Düyü qıtlığı gözlənilir?  - Açıqlama 

Vahid Məhərrəmov: "Müəyyən mərhələdən sonra bazarda stabillik yaranacaq"

  Qlobal düyü bazarı da son 20 ilin ən böyük tədarük çatışmazlığı ilə üz-üzədir. Düyü istehsalı bütün regionlarda, o cümlədən Çin, ABŞ və Avropa İttifaqında getdikcə azalır. Proqnozlaşdırmaya əsasən, 2022-2023-cü il mövsümündə qlobal düyü tədarükündə kəsir 8,7 milyon ton olacaq. Bu isə 2003-2004-cü il mövsümündən bəri ən böyük kəsir kimi qeydə alınacaq.
  Ekspertlərin fikrincə, dünyada düyünün bahalaşması ölkəmizə də təsir göstərəcək. Ölkəmizə düyü Hindistan, Qazaxıstan, Rusiya, Tayland və Pakistandan idxal edilir. Sözügedən ölkələrdə isə düyü istehsalı azaldığı üçün ixraca qadağa qoyulub. Bu səbəbdən bazarda düyünün qiyməti orta hesabla 30 faiz arta bilər.
  Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmov isə “Sherg.az”a açıqlamasında deyib ki, dünyada düyü istehsalının azalması, onun qiymətinin artması daxili bazardan da təsirsiz ötüşməyəcək. Azərbaycanın istehsal etdiyi düyü ölkənin illik ehtiyacının təxminən cəmi 15-20 faizidir. Qalanını xaricdən idxal edirik. Azərbaycanda düyünün məhsuldarlığı az, istehsalın maya dəyəri daha yüksək olduğu üçün bu, daxili bazarda da yerli istehsalın nisbətən baha olmasına səbəb olur.
  V.Məhərrəmov deyib ki, il ərzində ölkədə 64 min ton düyü istehlak edilir və onun da cəmi 9,7 min tonu daxili istehsal hesabına ödənilir. Yerdə qalan 55 minə tona yaxın, yəni 85 faiz tələbat isə məhz idxal hesabına təmin edilir.
  Builki istehsaldan da ciddi bir artım gözləmirəm.
Dünyanın düyü tələbatına gəldikdə isə mütəxəssis deyib ki, düyünün istehsalı və istehlakının böyük payı Çin və Hindistanın üzərinə düşür. Əvvəla, onu deyim ki, Hindistan qaynadılmış düyünün ixracını dayandırıb deyə Azərbaycan 50-55 min ton düyünü almaqda problem yaşamayacaq: “Azərbaycana eyni zamanda Pakistandan, Vyetnamdan düyü idxal edilir. Dünyada düyü qıtlığı yaransa belə, Azərbaycanda belə bir risk gözlənilən deyil. Müəyyən mənada qiymət artımları müşahidə oluna bilər ki, onsuz da indi də məhsulların qiymətində kifayət qədər artımlar olur.
  Düyü qıtlığı daha çox düyü istehlak edən kasıb ölkələrdə hiss oluna bilər. İqtisadi durumu zəif olan Afrika və Asiya ölkələri qıtlıqdan və qiymət artımından ciddi əziyyət çəkəcəklər. Çin və Hindistanda isə düyü ehtiyatı kifayət qədərdir. Hindistan necə ki, keçən il yaşanan taxıl böhranı zamanı bahalaşmadan istifadə edib ehtiyatında olan buğdanı belə satışa çıxardı. Düyü ilə bağlı da analoji hal yaşana bilər. Kapitalist ölkələr həmişə dünya bazarında yaşanan müşkül durumlardan istifadə edib öz qazanclarını artırırlar. Onu da deyim ki, dünyada düyü qıtlığının yaşanacağını real hesab etmirəm. Həm istehsalçı ölkələrin kifayət qədər ehtiyatı var, həm də ki hazırkı istehsalda ciddi bir azalma yoxdur. Ekspertlər və media tərəfindən vaxtaşırı hansısa məhsulla bağlı yaradılan süni ajiotajları da düzgün hesab etmirəm. Beynəlxalq qurumların ərzaq məhsullarının istehsalı və qiymətləri ilə bağlı hesabatlarını izləyən biri olaraq hesab edirəm ki, bu il təkcə yağın qiymətində ciddi artım müşahidə olunur. Bəri başdan ajiotaj yaradıb, qıtlıq olacaq, qiymətlər artacaq deməyin idxal monopolistlərindən, oliqarxlardan başqa heç kimə faydası yoxdur. Yaxşı olar ki,ekspertlərimiz prosesləri qabaqlamasınlar. Gedişat onu göstərir ki, müəyyən mərhələdən sonra bazarda stabillik yaranacaq”.
 -Azərbaycanda düyü istehsalı niyə ildən-ilə azalır? 10 milyonluq əhali üçün illik 10 min ton düyü istehsalı az deyilmi?
- Ölkəmizdə düyü istehsalı ilə bağlı vəziyyət çox pisdir. Azərbaycanda 60 min ton düyü istehsal edilən vaxtlar olub. Deməli, bütün tələbatı daxili istehsal hesabına ödəmək imkanımız var. Təsəvvür edin, Dağıstanda illik istehsalı 110 min ton olub. Azərbaycanda problem nədir ki, 10 min tondan artıq düyü istehsal edə bilmirlər?
- Səbəbi nədir ki?
- Heç nə, Azərbaycanda çəltikçiliyin inkişafında yeni texnologiyaların tətbiqi ilə bağlı hər hansı addım atılmır. Çəltik istehsalı üçün suyun olması çox vacibdir. Ona görə də əvvəlcə fermerlərin su təminatı ilə bağlı işlər görülməlidir. Bu istiqamətdə isə heç bir iş görülmür. Halbuki Azərbaycanda suvarma suyuna olan tələbatı daxili istehsal hesabına ödəmək olar. Bunu dəfələrlə qeyd etmişik ki sadəcə olaraq sudan düzgün istifadə etmək lazımdır. Bununla bağlı öz təkliflərimizi, İsrail təcrübəsini hökumətə də təqdim etmişik. Təsəvvür edin ki, Azərbaycanda su resursları tələbatdan 5 dəfə çoxdur. 1 kq məhsul üçün nə qədər suya ehtiyac olduğu hesablamışıq və ümumi nəticəyə görə, 5 milyard kubmetr su tələb olunur. Ehtiyat sularımız isə 25 milyard kubmetrdir. 5 milyard kubmetr suvarma suyundan səmərəli istifadə edilsə, nəinki düyü, bütün kənd tərərrüfatı məhsullarına olan tələbatı daxili istehsal hesabına ödəyə bilərik.
  Qeyd edək ki, 2018-ci ildə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Lakin Proqramda nəzərdə tutulan tədbirlər həyata keçirilmir deyə məhsuldarlıq aşağı düşür. Qeyd olunmuşdu ki, Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə hektarın orta məhsuldarlığı 40 sentner olmaqla çəltik əkinləri 10 min hektara, istehsalın həcmi isə 40 min tona çatdırılacaq. Hansı ki ötən 5 il ərzində çəltik istehsalı 30-40 faiz aşağı düşüb. İstehlak etdiyimiz düyünün 84,7 faizini idxal edirik.