Qanunsuz tikililər sökülür?!

Qanunsuz tikililərə son verilir
Bu işi icra etmək üçün yerli icra hakimiyyətinin başçıları tərəfindən məsul şəxslər təyin olunacaq
  Prezident İlham Əliyev “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
  Yeni sənədlə bu il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur. İlkin qiymətləndirmələrə görə, 40 mindən çox sənədsiz əmlak sadələşdirilmiş formada çıxarış (kupça) ala biləcəklər. Sənədə əsasən, səmərəliliyin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər. Ekspertlərin fikrincə, bu, proseduraların şəffaflaşmasına və asanlaşdırılmasına ciddi töhfə verəcək.

  Millət vəkili Vüqar Bayramov bildirib ki, qanunvericiliyə edilən digər dəyişikliyə əsasən, yerli icra hakimiyyətinin başçıları tərəfindən qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunacaq. Deputatın sözlərinə görə, məqsəd dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsidir: "Bundan sonra, özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulması qadağan edilir. Etiraf etmək lazımdır ki, tikinti sektorunun dinamik inkişafı ilə yanaşı, bir sıra hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalara əməl olunmaması müşahidə olunur. Yeni dəyişikliklər nəzarətin gücləndirilməsi ilə yanaşı, müəyyən dövrdə qanunsuz tikilmiş və istismara yararlı qeyri-yaşayış obyektlərinin çıxarışla təmin edilməsinə səbəb olacaq. Həmçinin gələcəkdə qanunsuz tikililərin qarşısının alınmasına xidmət edəcək".