Fermerlər inzibati məsuliyyət daşıyırlar 

Taxıl sahələrinin biçindən sonra yandırılması ekoloji baxımdan da kifayət qədər zərərlidir


  Respublikamızın bir sıra rayonlarında fermerlərin biçini başa çatmış sahələri yandırması müşahidə olunur. DİN-in Mətbuat xidmətindən “Sherg.az”a verilən məlumata görə,  kənd təsərrüfatı təyinatlı əkin sahələrinin biçindən sonra şumlamaq əvəzinə yandırılması həmin ərazilərdə bir sıra neqativ fəsadların yaranmasına səbəb olur. Polis əməkdaşları tərəfindən respublikamızın bütün ərazilərində bu kimi halların aradan qaldırılması və fermerlərlə profilaktik, təbliğat-maarifləndirmə tədbirləri həyata keçirilir. 
 
 Bu istiqamətdə Goranboyda 7, Bərdədə 3, Göyçayda 2, Saatlıda 2, Şamaxıda 2, Beyləqanda 1, Şabranda 1, Qubada 1, Abşeron 1 fakt üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyət tədbirləri görülüb. 
 
 Qeyd olunanları nəzərə alaraq fermerlərdən xahiş edirik ki, biçini başa çatan sahələrin yandırılmasından çəkinsinlər, qaydalara uyğun olaraq əkin sahələrinin biçindən sonra şumlanmasına üstünlük versinlər.
  
Kənd təsərrüfatı üzrə  ekspert Cəfər İbrahimli  isə “Sherg.az”a açıqlamasında deyib ki, əkin sahələrinin biçindən sonra yandırılması zamanı torpaqdakı üzvi maddələr yanğın nəticəsində itirilir, torpaq mikroflorası  məhv olur və beləliklə, onun münbitliyi kəskin surətdə azalır. Əkin qalıqlarının  yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir: “Torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir. Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır”.
C.İbrahimlinin sözlərinə görə, taxıl sahələrinin biçindən sonra yandırılması  ekoloji baxımdan da kifayət qədər  zərərlidir. Yanğın nəinki əkinə yararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri və digər sahələri əhatə edir. Bu isə öz növbəsində ekoloji problemlərə gətirib çıxarır. Yüksək temperaturun torpağın üst qatına sistematik təsiri humus ehtiyatını, torpaq biotasını məhv edir və nəticədə torpağın fiziki-kimyəvi xassələri və mexaniki strukturu dəyişir. Eyni zamanda biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə müqayisədə daha az məhsul götürür”.
  
Ekspert həmçinin qeyd edib ki,  sahələri yandıran fermerlər bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir".