Tikinti dələduzları - Kimdir günahkar?

Lakin Tikinti Məcəlləsinə edilən dəyişikliklər mənzil fırıldaqçılarının müəyyən qədər qarşısını alır
“Nə qədər stress, həyəcan keçirsə də, hüquqlarının bərpasına illər sərf olunsa da, sonda vətəndaşın hüququ bərpa edilir. Avropa Məhkəməsində də, vurğulandığı kimi, ən çox baxılan işlər məhz mülki məsələlərdir”
  Qeyri-rəsmi məlumatlara görə, bir mənzilin bir neçə şəxsə satılması cinayətinin qurbanı olan şəxslərin sayı 5250 nəfərdir. Bu barədə Sosial Tədqiqatlar Mərkəzində keçirilən "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həll yolları" mövzusunda tədbirdə bildirilib. Tədbir Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi, Mediasiya Şurası və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Konfransda çıxışı zamanı deputat Zahid Oruc bildirib ki, hər vətəndaşın minimum 4 nəfərlik ailə tərkibinə malik olduğu nəzərə alınarsa, mənzil fırıldaqçılığı zamanı onların məruz qaldığı stress və maliyyə itkiləri hökumətdən bu sahədə təsirli tədbirlər görməyi tələb edir. “Onu deyək ki, Azərbaycandan Avropa Məhkəməsinə müraciətlərin 90 faizə qədəri mülkiyyət hüquqları ilə bağlıdır”, söyləyən Z.Oruc 2020-ci ildən sonra pandemiya, daha sonra Rusiya-Ukrayna müharibəsinin tikinti sektoruna mənfi təsir etdiyini də bildirib. Millət vəkili vurğulayıb ki, son bir ildə mənzillərin əksəriyyəti kreditlə satılır: “Bura həm ipoteka krediti, həm də bank daxili kreditlər aiddir. Böyük şirkətlər uzun illərdir ki, kreditlə evlər satırlar. Beləliklə, tikinti şirkətləri ilə hüquqi problemlər yaranan kimi, bank sektoru ilə birgə zəncirvari reaksiya işə düşür və iqtisadiyyatın bir neçə seqmenti o sindroma yoluxur”.
  Məsələ ilə bağlı “Sherg.az"a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirdi ki, bir mənzilin bir neçə nəfərə satılması halları əvvəlki illərdə daha çox olub:
"Tikinti dələduzlarının vəziyyətdən sui-istifadə halları əvvəllər çox idi. Lakin Tikinti Məcəlləsinə edilən dəyişikliklər mənzil fırıldaqçılarının müəyyən qədər qarşısını alır. Belə hallar ən çox ona görə baş verir ki, MTK-ların bir neçə şəriki olur, onlar da ayrı-ayrılıqda gəlir əldə etmək üçün mənzilləri fərqli-fərqli şəxslərə satırlar. Hər şərikin özünün "qara mühasibatlığı” var. Səlahiyyətlərindən istifadə edib özgə əmlakının mənimsənilməsinə yol verirlər. Vətəndaşların hüquqi savadsızlığı da aldatmaya səbəb olur. Bilirsiz ki, Respublika Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tikinti şirkətləri ilə bağlı çoxsaylı cinayət işləri qaldırıb. Sizə deyim ki, vətəndaşlara dəymiş ziyanın ödənməsinə 80 faiz nail olunur. Doğrudur, dəymiş ziyanın ödənməməsi halları da var. Amma burada bəzən vətəndaşlar da günahkardır. MTK-larla vətəndaş arasında müqavilə imzalanmalıdır. Həmin müqavilədə tikinti və mənzillə bağlı bütün şərtlər qeyd edilməlidir. Amma bəzən vətəndaşlar müqaviləni imzalayarkən onun şərtlərinə baxmır, diqqətli yanaşmır. 


Hətta alqı-satqı müqaviləsi imzalanmamış mənzil alanlar da olur. Elələri var ki, alqı-satqını notariat vasitəsilə sənədləşdirmir, təsdiqlətmir. Ona görə ki, rəsmi şəkildə təsdiqləndikdə, rüsum ödəməli olacaq. Sonra məlum olanda ki, mənzilin bir yox, bir neçə sahibi var, bilmirlər hara müraciət etsinlər. Yenə də hüquqi prosedurları bilməməkləri ödədikləri vəsaiti geri almaqda əngəl olur. Əslində isə vətəndaş da, şirkət sahibi də bütün işlərin hüquqi sənədlərlə aparılmasında maraqlı olmalıdır, çünki bu, onun gələcəyinin təminatıdır. Şirkət rəhbərinin inşa etdiyi obyekti Dövlət Reyestri Xidmətində qeydiyyata aldırması ona daşınmaz əmlak üzərində təminat hüququ verir. Həmçinin vətəndaş da almaq istədiyi və ya tikintisinin başa çatmasını gözlədiyi mənzili əvvəlcədən notariat qaydada rəsmiləşdirməklə, sabah baş verə biləcək hər hansı hadisədən özünü sığortalamış olacaq. Vətəndaş müqavilələrin, sənədlərin təsdiqini notarial qaydada tələb etsə və bu sahədə qanunvericiliyə əməl edilsə, mənzil fırıldaqçılarından yaxa qurtara bilərik".
  Ə.Nuriyev qeyd etdi ki, vətəndaşın üstünlüyü bundadır ki, mülkiyyət hüququ toxunulmazdır. Ona bu hüququ ölkə Konstitusiyası verir. Yəni nə qədər stress, həyəcan keçirsə də, hüquqlarının bərpasına illər sərf olunsa da, sonda vətəndaşın hüququ bərpa edilir. Avropa Məhkəməsində də, vurğulandığı kimi ən çox baxılan işlər məhz mülki məsələlərdir. Ona görə də vətəndaşlar hüquqlarını müdafiə etməkdən əl çəkməsinlər. Qanuni hüquqları çatan mənzili əldə etməyə səy göstərsinlər.