Din həssas mövzudur, media diqqətli olmalıdır

Ekspertlər hesab edir ki, bu sahədən yazan jurnalistlərin elementar biliklərinin olması şərtdir


 Din mənəvi istinad nöqtəsi olmaqla yanaşı, mədəniyyətlərarası münasibətlər, qloballaşma və təhlükəsizlik baxımından da strateji əhəmiyyətə malikdir. Xüsusilə XX əsrin sonlarından etibarən beynəlxalq aləmdə din güclü ideoloji təsirə malik olan amilə çevrilib. Bir çox ölkələrdə ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi, sabitliyin pozulması, siyasi proseslərin təhlükəli məcralara yönləndirilməsi məqsədilə dindən ideoloji vasitə kimi istifadə edilməsi tendensiyası formalaşıb. 

Dini cəhətdən həssas kütlələrin istismarı, eləcə də onlara radikal və ekstremist fikirlərin təlqini nəticəsində dünya birliyi dini təhlükəsizlik fenomeni ilə üz-üzə qalıb. Hazırda əksər ölkələrin milli təhlükəsizliyinin təmin olunmasına birbaşa təsir edən dini təhlükəsizlik məsələsi günümüzün ən aktual problemlərindən biridir. Dini təhlükəsizlik problemi özünü bir çox sahələrdə, əsasən ictimai-siyasi proseslərdə açıq şəkildə göstərməkdədir. Dini radikalizm və ekstremizm meyilləri, məzhəbçilik, dinin siyasiləşdirilməsi, dünyəviliyə qarşı çağırışlar, ölkələrin konstitusion quruluşunun zorla dəyişdirilməsinə cəhdlər ölkələrin milli təhlükəsizliyinin təminatına ciddi təhdidlər yaratmaqdadır. Şübhəsiz, dünyada qlobal təhlükəsizliyin təmin edilməsi üçün dini təhlükəsizliyin bərqərar olması olduqca vacibdir. 

"Azərbaycanda dini təhlükəsizliyin təmin edilməsi istiqamətində sistemli tədbirlər görülür"

  Azərbaycanda dini təhlükəsizliyin təmin edilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görülməkdədir. Ümumən, Azərbaycanda milli zəmində hər hansı ciddi problem yaşanmayıb, hansısa xalqın nümayəndəsinə qarşı ayrı-seçkiliyə yol verilməyib. Bütün millətlərin, etnik qrupların dini inancları, siyasi və mədəni hüquqları yüksək səviyyədə qorunub. Vətəndaşların vicdan azadlığı Konstitusiyamızda əsas insan hüquq və azadlıqlarından biri kimi təsbit olunub. Dini etiqad və vicdan azadlığı tam təmin edilib. İbadət ocaqlarına, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına əlverişli şərait yaradılıb, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyulub. Bu gün bütün beynəlxalq qurumlar, dövlətlər Azərbaycanı tolerantlığa nümunə adlandırırlar. Azərbaycanda müsəlmanlarla yanaşı xristianlar, yəhudilər və başqa dinlərin, məzhəblərin nümayəndələri çox normal tolerant münasibətlə yanaşı yaşamaqdadırlar. Ümummilli Lider Heydər Əliyev də çıxışlarının birində bu məsələyə toxunmuşdu: "Azərbaycan çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”. Ölkəmizdə multikultural mühit hətta elə bir inkişaf səviyyəsinə çatıb ki, fərqli məzhəblərin nümayəndələri də bir-biri ilə son dərəcə isti və mehriban münasibətdədirlər. Məsələn, dünyanın ən böyük və ən gözəl məscidlərindən biri olan Heydər məscidində fərqli məzhəb nümayəndələri birlikdə vəhdət namazı qılırla
"Azərbaycan bu sahədə dünyaya nümunə göstərilir"


  Azərbaycanda dini sahə ilə bağlı atılan addımlar nəinki ölkə daxilində, beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Respublikada "Multikulturalizm İli", "İslam Həmrəyliyi İli" elan edilib, İslam Həmrəyliyi Oyunları keçirilib. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərindən biri də məhz müsəlman dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq, əməkdaşlığı genişləndirməkdir ki, buna da tədricən uğurla nail olunduğunun şahidiyik. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk olaraq İslam Konfransı Təşkilatına üzv olub, müsəlman dövlətləri ilə diplomatik əlaqələr qurub. İslam dünyasının bir parçası olaraq milli-mənəvi dəyərlərini və xalqımıza məxsus xüsusiyyətləri qoruyub saxlayıb. Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlər də məhz müsəlman dövlətləri olublar. Bu gün Azərbaycan bütün müsəlman dövlətləri ilə qarşılıqlı hüquq normalarına əsaslanan diplomatik münasibətlər qurub. Bundan başqa Azərbaycan Avropa Şurasının, ATƏT-in, UNESCO-nun üzvü olmaqla bərabər, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların da üzvüdür. Müsəlman ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə Azərbaycanı dünyanın lider dövlətinə çevirən, hazırda ölkə başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsi, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.

