Gözəllik salonları bağlanır: 60 min qadın işsiz qalacaq

Taliban administrasiyasının Əfqanıstanda gözəllik salonlarının bağlanması üçün verdiyi müddət başa çatıb. Bu salonların bağlanması ilə on minlərlə qadının işsiz qalacağı vurğulanır.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, gözəllik salonlarına verilən vaxtın bitməsi ilə mağazalar da bağlanıb.

Belə mağazaların sayının 12 minə çatdığı bildirilir. 60 mindən çox qadının işsiz olduğu təxmin edilir.

2021-ci ildə hakimiyyəti ələ keçirən Taliban daha əvvəl qadınların cəmiyyətdəki rolunu məhdudlaşdırmaq üçün addımlar atmışdı.

Qadınlar başlarını örtməli və qapalı paltar geyinməli idilər.

Əfqan qadınlarına BMT və qeyri-hökumət təşkilatlarında işləmək də qadağan edilib. Dövlət idarələrində çalışan qadınlar da ixtisara salınıb.


Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının ötən həftə açıqladığı hesabata görə, Əfqanıstan qadın hüquqları ilə bağlı ən pis ölkələrdən biridir.

BMT-nin məlumatına görə, Talibanın hakimiyyətdə olduğu 22 ay ərzində ölkədə gender bərabərliyi daha da pisləşib.

Turan