Sahib Məmmədov: "ICCIA-ya üzv ölkələrlə əməkdaşlığın genişləndirilməsinə ehtiyac var"

Müsəlman ölkələrin potensialını nəzərə alaraq, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına (ICCIA) üzv olan ölkələrlə əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var.

"Report" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Bakıda keçirilən Direktorlar Şurasının 35-ci iclasında bildirib.

"Ötən illər ərzində ICCIA -ya üzv olan ölkələrlə münasibətlərimiz daha da möhkəmlənib. Ümumiyyətlə, müsəlman ölkələrin Azərbaycana marağı artır. Azərbaycanın coğrafi mövqeyi bir sıra potensialların reallaşdırılmasıma imkan verir", - S. Məmmədov qeyd edib.

Nazir müavini bildirib ki, ölkədə sosial-iqtisadi inkişafla bağlı bir çox nailiyyətlərə imza atılacaq: "Sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi üçün kifayət qədər əlverişli mexanizmlər var. İnvestisiyaların ölkəyə cəlbi üçün əlverişli mühit yaradılıb. Biz də biznes mühitin genişləndirilməsi sahəsində səylərimizi əsirgəmirik".

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanın ixrac potensialı 5-6 dəfə artıb.