Azərbaycan gəncliyi hər zamankından daha ayıq-sayıq olmalıdır

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

Yeni mərhələ başlayıb

Vətənpərvərlik tərbiyəsi, xalqa məhəbbət hisslərinin aşılanması həmişə olduğu kimi, bu gün də aktualdır

  İndiyə qədər aparılan dövlət gənclər siyasətinin mərkəzində müasir dünyanın çağırışlarına cavab verən, hazırlıqlı, savadlı, eyni zamanda milli-mənəvi dəyərlərə bağlı vətənpərvər nəsil yetişdirmək prinsipi dayanıb. Bu gün tam əminliklə deyə bilərik ki, həyata keçirilən dövlət gənclər siyasəti özünün müsbət nəticələrini göstərməkdədir. Xüsusən, Vətən müharibəsi dövründə Azərbaycan gəncliyinin böyük rəşadətinə şahidlik etdik. Bu, özünü həm ön, həm də arxa cəbhədə göstərdi. Gənclik öz vətənpərvərliyini ön cəbhədə əlisilahlı əsgər kimi, arxa cəbhədə isə informasiya müharibəsinin döyüşçüsü kimi göstərdi. Bir çox hallarda ictimaiyyətin bir sıra nümayəndələrinin gileyləndiyi, gələcəyi ilə bağlı bədbin proqnozlar verdiyi Azərbaycan gəncliyi bütün bunların tam əksini sübut etdi. Gəncliyimiz göstərdi ki, o, bu müddət ərzində öz dövlətinə, millətinə sadiq vətənpərvər gənc kimi formalaşıb. Müharibə bitmiş olsa da, düşmənin informasiya cəbhəsində, hətta hərbi müstəvidə təxribatları bitmir. Şübhəsiz, belə bir şəraitdə ölkə gəncliyi hər zamankından daha ayıq-sayıq, vətənpərvər və diqqətli olmalıdır. Bu, çox önəmlidir. Ona görə də gənclərin vətənpərvərlik tərbiyəsi, onlara Vətənə, xalqa məhəbbət hisslərinin aşılanması həmişə olduğu kimi, bu gün də aktualdır. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını gənclərin tərbiyəsinə cavabdehlik daşıyan bütün qurumların, xüsusilə də, təhsil işçilərinin qarşısında ən mühüm vəzifə kimi qoyub. Müxtəlif səviyyəli tədbirlərdə, gənclərlə, müəllimlərlə, ziyalılarla çoxsaylı görüşlərində bu məsələyə dönə-dönə toxunaraq öz müdrik məsləhət, tövsiyə və tapşırıqlarını verib. Ulu Öndər hələ 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə görüşündəki nitqində gənclərin vətənpərvərlik tərbiyəsinin zəruriliyinə toxunaraq deyib: "Müstəqil dövlətdə yaşayan hər bir vətəndaş birinci növbədə bu dövlətin müstəqilliyinin, suverenliyinin təmin olunmasını öz həyatının əsas vəzifəsi və məqsədi bilməlidir. Ona görə də bizim gənclər, təhsil alan gənclər gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən, humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin və bunlar hər bir gəncin qəlbində sarsılmaz bir qalaya çevrilsin...". Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev də çoxsaylı çıxışlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini dönə-dönə vurğulayıb. Bu işin Azərbaycan dövlətinin gənclər, təhsil siyasətinin prioritet məsələlərindən olduğunu diqqətə çatdıraraq bildirib: "Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır". Ölkə başçısının tapşırıq və tövsiyələrini əldə rəhbər tutan təhsil müəssisələri, eləcə də əsas fəaliyyəti gənclərlə işi olan digər qurumlar vətənpərvərlik hissinin gənclərə aşılanmasına böyük diqqət yetirirlər. Orta məktəblərdə, eləcə də təhsilin digər pillələrində tədris olunan humanitar fənlər, xüsusən də ədəbiyyatın, tarixin potensialı daha böyükdür. Bu fənlərin tədrisi şagirdləri, tələbələri müvafiq biliklərlə silahlandırdığı kimi onların vətənpərvərlik ruhunda tərbiyəsinə də güclü təsir göstərir, gənclərdə milli mənlik şüuru formalaşdırır. Gənclərlə aparılan vətənpərvərlik tərbiyəsi işinin mühüm istiqamətlərindən birini də ayrı-ayrı şəxsiyyətlərin, milli qəhrəmanların şəxsi nümunələrindən istifadədir. Böyük pedaqoqlar, tərbiyə nəzəriyyəçiləri tərbiyədə şəxsi nümunənin rolunu həmişə yüksək dəyərləndirib, onun böyük təsir gücünə malik olduğunu vurğulayıblar. Məhz buna görə də şəxsi nümunə əsasında tərbiyə işi praktikada həmişə geniş yer tutub. Tariximizdə, müasir dövrümüzdə həyatı gənclərə vətənpərvərlik nümunəsi olan şəxsiyyətlər çoxdur.
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı "Sherg.az"a açıqlamasında deyib ki, 44 günlük müharibə göstərdi ki, gənclərin milli-vətənpərvərlik tərbiyəsi, ideoloji olaraq Vətəni sevmək ruhunda yetişdirilməsi çox vacib məsələdir. Ekspertin sözlərinə görə, düşmənin 30 il ərzində torpaqlarımızı işğalda saxlamasının əsas məqsədlərindən biri yetişməkdə olan gənc nəsildə Qarabağın qaytarılmasına olan inamı öldürmək, gənclərimizdəki milli-vətənpərvərlik ruhunu sıradan çıxartmaq idi

"Ermənilər münaqişəni uzatmaqla Qarabağı və digər rayonlarımızı görməyən "gənclər ordusu" yetişdirmək niyyəti güdürdülər. Ancaq düşmən öz istəyinə nail olmadı. Hər sahədə aparılan ideoloji işin və gənclər siyasətinin uğurlu nəticəsi o oldu ki, Qarabağı görməyən Azərbaycan gəncləri 30 il sonra torpaqlarımızı işğaldan azad etdi. Bundan sonra yeni mərhələ başlayıb. Torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Ancaq şübhəsiz ki, ermənilərin təxribatları bitməyib, əksinə, daha da artıb. Ermənistan və erməni lobbisi informasiya cəbhəsində daimi təxribatlara əl atır, yalan, uydurma xəbərləri tirajlayır. Bu da o deməkdir ki, mübarizəmiz hər cəbhədə ardıcıl davam etməlidir. Həm ön, həm də arxa cəbhədə düşmənlə mübarizənin avanqardı, aparıcı gücü gənclərdir. Ona görə də gənclərin milli-vətənpərvərlik ruhunda yetişməsinə daha çox önəm verilməlidir. Müharibədən əvvəl vətənpərvərlik haqqında adətən ümumi sözlərlə danışırdıqsa, Zəfərdən sonra torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıqlar göstərən insanlarımızın, qazilərimizin və şəhidlik zirvəsinə ucalan igidlərimizin sayəsində konkret nümunələr əsasında danışırıq. Dövlət qurumları, vətəndaş cəmiyyəti, təhsil müəssisələri, media və bütün strukturlar gənclərin güclü vətənpərvərlik hissləri ilə yetişməsinə xüsusi diqqət yetirməlidir".