Azərbaycanlıları İranda müalicə adı ilə fəlakətə sürükləyirlər 

Təəssüf ki, "tibb turizmi" adı altında soydaşlarımız oyuna gətirilir


"İllərdir bizə təlqin edilir ki, İran ucuz və keyfiyyətli səhiyyənin ünvanıdır. Bu saxta təbliğatın nəticəsi olaraq minlərlə soydaşımız ağır məhrumiyyətlərə düçar olub".

Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Azər Niftiyev deyib. Ekspert bildirib ki, molla rejiminin "uğurlu fəaliyyəti" 40 ildən artıqdır İranı embarqoların oylağına çevirib: "İran texnoloji yeniliklərdən təcrid olunub. 

Bu səbəbdən müasir deyil, 90-cı illərin avadanlıqları ilə həm laborator, həm də instrumental tibbi xidmət göstərilir. Bu sanksiyalar nəticəsində İranın peşəkar və təcrübəli həkimləri kütləvi şəkildə ölkəsini tərk edib. İran səhiyyəsi XXI əsrin qızıl standartı - Avropa protokolları ilə deyil, köhnə və ənənəvi qaydalarla fəaliyyət göstərir. 

Təəssüf ki, "tibb turizmi" adı altında soydaşlarımız oyuna gətirilir, müxtəlif müayinələrə cəlb edilərək, soyğunçuluğa məruz qoyulur. Şikəst olanlara heç bir təzminat ödənilmir, ölən vətədanşların cənazəsi isə yalnız külli miqdarda vəsait ödənildikdən sonra geri qaytarılır. Azərbaycanın aidiyyəti qurumları, hüquq-mühafizə orqanları ortaya qəti mövqe qoymalı, əhalini İranda müayinə və müalicə adı ilə fəlakətə sürükləyənlərin əməlinin qarşısını almalı və onları məsuliyyətə cəlb etməlidirlər".