İcbari Tibbi Sığortada növbəlilik PROBLEMİ  - Professor

Ölkə əhalisinin 34 faizi icbari tibbi sığortadan yararlanıb

Adil Qeybulla: “Növbəlilik sistemi düzgün təşkil olunmadığı üçün  narazı qalan vətəndaşlar da olur, problemlər zamanla öz həllini tapacaq”

  Bu ilin ilk 6 ayı ərzində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə 3,3 milyon şəxs 11 milyona yaxın müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 34 faizi icbari tibbi sığortadan yararlanıb. Bu barədə  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 32 milyon 157 min 216 olub. Tibbi xidmətlərin 85 faizi ambulator, 15 faizi stasionar şəraitdə göstərilib. Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində 104 tibb müəssisəsinin olduğunu nəzərə alaraq həmin müddət ərzində göstərilən tibbi xidmətlərin böyük hissəsi mərkəzin payına düşür.
  Ən çox müraciət edilən xəstəliklər sırasında isə ilk yerdə ümumi tibbi müayinə, tənəffüs, endokrin, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir.
  TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Cari ilin yanvar-iyun aylarında vətəndaşlara 142 min 166 göndəriş verilib.
Qeyd edək ki, icbari tibbi sığorta ilə bağlı cəmiyyətdə  ciddi narazılıqlar var. Vətəndaşların iddiasına görə,  çox zaman xəstəxanalar və həkimlər icbari tibbi sığortadan istifadə edən xəstələri get-gələ salır. Cox zaman deyirlər ki, bu xəstəliyin müayinəsi icbari tibbi sığortaya aid deyil. Xəstənin xidmətlərdən istifadə etməsi bir çox hallarda həkimlər tərəfindən əngəllənir. Bir sözlə, insanların icbari tibbi sığortadan istifadəsinə bəzi xəstəxanalarda bəzi həkimlər maneçilik törədir. Yəni vətəndaşın əsas narazılığı həkimlərə yönəlib ki, onlar icbari tibbi sığortadan istifadəyə normal yanaşmırlar.
  Professor Adil Qeybulla isə “Sherg.az"a açıqlamasında bildirib ki, İcbari Tibbi Sığorta səhiyyə xidmətinin mühüm bir növüdür:

“İcbari tibbi sığorta sosial müdafiənin, eləcə də Qərb standartlarının mühüm bir hissəsidir. Bu sistem ölkəmizdə hələ yeni-yeni tətbiq edildiyi üçün çatışmazlıqlar da var. Bu gün İcbari Tibbi Sığorta xidmətindən yararlanan xeyli sayda vətəndaş var. Müraciət edən ürək xəstələrinin hər birinə pulsuz əməliyyat edilir. Mürəkkəb neyrocərrahi əməliyyatlar, karlıqlarda süni sinir aparatının yerləşdirilməsi, oynaq qoyulması  kimi bahalı əməliyyatlar pulsuz icra edilir.  Bütün bunlar hamısı təqdirlayiq haldır. Düzdür, növbəlilik sistemi düzgün təşkil olunmadığı üçün  narazı qalan vətəndaşlar da olur. Bu isə elə bir  ciddi məsələ deyil, həll etmək olar. Əsas İTS-nin ona  ayrılan vəsaitə uyğun tətbiqi  və dünya standartlarına uyğunlaşdırılmasıdır. Qalan problemlər zamanla öz həllini tapacaq”.