Oqtay Qasımov: "İlk manatın Fransada çapında heç bir siyasi çalar yox idi"

Manat 31 illik tarixini tamamladı 

Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 31 il ötür.
Milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.

Qeyd edək ki, ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 15 iyul tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub. 

Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginazlar, noyabrda 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əsginaz, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginazlar dövriyyəyə buraxılıb. Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əsginazlar da həmin şirkətdə istehsal olunub. 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunub. Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilib. 

Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1993-cü il 11 dekabr tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı mühüm rol oynayıb. Bu fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edilib və Azərbaycanın rubl zonasından çıxması təmin olunub. Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10 min manatlıq, 1996-cı ildə isə 50 min manatlıq əsginazlar çap etdirilərək dövriyyəyə buraxılıb.

Ölkəmizin tarixinin və dövlətçilik ənənələrinin, mədəniyyətinin və incəsənətinin, tanınmış şəxsiyyətlərinin və klassiklərinin, eləcə də xüsusi əhəmiyyətli hadisələrin tərənnüm edilməsinə həsr olunan 58 növdə belə pul nişanları ölkə ictimaiyyəti, yerli və xarici numizmatlar tərəfindən daim yüksək maraqla qarşılanıb.

Dünyaca tanınmış və avro əsginazlarının dizayn müəllifi olan Robert Kalinanın müəllifi olduğu yeni nəsil pul nişanlarımız "Müstəqil Azərbaycan" konsepsiyası əsasında dizayn edilib. Ölkəmizin bütün sahələrdə inkişafını əks etdirən bu yeni konsepsiya "Vahid Ailə" prinsipinə əsaslanaraq hər bir nominal üzrə ayrı-ayrı mövzulara, o cümlədən 1 manat - Mədəniyyət, 5 manat - Yazı və Ədəbiyyat, 10 manat - Tarix, 20 manat - Qarabağ, 50 manat - Təhsil və Gələcək, 100 manat isə - İqtisadiyyat və İnkişaf mövzusuna həsr olunub.
Ölkə iqtisadiyyatının dinamik inkişafı və dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişikliklərin fonunda ödənişlərdə adekvatlığın təmin edilməsi məqsədilə  2018-ci ildə dizayn mövzusu Ulu Öndər Heydər Əliyevin adını daşıyan və dünyanın ən modern arxitektura incisi olan Heydər Əliyev Mərkəzinə həsr olunmuş yeni yüksək nominallı  200 manatlıq pul nişanı dövriyyəyə buraxılıb. 

2021-ci ilin əvvəlindən başlayaraq 1, 5, 10, 20 və 50 manatlıq pul nişanları yenilənərək tədavülə buraxılıb və köhnə pul nişanları ilə paralel olaraq dövriyyədədir. Kağız pul nişanları ilə yanaşı, 10, 20 və 50 qəpik metal pullarımızın da dizaynında müəyyən dəyişikliklər edilib.

Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində əldə edilmiş Böyük Zəfər tarixini əbədiləşdirmək məqsədilə 500 manat nominallı xatirə banknotu və qiymətli metallardan hazırlanmış Zəfər xatirə monetası tədavülə buraxılıb.
Mövcud pul nişanlarımız bu gün də öz konseptual mövzusuna görə aktuallığını itirməmiş və bu günədək də ölkə ərazisi ilə yanaşı, qonşu ölkələrdə də nağd ödənişlərdə sərbəst şəkildə aktiv istifadə edilir.

Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov da “Sherg.az”a açıqlamasında 1992-ci ilin 15 avqusutunda milli valyutanın dövriyyəyə buraxılmasını tarixi hadisə kimi dəyərləndirib: “Onu deyim ki, manatın ərsəyə gəlməsi, dövriyyəyə buraxılması heç də asan başa gəlməyib. Manatla bağlı müzakirələr aparılanda qarşı çıxanlar və kifayət qədər sərt iddia ortaya qoyanlar vardı. Xüsusən də, iqtisadçı-ekspertlər milli valyutanın dövriyyə buraxılması üçün erkən olduğunu düşünürdülər. Hətta manatın qısa müddətdə uğursuzluğa düçar olacağını iddia edirdilər. Lakin ozamankı siyasi hakimiyyət rəhbəri və onun komandasında təmsil olunan iqtisadçılar məsələ ilə bağlı konkret mövqe nümayiş etdirdilər və manatın dövriyyəsinə nail oldular. Azərbaycan manatı da dövriyyəyə buraxılandan qısa müddət ərzində Cənubi Qafqazın ən işlək valyutasına çevrildi. Hətta bir çox sərhəd zonalarında ticarət əlaqələri məhz Azərbaycanın valyutası ilə həyata keçirilirdi. Düşmənimiz ermənilər də o vaxt Azərbaycanın bu uğuruna həsəd aparıb özlərinin media qurumlarında, ikili danışıqlarda belə bunu açıq etiraf etmişdilər”.

O.Qasımov hesab edir ki, milli manatın dövriyyəsi Azərbaycanın müstəqilliyini özündə ehtiva edən faktorlardan biri idi. Müstəqilliyini elan edən hər dövlətin ordusu, xəzinəsi və milli valyutası onun müstəqilliyinin əsas atributu hesab olunur: 

“Sözsüz ki, 1992-ci ildən üzü bu yana manat xeyli təlatümlərdən, enişli-yoxuşlu yollardan keçib. Amma bütün bunlara rəğmən manat özünü təsdiqləmiş bir valyuta kimi tədavüldədir və öz mövqeyini qoruyub saxlayır. Bu isə o deməkdir ki, 1992-ci il atılan bu addım son dərəcə uğurlu bir addım olub. 
Manatın əsginazlarının hazırlanması ilə bağlı xeyli müzakirələr aparılandan sonra Milli Məclisdə qərar verildi. Manat xaricdə çap olunduğu üçün bu işlərin özü prosesləri ləngidən bir hal idi. Lakin bütün problemlərə rəğmən bu gözəl layihəni reallaşdırmaq mümkün olmuşdu”.
O. Qasımovun sözlərinə görə, manatın Fransada çap olunmasında heç bir siyasi çalar yox idi. Bu addım məhz kommersiya məqsədi ilə atılmışdı. Daha doğrusu, manatın çapı ilə bağlı elan olunan tenderi Fransa şirkəti udmuşdu. Burada söhbət heç bir halda Azərbaycana siyasi dəstəkdən getmirdi.