü təqdim edir. Rusiya bu məsələdə Ermənistan üzərindən manipulyativ əməliyyatlar qurmaq səylərini nümayiş etdirir. Putinlə Paşinyanın görüşündə müsbət atmosfer öhdəliyi yaradılmağa çalışılması İrəvanın Moskvanın tələbləri və şərtləri qarşısından tam qaça bilmədiyini göstərir. Çünki Paşinyanın Rusiyaya qarşı “qeyri-ənənəvi” siyasətinə baxmayaraq, Ermənistanın Moskva önündə açıq-aşkar zəif tərəfləri var".