Heç bir məcburiyyət olmamalıdır

Görək bizdə qanun necə işləyəcək

“Belə anlaşılır ki, istənilən şəxs yararsız saydığı avtomobilini utilizasiyaya verə biləcək. Dünyada qəbul edilən yararsızlıq meyarı isə avtomobilin texniki baxışdan keçə bilməməsidir”

Utilizasiyaya verilən avtomobilə görə güzəşt və birdəfəlik ödəniş tətbiq olunacaq.

Prezident İlham Əliyev bununla bağlı "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanuna əsasən, utilizasiyaya verilən hər nəqliyyat vasitəsinə görə utilizatorlar tərəfindən yalnız bir təsdiqedici sənəd verilir və güzəştin tətbiqi satın alınacaq yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin kateqoriyası üzrə məhdudlaşdırılmır.
  
Təsdiqedici sənəd verildiyi gündən üç il müddətində qüvvədə olmaqla, yalnız bir dəfə istifadə üçün nəzərdə tutulur. Təsdiqedici sənəd adsızdır və başqa şəxs tərəfindən də istifadə edilə bilər.
  
Hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov isə “Sherg.az”a açıqlamasında deyib ki, yeni qərarla nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı “İstehsalat və məişət tullantıları haqqında” və “Yol hərəkəti haqqında” qanunlara, habelə İXM-yə və Gömrük Məcəlləsinə edilən dəyişikliklər rəsmi təsdiq olunub. Həmin dəyişikliklərin bir qismi (əsasən utilizasiya fondunun yaradılması və utilizasiya haqlarının yığılmasına dair normalar) 1 fevral 2024-cü, digər qismi (utilizasiya prosesinin özü) isə 1 sentyabr 2024-cü ildən qüvvəyə minəcək.
  Dəyişikliklərin məzmununa gəldikdə isə ekspert deyib ki, utilizasiya tam könüllü olacaq, ona görə də utilizasiya ilə bağlı avtomobil sahibləri barəsində hər hansı cərimə nəzərdə tutulmur. Utilizasiya ilə bağlı İXM-yə əlavə edilən cərimələr yalnız utilizasiyanı həyata keçirən subyektlərə, bir də yerli istehsal avtomobilləri satan avtosalonlara aiddir: “Eyni zamanda utilizasiya fondu yaradılacaq. Həmin fonda daxil olacaq vəsaitlərdən biri də avtomobil sahiblərindən alınan utilizasiya haqqı olacaq. Utilizasiya haqqı istehsal ili 4 il və daha artıq olan nəqliyyat vasitələrinə görə ödəniləcək. Məbləğlər barədə hələlik konkret rəqəm yoxdur, utilizasiya haqqının məbləğini və ödənilmə dövriliyini Nazirlər Kabineti müəyyən edəcək. Yaşı 4-dən artıq olan nəqliyyat vasitələri ölkəyə gətiriləndə utilizasiya haqqını rəsmiləşdirmə zamanı gömrük orqanı toplayacaq. Ölkədə olan və yaşı 4-dən artıq nəqliyyat vasitələri üçün utilizasiya haqqı isə dövri texniki baxış zamanı toplanacaq”.
  Ə.Hüseynovun sözlərinə görə, nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə təsdiqedici sənəd veriləcək və həmin sənəddə yerli istehsal olan yeni avtomobil almaq üçün güzəşt məbləği müəyyən ediləcək: “Kimsə yerli avtomobil almaq istəməsə, ona bu güzəşt əvəzində daha az həcmdə birdəfəlik ödəniş veriləcək. Təsdiqedici sənəd 3 il qüvvədə olacaq. Utilizasiya operatoru “Təmiz şəhər” ASC olsa da, utilizasiya ilə bilavasitə utilizatorlar, yəni bunun üçün texniki və başqa imkanı olan hüquqi və fiziki şəxslər məşğul olacaq. Utilizasiyaya verilməli olan avtomobillər üçün heç bir meyar, yəni marka, istehsal ili və s. nəzərdə tutulmur. Belə anlaşılır ki, istənilən şəxs yararsız saydığı avtomobilini utilizasiyaya verə biləcək. Dünyada qəbul edilən yararsızlıq meyarı isə avtomobilin texniki baxışdan keçə bilməməsidir. Lakin heç bir məcburilik nəzərdə tutulmur. Görək bizdə bu necə işləyəcək”.