Özəl pensiya fondunun yaradılması fayda verə bilər  - Azər Badamov

Sadəcə, elə şərtlər təklif etməlidir ki, bu, vətəndaş üçün maraqlı olsun

  
Azərbaycanda özəl pensiya Fondunun yaranması ilə bağlı müzakirələr yenidən  aktuallaşıb. Amma bununla bağlı ekspert rəyləri  birmənalı deyil.

Mütəxəssislərin fikrincə, Azərbaycanda özəl pensiya fondu yaradılsa belə, hazırkı  iqtisadi şərtlər daxilində özünü doğrultmayacaq. Bu fondlar iqtisadi şəraiti  yüksək olan ölkələrdə uğurla fəaliyyət göstərir. 
  
Qeyd edək ki, özəl pensiya fondunun yaradılması üçün normativ hüquqi sənədlərin hazırlanması istiqamətində  real işlər görülür. Hökumətdə müzakirələr yekunlaşandan sonra sənəd Milli Məclisə təqdim olunacaq.
 
 Millət vəkili Azər Badamov isə  “Sherg.az”a açıqlamasında  deyib ki, özəl pensiya fondları ölkəmiz üçün yenilik olsa da, dünya təcrübəsində bu fondlar çoxdan fəaliyyət göstərir və özünü doğruldub: 

“Ölkəmizdə də bu təcrübə tətbiq olunarsa, əhəmiyyətli olacağını hesab edirəm. Çünki özəl pensiya fondlarının yaradılması pensiya kapitalının yığılmasında rəqabət mühiti yaradacaq. Burada narahatedici yeganə məqam yaradılacaq özəl pensiya fondunun etibarlılıq səviyyəsinin necə olacağı ilə bağlıdır. Bunun üçün də özəl pensiya fondu yaradılandan sonra  elə şərtlər təklif etməlidir ki, bu, vətəndaş üçün maraqlı olsun.  Özəl pensiya fondunun yaradılmasının sosial siyasətdə rəqabətlilik yaradacağını hesab edirəm. Rəqabətli hər bir sahədə inkişaf baş verir və bu, vətəndaşların xeyrinə olur”.