Sanksiyalar İran iqtisadiyyatını taqətdən salıb

Tehran yenidən Vaşinqtonla qapalı danışıqlara başlayıb

 "ABŞ və İran nümayəndələri Oman dövlətində qapalı danışıqlara başlayıblar. Tərəflərin bir-birilərindən tələb və istəklərini ümumiləşdirmək mümkündür". 

Bu barədə "Atlas" Araşdırımalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, ABŞ İranda həbsdə saxlanılan vətəndaşlarının sərbəst buraxılmasını istəyir: "İrandan uranın zənginləşdirilməsinin 60 faiz həndəvərində və beynəlxalq aləmin nəzarəti altında həyata keçirməsi tələb olunur. Tehrana bağlı qüvvələr Suriya və İraqda ABŞ-yə bağlı qüvvələrə qarşı təxribatlara son qoymalıdırlar. İran Rusiyaya ballistik raketlər verməməlidir. Həmçinin İran atacağı addımların qarşılığında Qərb banklarındakı maliyyə vəsaitləri üzərindən sanksiyaların götürülməsini istəyir. Tehran ABŞ-nin ümumilikdə İrana qarşı iqtisadi sanksiyaların yumşalmasını da tələb edir". 
  
Ekspert vurğulayıb ki, danışıqlarda daha çox Tehran maraqlıdır: 

"Sanksiyalar İran iqtisadiyyatını taqətdən salıb. Tehran yenidən Vaşinqtonla nüvə anlaşmasının imzalanmasına çalışır. ABŞ Prezidenti Co Bayden də Ağ Evin keçmiş sahibi Barak Obamanın dövründə olduğu kimi Tehranla saziş imzalamağa həvəs göstərir. Ancaq Baydenin qarşısında iki güc var. ABŞ-dəki sağ mühafizəkar dairələr və Vaşinqtonun strateji müttəfiqi olan İsrail İranla istənilən razılaşmanın imzalanmasının əleyhinədirlər. Çünki Tehran nüvə anlaşması imzaladıqdan sonra uranın zənginləşdirilməsindən imtina edə bilər. Ancaq bölgədəki terrorçu qrupları maliyyələşdirməkdən və silahlandırmaqdan imtina etməyəcək. Bu isə ABŞ-nin bölgədəki müttəfiqlərinə, o cümlədən İsrailə təhdid yaradır".