İntiharın səbəbi nədir?  - Psixoloq

İntihara əl atanlar qələbəlik olan yerləri seçir

Belə adamlar panikatak, təşviş pozuntusu, ailədaxili problemlərdən və maddi sıxıntılardan əziyyət çəkənlərdir


  Xırdalanda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib. Hadisə Bakı-Sumqayıt yolunda, Xırdalan qəbiristanlığının qarşısındakı yerüstü piyada keçidində qeydə alınıb. Gənc oğlan keçidin üstünə çıxaraq özünü atmaq istəyib.
  Polis əməkdaşlarının və FHN xilasedicilərinin apardığı danışaqlardan sonra gənc oğlanı intihar etmək niyyətindən daşındırmaq mümkün olub. O, polisə aparılıb. 
  FHN-nin Mətbuat xidmətindən “Sherg.az" verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub. 
  Məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
  Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.
FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırılıb.
  Ekspertlər isə hesab edir ki, bu cür ictimai yerlərdə intihara cəhdin olması insanların diqqətini problemlərin həllinə yönəltməkdir. Problemdən çıxış yolu kimi mütəxəssislər körpü və  piyada keçidlərinə nəzarətin artırılmasını təklif edir.
  Psixoloq  Sənubər Yusifovanın  sözlərinə görə, insanların gözü qarşısında körpüyə çıxıb intihara cəhd etmək bir növ nümayişkaranəlik yaradır. O, “Sherg.az"a açıqlamasında deyib ki, insanların, maşınların çox olduğu yerlərdə intihara cəhd zamanı həm özünə qəsddən, həm də özünü isbatdan söhbət gedir ki, bu da şüurda olan mənfi təzahürlərin nəticəsidir. Yəni intiharı qarşısına məqsəd qoyan elə adam var ki, ölümünün cəmiyyətdə rezonans doğurmasını istəyir. 
  Müşahidələr  göstərir ki, intihara cəhd hallarına  daha çox dənizkənarı parkda, körpüdə və ətrafında qələbəlik olan hündürmərtəbəli binalarda rast gəlinir. Həyatını yaşayıb, özünü təsdiq etməyənlər ölümlə özünü sübut etməyə çalışır.
  Psixoloqun sözlərinə görə, son vaxtlar intiharların artma səbəbi isə gələcəklə bağlı narahatlıq, panikatak, təşviş pozuntusu, sosial şəbəkədə gördükləri problemlər, ailədaxili münasibətlərin korlanması və maddi sıxıntılar ola bilir: “Hadisəni dramatikləşdirmək, daha çox diqqət toplamaq üçün ictimai yerlərdə intihara üstünlük verirlər. Bu da digər insanlara, xüsusilə psixoloji durumu zəif olanlara təsir edir. Özgüvəni olmayan, özünü təsdiq etməyə ehtiyacı olanlar özünü təsdiq etməyin tək çıxış yolunun intihar olduğunu görürlər. Onlar düşünürlər ki, yaşadığı zaman heç kəs onları görmədi, heç kəs onları ciddiyə almadı, öləndən sonra göstərmək istəyirlər ki, onlar güclüdürlər və buna görə də intihar edirlər”.