MİDA bu işin daşını atmalıdır

Artıq bu seçimlərə heç kimin nə güvəni, nə də inamı qalıb

“Bu proses, ümumiyyətlə, ləğv edilməli, lotoreya üsuluna keçid edilməlidir”


  İyulun 29-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən güzəştli satışa çıxarılan 1189 mənzilin seçim prosesi bu dəfə də narazılıqlara səbəb olub.  MİDA tərəfindən şəffaflığın təmin edilmədiyini  iddia edən iştirakçıların çoxu videofaktlarla aidiyyəti dövlət qurumlarına müraciət edəcəklərini bildiriblər. Satış zamanı vətəndaşlar onlayn sistemdə problem yaşadıqlarını deyirlər.
  Ekspertlər deyir ki, onlayn qaydada və sanki İT biliklərinin yoxlanışı görüntüsü yaradan bu satış mexanizmindən imtina edilməlidir. Bu, sosial layihədirsə, müraciətlər fərdi olaraq yığılmalı, yoxlanılmalı və həqiqətən mənzilə daha çox ehtiyacı olanlar qabağa salınmaqla növbə yaradılmalıdır.
  "Bakupost.az"a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, narazılıqlar onu deməyə əsas verir ki, yenə də müəyyən dələduzluq halları olub.
  O bildirib ki, yeni informasiya texnologiyalarının düzgün tətbiqi zamanı belə dələduzluq halları dərhal aşkara çıxır: “Bu, bir daha göstərir ki, biz hökumətdən bütün sahələrdə şəffaflığın, informasiya texnologiyalarının tətbiq olunmasının tələb etməliyik. Qanun-qayda şəffaflıq tələb edir, bunlar da öz savad, bacarıq və qabiliyyətlərinə görə tam oğurluq edə bilmirlər. Hər şey dərhal ortaya çıxır. Hesab edirəm ki, MİDA-da ciddi kadr dəyişikliyi aparılmalıdır.  Özü də vaxt itirmədən. Narazılıqlar çoxdur. Eyni zamanda onun fəaliyyətinə nəzarət edəcək İctimai Şura yaradılmalıdır. İctimai Şura MİDA-nın fəaliyyətinə nəzarət etməlidir. Baş verənlər onu göstərir ki, bu gün, doğrudan da, MİDA-nın fəaliyyətinə ciddi şəkildə nəzarət yoxdur. Nəzarət olmadıqca da belə hallarla hələ çox rastlaşacağıq”.
  Texnobloger Fərid Pərdəşünas  isə  deyib ki, hələ də sistemdə  donma, tutulma kimi  sırf texniki məsələlərə  görə narazılıq yaranırsa, MİDA, ümumiyyətlə, bu işin daşını atmalıdır: “Artıq bu seçimlərə heç kimin nə güvəni, nə də inamı qalıb. Bu proses, ümumiyyətlə, ləğv edilməli, lotoreya üsuluna keçid edilməlidir. Baxmayaraq ki, mən ötən il çətinliklə də olsa qalib olmuşam, amma ədalət naminə demək lazımdır ki, IT bacarıqları ən yüksək olan adamlar belə aciz qalırsa, güzəşt kateqoriyasında olan insanlar, ümumiyyətlə, nəyəsə ümid etməsinlər".
  İT ekspertinin sözlərinə görə, satışın şəffaflığını şübhə altına salan hal  donan sistemə rəğmən evlərin bir neçə saniyədə satılıb bitməsidir: "Qaliblər heç bir müdaxilə etmədən eyni tutulma problemini yaşayaraq qalib olublar. Amma digər tərəfdən də sistemin son mərhələdə donması iştirakçının geriyə qayıdıb seçim etmə şansını əlindən alıb. Yəni sistem açılır, evlər var, basırsan seçilmir, qəfil bildiriş gəlir ki, siz seçən ev tutulub. Burada isə artıq geriyə dönüş mümkün deyil. MİDA-dan özümə ev udan biri kimi deyim ki, həmin an olan sevincin sonradan ləğv olunması çox pis bir şeydir. İndi isə bir neçə dövlət qurumuna birlikdə şikayət göndərən və əllərində faktlar olan böyük narazı kütlə var. Bu adamlara da "haqsızsan" demək olmur, çünki son anda sistem donub və şəffaflıq təmin olunmayıb.  Onu da deyim ki, Yasamal üçün son satışların olması buraya böyük yüklənmə və təlabat yaradıb".