ASK: "Yerli istehsalın 60 %-i xaricdən alınan xammala əsaslanır"

Azərbaycanda istehsal olunan məhsulların 60 %-i xaricdən alınan xammala əsaslanır.

"Report" xəbər verir ki, bunu “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi”nin sadələşdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən son dəyişikliklərlə bağlı İqtisadiyyat Nazirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə sahibkarlar üçün keçirilən görüşdə ASK-nın vitse-prezidenti Vüqar Zeynalov deyib.

O bildirib ki, malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı yeniliklər ixracda Azərbaycan məhsullarının rəqabətə davamlı olmasına imkan verəcək: "Bu, həmçinin depozit tələbinin ləğv olunması sahibkarların dövriyyə vəsaiti ilə bağlı müəyyən çətinliklərini aradan qaldıracaq”.

Görüşdə Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisinin müavini Rauf Məmmədov, İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Elxan Şiriyev də iştirak ediblər.

R.Məmmədov “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” ilə bağlı prosedurların sadələşdirilməsi və hazırda tələb olunan qaydalarla bağlı sahibkarlara məlumat verib. O, sahibkarları “şəxsi kabinet”dən aktiv istifadə etməyə çağıraraq, proseslərin daha da rahatlaşdırılması üçün göndərilən sorğulara cavab vermələrini xahiş edib.

“Dövlət Gömrük Komitəsi sahibkarlara partnyor kimi yanaşır. Biz gömrük əməkdaşlarının sahibkarlarla davranışına belə ciddi nəzarət edirik”, - deyə R.Məmmədov bildirib.

E. Şiriyev “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda edilmiş son dəyişikliklərin və ümumilikdə bu mexanizmin emal və xidmət sektorunun inkişafı, xüsusilə də ixrac fəaliyyətinin genişləndirilməsi üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. O, qeyd edib ki, hazırda əsas məqsəd ölkədə bu mexanizmdən istifadə edən sahibkarların dairəsinin genişləndirilməsi ilə məhsul ixracının artırılması, ölkənin qeyri-neft sektorunda istehsal, emal və xidmət sahələrinin inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılmasıdır.