Baku TV-nin əməkdaşı Arzu Kəlbinin aktyor Kamran Ağabalayevin "Qapqara" verilişində bildirdiyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Xanım aparıcının "Mənə ağıllı söz yox, reytinq lazımdır" deməsi istifadəçilər tərəfindən tənqid atəşinə tutulub.
Bir çoxu bildirib ki, bir media nümayəndəsinin bu cür danışması jurnalistikanın prinsiplərinə ziddir. Əgər ki, işimizin oxucunu maarifləndirmək olduğunu əsas götürsək, həmkarımızın sözlərinin bu nöqteyi-nəzərdən nə qədər yanlış olduğunu qeyd edə bilərik.
"Sherg.az" mediamızın ustadlarından aparıcının fikirlərinə münasibət öyrənmək istəyib.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı saytımıza açıqlamasında bildirib ki, problem sözü deyəndə yox, redaksiyanın siyasətindədir:
"Belə deyim, bir dəli quyuya daş atır, 100 ağıllı onu oradan çıxarmaq istəyir, amma bacarmır. Bu mətbuat orqanının siyasətidir. Redaksiyanın siyasəti elə olmasa, onun aparıcısı da bu sözü deməz. İndi bir çox redaksiya və media qurumları reytinq dalınca qaçır. Verilişin içində isə bir şey olmur. Hər bir redaksiyanın ayrı-ayrı siyasəti var. Biri reytinq dalınca qaçır, digəri "like" toplamaq istəyir. Bunun vasitəsilə onlara pul verən, sponsorluq edən insanlara qarşı deyirlər ki, baxın, bizə yarım milyon adam baxır. Sponsorluq edənlər də maliyyələşməni dayandırmır. Ağıllı bir insan nəsə yazanda, həmişə onu az adam izləyir. Tək Azərbaycanda deyil, hər yerdə belədir. Cəmiyyəti maarifləndirmək istəyənlər hər zaman ortada qalır. Hər kəs reytinq, reklam və pul dalınca qaçır. Belə deyim həmin jurnalisti mən gətirim redaksiyama, beynində bir şey varsa, ağıllı danışacaq. Hər şey redaksiyadan asılıdır".