Bazara minlərlə saxta Çin istehsalı cihazlar daxil olur 

Məhsulların saxta olduqlarını anlamanın ən rahat yollarından biri qablaşdırmadır


 “Azərbaycana mənbəyi, mənşəyi bəlli olmayan minlərlə saxta çin istehsalı cihazlar daxil olur. 30 manata satılan saxta “Apple Wach Ultra”lar, saxta “Airpods” qulaqlıqlar, heç bir sertifikasiyadan keçməyən, qutusundan hər şey çıxan ucuz planşetlər və s. və s.”.

 Bu sözləri “Sherg.az”a açıqlamasında texnobloger Fərid Pərdəşünas deyib. 

Onun sözlərinə görə, ən dəhşətlisi odur ki, bu planşetlər uşaqları hədəfləyir: “Valideynlər ucuzdur deyə bu cihazları alır, övladlarının başını qatır. 
  
Nə nəzarət var, nə yoxlama var. Bu cihazlar ölkəyə necə keçir? Necə satışına icazə verilir? Bu cihazların SAR dəyəri dəhşətlidir. Bu cihazlar potensial təhlükə mənbəyidir. İndi bunu hiss etmirsiniz, amma bir neçə ilə fəsadlarını görəcəksiniz. Azərbaycanda dəhşətli saxta cihaz idxalı var. Bununla bağlı həyəcan təbili çalınmalıdır. Görünüş üçün özünüzü aldadaraq bu cihazları almayın, təhlükədəsiniz. Saxta cihazlar əsasən keyfiyyətsiz və zərərli materiallardan hazırlandığı üçün istifadəçilərin sağlamlığını da təhlükə altına alır. Orqanizmə neqativ təsiri, şüalanması normadan dəfələrlə artıq olur”.

İKT eksperti Fərid Səmədov isə “Sherg.az”a açıqlamasında  deyib ki, tanınmış firmaların mobil cihazları  üçün SAR göstəricisi 1 vt/kiloqram ətrafında dəyişir. Amma saxta cihazlarda isə SAR 4 vt/kiloqramdan çox olur: "Bu səviyyədə elektro-maqnit şüalanma insan üçün hətta ölümcül təhlükələr yarada bilər. Mobil cihazlar, planşetlərin yaydığı elektromaqnit dalğalar insanlarda ciddi xəstəliklərin yaranmasına səbəb olur. Öncə uşaqların bu cihazlardan idarəsiz şəkildə istifadə etmələrinin qarşısı alınmalıdır.  Dünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, məhz mobil telefonların yaydığı zərərli elektromaqnit dalğaları səbəbindən  xərçəngə və epilepsiyaya, göz, qulaq və ürək xəstəliklərinə tutulanların sayı xeyli artıb.
  İT mütəxəssislərinin araşdırmasına görə, məhsulların saxta olduqlarını anlamanın ən rahat yollarından biri, qablaşdırmadır. Məhsul paketi üzərində deformasiya varsa, bilin ki, əlinizdəki məhsul saxtadır. İstifadə təlimatları xüsusilə elektron məhsullar üçün çox əhəmiyyətlidir. Yazılar mütləq məhsulu satın aldığınız ölkədəki istifadə dil ilə yazılmış olmalıdır. Əgər məhsulun kitabçasına başqa bir dildə yazılmışsa, o məhsulun saxta və ya qaçaq olma ehtimalı çox yüksəkdir.
  Bu tip saxta məhsullarda material olaraq, ümumiyyətlə, plastikdən istifadə olunur. Bir də loqo bir markanın üzüdür və insanlar tərəfindən ən çox bilinən hissəsidir. Saxta mal istehsalçılarının ən çox səhvə yol verdiyi qisim də loqolardaki yazı tipləridir. Ona görə cihazların üzərində olan yazı tiplərini diqqətlə araşdırın".