"Sosial şəbəkələrin populyarlaşması qarşıya müəyyən problemlər çıxarır"

  Milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviqində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşür. Jurnalistlər dinin düzgün təbliğində, dini radikalizmlə mübarizədə fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqe nümayiş etdirməlidirlər. Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb. Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Azərbaycanda müstəqillik dövründən bəri işıq üzü görən dövlət və müstəqil media orqanlarında təcrübə və peşəkarlığın yüksək səviyyədə olması nöqteyi-nəzərindən əsasən dini mövzularla bağlı ciddi çətinlik yaşanmır. Azərbaycandakı ənənəvi KİV-də ictimai nəzarəti təmin edən qurumların mövcud olması, aparıcı media qurumlarının fəaliyyətində dini məsələlərə yanaşmada həssaslığın qorunub saxlanması burada xüsusi rol oynayır. Buna baxmayaraq, son illərdə internet medianın sürətlə genişlənməsi, sosial şəbəkələrin populyarlaşması bu sahədə qarşıya müəyyən çətinliklər çıxarır. Bəzən dini dəyərlərin yanlış təbliği, fərqinə varmadan radikal təmayüllü cərəyanların mövqeyinin tirajlanması, həmçinin dinə və ya adət-ənənələrə qarşı hörmətsizlik hallarının baş verməsi insanlarda ciddi narahatlıq yaradır. Bəzi media orqanlarında bu sahədə daha çox rast gəlinən nöqsanlardan biri dindar təbəqəni qıcıqlandıracaq ifadələrin işlədilməsidir. Bu kimi halların qarşısını almaq üçün müxtəlif tədbirlərdə çoxsaylı təkliflər səslənsə də, yeni mediada belə problemlərin yaranmaması üçün ən optimal yolun maarifləndirmə olmasını tam əminliklə demək mümkündür. Buna görə də Azərbaycanda din və media əlaqələrinin düzgün qurulması üçün mütəmadi olaraq din və cəmiyyət, din və dövlət münasibətlərinin müzakirə edildiyi və maarifləndirmə məqsədi daşıyan tədbirlərin keçirilməsinin əhəmiyyəti də böyükdür. 

"Dini ideoloji təhlükəsizlikdə media böyük rol oynayır"

  Dini sahənin mediada işıqlandırılması ilə bağlı ekspertlər tərəfindən səsləndirilən fikir və təkliflər çox müxtəlifdir. Bəzi ekspertlər təklif edirlər ki, dini sahədən ixtisaslaşmış jurnalistlərin yazması daha məqsədəuyğundur. Digər tövsiyə ondan ibarətdir ki, bu sahədən yazan jurnalistin dini bilikləri, dinlərlə bağlı məlumatı olmalı, həm də mövcud dini şəraiti bilməlidir. Ümumi olaraq hər kəs tərəfindən məqbul hesab edilən təkliflər də var: - media orqanları hər kəsin dini inancına hörmət etməli, jurnalistlər dini dözümsüzlük, məzhəb ayrı-seçkiliyi yarada bilən, Azərbaycanda milli birliyə, dini tolerantlığa xələl gətirən söz və ifadələrdən çəkinməlidirlər. Eyni zamanda dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən mövzuya həssaslıqla yanaşmalı, dindən sui-istifadə, dini siyasiləşdirmə cəhdlərinin qarşısını almağa çalışmalıdırlar. Dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalıdırlar. Yəni dini sahədə ideoloji problemləri həll etmək üçün dövlət qurumları ilə yanaşı, jurnalistlər də öz töhfələrini verməlidirlər. Təbii ki, dini mövzudan yazan jurnalistin ilahiyyatçı olmasına gərək yoxdur. Elementar bilikləri olsa, yetərlidir. Çünki din həssas mövzudur, son illərin təcrübəsi də göstərdi ki, dünyada buna görə böyük qarmaqarışıqlıqlar, etirazlar baş verib. Digər tərəfdən, ekspert və ilahiyyatçıları da seçərkən diqqət etmək lazımdır. Marginal, qeyri-leqal dini icmaların təmsilçilərinə mətbuatda yer vermək olmaz. Çünki bu zaman dini dözümsüzlük və qarşıdurma yarana bilər. Bir məqamı da nəzərə alaq ki, dini dözümsüzlük əsasən xaricdən idarə olunan dini saytlar, xəbər portalları tərəfindən nümayiş etdirilir. Bu isə onu deməyə əsas verir ki, həmin dini qruplar Azərbaycanda medianın dini məsələlərə sağlam yanaşmasını gördükləri üçün buna alternativ kimi xaricdən idarə olunan media formalaşdırmağa çalışırlar. 

"Dini mövzularda yazılan yazılarda bəzən naqislikləri müşahidə edirik"

  Araşdırmaçı-jurnalist, dini yazar Kənan Rövşənoğlu da bildirib ki, istənilən mövzuda yazan jurnalistin o sahədə elementar biliklərinin olması mütləqdir. Lakin yazarın sözlərinə görə, bütün sahələr üzrə ixtisaslaşma aparmaq da mümkün deyil: "Çünki bunun üçün medianın geniş imkanları olmalıdır, bu isə yoxdur. İndiki halda, xüsusən də dini mövzuların həssaslığını nəzərə alaraq bu sahədə yazanların elementar biliklərinin olması şərtdir. Yəni ən azı adi dini terminlər, dinlər, məzhəblər arasında fərqlər və s. barədə məlumatlı olmalıdır. Doğrudur, bir qayda olaraq jurnalistlər sahə ekspertlərinə müraciət edir, lakin yenə də bəzən ümumi nəzəri biliklərin olmaması yazılarda problemə səbəb olur. Konkret indiki situasiyada biz dini mövzularda yazılan yazılarda bəzən naqislikləri müşahidə edirik. Lakin fikrimcə, burada günah jurnalistlərdə də deyil. Bir çox hallarda məqsədli yanıltma, yönləndirmə olur və ya redaktorlar mövzunu qoyduğu formada yazılar tələb edir. Digər tərəfdən, situasiyanın diktəsi ilə meydana gətirilən yazılarda neqativlərə rast gəlinir. Bu da dediyim kimi, birbaşa jurnalistlərlə bağlı məsələ deyil".
 
Məqalə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.