Deputat: "İnzibati cəzaların sərtləşdirilməsi müsbət addımdır"

Tikintiyə və istismara icazələrin elektron portalı üzərindən verilməsi bu prosesdə şəffaflığın təmin olunmasına yol açacaq
  "Son illər aparılan sosial-iqtisadi siyasətin uğurlu icrası ölkəmizin tikinti sektorunda böyük canlanma yaradıb, yeni, müasir tələblərə cavab verən binaların ucalmasına yol açıb". Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, yeni tikililər yaşayış məntəqələrinə xüsusi müasirlik gətirir, həm də vətəndaşların rahat yaşayışını təmin edir. Ancaq təəssüf ki, göz oxşayan tikintilərlə yanaşı qeyri-qanuni tikilmiş və insanların həyatı üçün təhlükə mənbəyi olan binalar da var: "Bəzi tikililərin icazə və normalara uyğun olmadan, kommunikasiyaların mühafizə ərazilərində tikilməsi, o cümlədən “Şəhərsalma və tikinti məcəlləsi”ndə tələblərin daha yumşaq qeyd olunması və tələblərin icrasına görə tətbiq olunan inzibati cəzaların yumşaq olması nəticəsində davam etməkdədir. Bu, həm tikililərin sənədləşdirilməsi məsələsini, həm də təhlükəsizliyə nəzarəti çətinləşdirir. Qeyd etdiyim çatışmazlıqların aradan qaldırılması üçün "Şəhərsalma və tikinti məcəlləsində" dəyişikliklər edilib. Növbəti addım olaraq, qeyri-yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması məqsədilə Prezident tərəfindən Fərman imzalanıb. Müvafiq fərmana görə, tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulub. Fərmanın icrası qeyri-yaşayış təyinatlı 40 mindən çox binanın istismara verilməsi və mülkiyyət hüququnun tanınmasına yol açacaq".
  Parlament üzvü deyib ki, sadələşdirilmiş icazə rejimi Fərmanda müəyyən edilmiş göstəricilərə cavab verən bütün qeyri-yaşayış təyinatlı tikinti obyektlərinə şamil olunur: "Sadələşdirilmiş icraat prosesindən yararlanmaq üçün ən geci 2025-ci il yanvarın 1-dək Fövqəladə Hallar Nazirliyinə müraciət edilməlidir. Eyni zamanda səmərəliliyin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər. Tikintiyə və istismara icazələrin elektron portalı üzərindən ala bilməsi bu prosesdə şəffaflığın təmin olunmasına yol açacaq. Həm də icazə almadan özbaşına tikintinin tikintisinə başlamasına görə inzibati cəzaların sərtləşdirilməsi və belə tikinti başa çatandan sonra kommunikasiyalara qoşulmasının qadağan olunması qeyri-yaşayış təyinatlı tikililəri inşa edən subyektləri düşündürəcək".