Rəisinin xanımı türkləri düşmən adlandırdı

Onlar Sasani imperiyasının dirçəlməsinə zəmin hazırlamaq amalındadırlar


 İran Prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Elmülhuda rəsmi televiziyada türklər və digər millətlər əleyhinə fikirlər səsləndirib. Elmülhuda deyib ki, tarix boyu İranın çox düşmənləri olub və onlar arasında türklər də var: "Türklər, moğollar və ərəblər İranın düşməni olsalar da, İran mədəniyyətini sıradan çıxara bilməyiblər". İran prezidentinin xanımının sözləri sosial şəbəkələrdə ciddi müzakirə edilib və narazılığa səbəb olub. 
 
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan deyib ki, Cəmilə Elmülhudanın ərinin və ali dini liderin başındakı qara əmmamə onların seyid olduğu iddiasına görədir. Yəni seyidlər Peyğəmbər nəslindəndir və peyğəmbər ərəbdir:

 "Belə çıxır ki, İran prezidentinin xanımı Peyğəmbəri, Əhli Beyti və 12 imamı da "düşmən" hesab edir. Əslində Elmülhuda demək istəyir ki, ərəblərlə ona görə düşməndirlər ki, farsları müsəlman ediblər. Ərəbləri ona görə düşmən hesab edirlər ki, 2-ci xəlifə Ömər bin Xəttab indiki İranı - fəth edib əhalini müsəlman etmişdi. O zaman İraq da Sasanilərin tərkibində idi. Fars şüubiyyəsi Firuz adlı bir agent yetişdirib xəlifəni bıçaqladaraq terror etdilər. Beləliklə, islam tarixində ilk xəlifə qatili iranlılar, farslar oldu. Xəlifəni əbədi düşmən elan etmək üçün Sasani nəslindən olan Büveyhilər dövründə rəvayətlər qondarıldı ki, guya, Peyğəmbərin qızı Həzrət Fatiməni Ömər "öldürübmüş". Həzrət Əlinin oğlu İmam Hüseynin də arvadı Şəhrəbanu sonuncu Sasani şahı 3-cü Yezdəgerdin qızıymış... Farslar hər zaman öz ata-baba dinlərinə, atəşpərəstliyə, Sasani ənənələrinə bağlı olublar. Zaman-zaman İran ərazisində müxtəlif müsəlman dövlətləri qurulub. Ancaq farslar hər zaman daxildə, batində, ürəklərində islama nifrət ediblər. İslamı, müsəlmanları içindən məhv etməyi məqsəd qoyublar. Öncə islamı təhrif edərək Peyğəmbərin Əhli Beytini qalxan, sipər edərək, istismar ediblər, onların adına minlərlə hədis, rəvayət uydurublar. Məsələn, İmamların adından uydurulan çoxsaylı hədislərdə zəncilər, kürdlər, ərəblər, türklər təhqir olunur, onların "cin nəslindən" gəldikləri iddia olunur və s. Şübhəsiz, Əhli Beyt İmamları əsla elə sözlər söyləməyiblər".
  
İlahiyyatçı vurğulayıb ki, Qəznəvilər, Səlcuqlular, Səfəvilər, Əfşarlar, Qacarlar türk əsilli idilər və İrana uzun müddət hakim olublar:

 "İndiki rejim də bunları "düşmən" adlandırır. Demək, onlar Peyğəmbərin məktubunu cıran və Yəmən valisi Bazana onu öldürməyi əmr edən Xosrovun, Yezdəgerdin, İslamdan əvvəlki Sasanilərin həsrətini çəkirlər. Elə isə adlarını niyə islam qoyublar?! Ona görə ki, üzdə müsəlman görünüb müsəlmanların içinə girib daxildən parçalamaq, dağıtmaq istəyirlər. Nəticədə isə Sasani imperiyasının dirçəlməsinə zəmin hazırlamaq amalındadırlar. Roma papası ilə məxfi danışıqların mahiyyəti, Sistani ilə Papanın bir neçə il əvvəlki görüşündə əksini tapan məsələlərdən biri də bu idi. Fransa ilə, Ermənistanla sıx əlaqələrin də burada rolu var. Hindistanla, Çinlə əlaqələrin ideoloji mahiyyəti islam düşmənçiliyidir. Arzuları İstanbulu və Qüdsü səlibçilərə qaytarmaq və bunun qarşılığında da İraq, Səudiyyə, Yəmən kimi coğrafiyaların Sasani imperiyasının tərkibi olaraq bərpasıdır. İranın apardığı siyasət həmin imperiyanın ideoloji sərhədlərinin bərpası davasıdır. Yəmən, Suriya, İraqda isə demək olar ki, qismən istəyinə nail olub. Belə bir sözün məhz qadın cinsinin dilindən deyilməsi də təsadüf deyil".