Sazın sehrində: Hamının kefi saz idi

  Həmin gün "Şərq" qəzetindən gələn səsə hamı dəhlizə çıxdı. Novruz bayramı ərəfəsində "Azərbaycan" nəşriyyatının yeddinci mərtəbəsindəki dəhliz sazın, sözün avazına bürünmüşdü. Sazını sinəsinə sıxıb coşqu ilə oxuyan aşıq meydangirliyi, Borçalı aşıq məktəbinə məxsus avazı, ifa tərzi ilə hamını musiqinin sehrinə salmışdı.

 Milliliyimizi,  kimliyimizi bizə xatırladan saz sanki dilə gəlmişdi. Hamının ovqatına xoş bir sığal çəkirdi. Belə yerdə Xalq şairi Zəlimxan Yaqubun deyimi yada düşür: "Birinin halını soruşanda deyirsən - kefin sazdımı?". Həqiqətən də, həmin gün bu aşığın sayəsində hamının kefi saz idi.
  Axı, kimdi bu aşıq? Əslində, nə bu bina, nə də bu dəhliz aşığa yad deyildi. Çünki o da illər öncə bu məkanda çalışmışdı. Amma fərqli sahədə. Bu haqda bir az sonra. Fikrət Cəfər oğlu Cəfərov 1968-ci il iyul ayının 18-də Gürcüstanın Bolnisi rayonunun Babakişilər kəndində anadan olub. Onun aşıq sənətinə maraq və sevgisi hələ uşaq vaxtlarından yaranıb. Dünyanı dərk edəndən ətrafında musiqiyə, saza, sözə bağlı insanlar görüb. Artıq dördüncü sinifdə isə sazda çalıb oxuyurmuş. Elə ilk uğurunu da orta məktəb illərində qazanıb. 1983-cü ildə keçirilən məktəblilərin Ümumittifaq festivalına qatılaraq uğurlu çıxışı ilə qaliblər sırasında yer alıb, qızıl medalla təltif edilib.
  İllər ötdükcə onun saza olan məhəbbəti daha da artırdı. Elə bu səbəbdən də Fikrət öz üzərində daha çox çalışır, aşıq sənətinə olan məhəbbəti onu daha böyük səhnələrə çəkirdi. Getdikcə tədbirlərdə və konsert salonlarında çıxış edir və tamaşaçı sevgisi qazanırdı. Beləcə, saza olan sevgisi Fikrəti Bakıya, "Şəlalə" özfəaliyyət kollektivinə gətirdi. O, həmçinin "Oğuz" folklor ansamblında çıxış edir, sənət aləmində tanınır və sevilirdi. Fikrət Cəfəroğlunun ifasını yüksək qiymətləndirən mərhum xanəndə Baba Mahmudoğlu onu "Xəzinə" folklor ansamblına dəvət edir. Bu ansamblda çalışmaq Fikrətin sənətdə püxtələşməsində mühüm rol oynayır.
  O, hərbi xidməti başa vurduqdan sonra Bakıda milis məktəbində oxuyur. Uzun illər "Azərbaycan" nəşriyyatında mühafizə polisində çalışır. Lakin bu, onu sevimli sənətindən uzaq salmır. Əksinə, hər gün qarşılaşdığı söz, sənət adamları ilə olan görüşləri onu saza daha yaxın edir. Konsertlərdə və televiziya proqramlarında çıxış edir. Fikrət Cəfəroğlu bu gün aşıq sənətinin tədrisi və təbliği ilə məşğuldur. Gənc nəslə aşıq sənətinin incəliklərini öyrədir. Bu yaxınlarda Azərbaycan Aşıqlar Birliyi aşıq Fikrət Cəfəroğlunun yeniyetmə və gənclər arasında aşıq sənətinin təbliği və tədrisi sahəsindəki xidmətlərini yüksək qiymətləndirərək onu "Fəxri diplom"la təltif edib.

Ramidə Yaqubqızı