Ukrayna savaşında qalib hələ müəyyənləşməyib

Rusiya işğal etdiyi ərazilərdə möhkəmlənmək taktikasında çətinliklərlə üzləşir 

Ukrayna isə hələ ki həlledici ərazi nailiyyətlərinə yiyələnmir


  Rusiya hərbçiləri Maryinkaya hücum cəhdlərini davam etdirir, lakin Ukrayna hərbçiləri düşmənin bütün hücumlarını dəf edirlər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib. Məlumata görə, Rusiya əsas səylərini Liman, Baxmut, Avdeyev və Maryinka istiqamətlərində cəmləşdirir. Bundan əlavə, Maryinka istiqamətində ukraynalı hərbçilər Maryinka ərazisində düşmənin 14 hücumunun hamısını dəf ediblər. Eyni zamanda Zaporojye və Xerson istiqamətlərində ruslar müdafiəni davam etdirir və cəbhə xəttinə yaxın dinc yaşayış məntəqələrinə zərbələr endirirlər. Rusiyalı hərbi jurnalistlər də məlumat veriblər ki, Ukrayna ordusu Melitopoldan 63 km şimalda yerləşən Tokmaka və Mariupoldan 65 km şimalda yerləşən Volnovaxaya yaxınlaşır. Bildirilib ki, Tokmak və Volnovaxa ələ keçirildikdən sonra Rusiya hərbçiləri Ukrayna ordusunun Melitopol, Mariupol və Berdyanska qədər sürətlə irəliləyişini gözləyirlər. Əgər bu baş verərsə, Berdyanskdakı rus qoşunları geri çəkilə bilməyəcək, çünki dəniz yolu ilə onların çıxarılması olduqca risklidir. 
 
 ABŞ dövlət katibi Entoni Blinken isə bildirib ki, Ukraynanın əks-hücumunun dəqiq hara yönəldiyini söyləmək hələ tezdir: “ABŞ əmindir ki, Kiyev Rusiya tərəfindən zəbt edilmiş torpaqları geri almaqda uğur qazanmağa davam edəcək".

  Siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Rusiya-Ukrayna müharibəsində qələbə akkordları hələ heç bir tərəfə nəsib olmayıb. Analitikin sözlərinə görə, müharibənin xarakteri dəyişkəndir:

 "Rusiya işğal etdiyi ərazilərdə möhkəmlənmək taktikasında çətinliklərlə üzləşir. Ukrayna isə hələ ki həlledici ərazi nailiyyətlərinə yiyələnmir. İndi gözlər Ukraynanın keçirdiyi əks-hücum əməliyyatlarının doğura biləcəyi nəticələrə zillənib və nikbin əhval-ruhiyyə yaradan məlumatlar gəlməkdədir. Ukrayna qüvvələri keçirdiyi əks-hücum əməliyyatlarından kiçik ərazi uduşları ilə çıxmağı bacarıb. Donetsk vilayətinin qərbində və Zaporojye vilayətinin qərbində təsdiqlənmiş irəliləyişlər əldə edib. Rusiya qoşunları isə müdafiə doktrinası əsasında cəbhə xəttini dondurub cari vəziyyətlə danışıqlara getməkdə maraqlı tərəf kimi görünür. Lakin bu, Ukraynanın şərtləri ilə uzlaşmır.

 Rusiyanın hərbi əməliyyatlarda hücum doktrinasına söykənən praktik addımları peşəkarlıq baxımından uğurlu deyil. İndi Rusiya NATO-nun tərtib edib Ukraynaya ötürdüyü əks-hücum əməliyyatlarına davam gətirmək istəyir. Qoşunların komplektləşdirilib meydana buraxılması isə vaxt aparır. Düzdür, Ukraynanın genişmiqyaslı qələbə qazanmasından danışmaq da tezdir. Çünki Rusiyanın işğal etdiyi ərazilər böyükdür və Kiyevin paralel hücumlarla onları geri qaytarması üç faktordan asılıdır. Qərb Ukraynanı Rusiyanı geri oturda biləcək səviyyədə silahlandırmalıdır. Ukraynaya böyük ölçüdə canlı qüvvələr lazımdır. Qərblə Rusiya Ukraynanı darda qoyacaq sövdələşməyə getməməlidirlər. NATO isə bir həddə gəlib çatanda çəkingən davranır. Çünki onun Rusiyanın nüvə silahı tətbiq edə biləcəyi barədə həyəcanlı təsəvvürləri mövcuddur. Hərbi alyans ona görə çəkinir ki, bu silahların tətbiqi dünya müharibəsi riski yaradır. Üstəgəl, NATO üzvü olmayan Ukraynaya görə də Rusiyaya qarşı nüvə silahı atmaqda maraqlı deyil".

  A.Kərimov qeyd edib ki, Rusiya nüvə silahının döyüş meydanına tullanması ritorikasından bərk yapışır: "Moskva biclik edir, NATO-nu münaqişəyə cəlb etməmək üçün Ukraynaya qarşı taktiki nüvə silahlarının tətbiqini gündəmdə saxlayır. Rusiya iyul ayında taktiki nüvə silahlarının bir hissəsini Belarusda yerləşdirməyi planlaşdırır, ehtimal ki, mümkün hədəf qorxutma aktı ilə Ukraynanın paytaxtı Kiyevə nüvə zərbəsi endirmək arasında uyğunlaşdırma aparmaqdır.

  Rusiya bilir ki, döyüş əməliyyatları gedən bölgələrə nüvə zərbəsi endirsə, bundan öz hərbçiləri də əziyyət çəkəcəklər, ona görə də o, cəbhə xəttindən uzaqda olan Kiyevə mümkün atış planlarına sahib ola bilər. Ukraynaya risk yaradan məsələlərdən biri də Rusiyanın Çinlə hərbi sahədəki əməkdaşlıq perspektivinin Kiyevə yarada biləcəyi təhdidlər və bu təhlükədə Belarusun hansı status ala bilməsidir. Hər halda, görünən budur ki, Belarusun Rusiyanın nüvə silahlarına ev sahibliyi etməsi təkcə Ukrayna üçün deyil, ümumilikdə NATO üçün də siqnaldır. Kremlin taktiki nüvə şantajının döyüş meydanında rəsmiləşməsi versiyasını isə heç bir halda arxa planda saxlamaq olmaz. Əgər Ukrayna əks-hücum əməliyyatlarında uğur qazansa, Rusiya ilhaq etdiyi ərazilərin daxilində gerçəkləşəcək əməliyyatları ərazi bütövlüyünə təhdid kimi qiymətləndirə bilər. Həmçinin Kiyevə Belarusdan zərbələr endirib Ukrayna hakimiyyətini əks-hücum əməliyyatlarından çəkindirməyi hədəfləyər".