Bu addımların məqsədi din-dövlət münasibətlərinin tənzimlənməsinə xidmət edir

Burada qərəzli heç nə yoxdur


“Din xadimləri daim barışdırıcı mövqedən çıxış etməli, sülh tərəfdarı olmalıdır. Radikal addımlar atmamalı, dini zəmində ayrı-seçkiliyə yol verməməlidir”

  
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda bir sıra məqamlara toxunub. G.İsmayılovun sözlərinə görə, son bir il ərzində din xadimləri üzrə 169 təyinat olub və 181 din xadiminin fəaliyyətinə xitam verilib. Komitə rəsmisi 7 dini qurumun ləğv edildiyini deyib. Son 3 il ərzində nəşrinə icazə verilən və verilməyən dini ədəbiyyatların statistikası da açıqlanıb. G.İsmayılov məlumat verib ki, 2021-ci ildə nəşrinə icazə verilən dini ədəbiyyatın sayı 244 olub, 16-sının isə nəşrinə icazə verilməyib.

Son illər dini sahədə aparılan dəyişiklikləri dəyərləndirən ilahiyyatçı 

Hacı Atif İsmayılov "Sherg.az"a bildirib ki, bu sferada həyata keçirilən tədbirlər, görülən işlər öz müsbət bəhrəsini verməkdədir.

 Ekspert vurğulayıb ki, "Dini etiqad haqqında" qanuna edilən dəyişikliklərdən sonra dini maariflənmə işlərinin aparılması, din xadimlərinin təyinatı, ekspertiziya işləri birbaşa qanunvericilik əsasında tənzimlənir: 

"Təbii olaraq, qanunun tələblərinə cavab verməyən din xadimlərinin fəaliyyətinə son qoyulması, dini nəşrlərə qadağalar gətirilməsi, icmaların ləğv edilməsi mütləqdir və qanunvericiliyin tələbidir. Bəzi din xadimlərinin vəzifələrindən azad edilməsi diqqət çəkən məqam olsa da, bunun başlıca səbəbi odur ki, həmin şəxslərin bu sahədə heç bir təhsili yoxdur. Yəni dini təhsili olmadığı halda bu sahədə fəaliyyət göstərənlərdir. Yeni qanuna görə, bu fəaliyyəti icra edəcək şəxslərin orta və ali dini təhsili olmalıdır. Orta və ali dini təhsil sahibi şəxslərin məscidlərdə dini ayinlərin icrasını həyata keçirməsinə heç bir qadağa, məhdudiyyət yoxdur. Sadəcə olaraq qanunvericiliyin tələblərinə uyğun olmayan axund, din xadimi uzaqlaşdırılır ki, burada da qərəzli heç nə yoxdur. Atılan addımların məqsədi din-dövlət münasibətlərinin tənzimlənməsinə xidmət edir. Eyni zamanda dini sahədə daha uğurlu nəticələrə nail olmaqdır".

İlahiyyatçı vurğulayıb ki, dindən xəbərsiz olan qeyri-peşəkarların dini fəaliyyətlə məşğul olunmasının qarşısı mütləq alınmalıdır: 

"Din xadimlərinin cəmiyyətdəki davranışı mühüm rol oynayır. Din xadimləri daim barışdırıcı mövqedən çıxış etməli, sülh tərəfdarı olmalıdır. Radikal addımlar atmamalı, dini zəmində ayrı-seçkiliyə yol verməməlidir. Ekspertlərin önə çəkdiyi məsələlərdən biri odur ki, əlbəttə, dini müstəvidə hər hansı fərqli baxış bucağının, fikir müxtəlifliyinin olması təbiidir. Amma radikal yönlü aqressiv və düşməncə davranışların, həmçinin bu tipli ədəbiyyatların meydana çıxması yolverilməzdir. Çünki bunlar müsəlmanlar arasında qarşıdurmaya, vəhdətin və əmin-amanlığın pozulmasına gətirib çıxarır".