Manana da dilimizi öyrəndi, qaldı Çingiz Abdullayev...

Xalq yazıçısı Çingiz Abdullayev bir müddətdir ki, gündəmdən düşmür.

Yazarın istər şifahi, istərsə də yazılı çıxışlarında Azərbaycan dilinin normalarına əməl etməməsi onu zaman-zaman tənqid hədəfinə çevirir.

Sosial şəbəkələrdə geniş müzakirə yaradan yazıçının bu iradlara cavabı da bir fayda vermir.
Çünki Çingiz müəllim tənqidlərə münasibətində də öz üslubunu dəyişmir. Qısa, bəzən anlaşılmaz, bəzən də kobud sayıla biləcək sözləri onu təkrar-təkrar müzakirələrin mərkəzinə çəkir.

Ümumiyyətlə tək Çingiz Abdullayev yox, Azərbaycan dilində danışıqda, yazıda çətinlik çəkən, hələ də ana dilimizi öyrənə bilməyən tanınmışları anlamaqda çətinlik çəkirəm.

Baxın, qonşu Gürcüstandan gəlib, ölkəmizdə sevilən, Əməkdar artist Manana Caparidze belə artıq dilimizdə səlist danışığa başlayıb. Doğrudur, Mananadan yazılarında qrammatik normalara əməl etməsini gözləyə bilmərik. Axı onun sənəti fərqlidir. Buna da baxmayaraq o statuslarını ana dilimizdə yazır.

Xalq artisti Cavan Zeynallı da heç də Çingiz Abdullayevdən geri qalmır. O da uzun illərdir ana dilimizdə anlaşılmaz danışır, cümlədə söz sırasının yerini dəyişir.

Normalda bir dili öyrənmək üçün 1 il kifayət edir. İngilis dilini indi ciddi şəkildə öyrənməyə başlasaq, çox yox, 6 ay sonra səlist danışmaq mümkün olar. Olmasa belə fikirlərimizi rahat izah edə bilərik.

Bəs bizim öz millətimizin nümayəndələri niyə ana dilimizi öyrənməyə cəhd etmir? Ən azından cəhd etmək lazımdır axı. Niyə getdikləri hər məkanda rus dilində danışıb, öz dilimizin qol-qanadını qırırlar.

Belə baxanda şəhərə çıxsaq, çox Çingiz Abdullayevlər, Cavan Zeynallılar tapa bilərik.

Amma onlar üzdə olan adamlardır, onları görürük. Ona görə də nitqindəki bu nöqsanlar, yazılarındakı ciddi səhvlər gözümüzü, qulağımızı yorur. 

Bu yerdə görkəmli şairimiz düz deyib:

- Ey öz doğma dilində danışmağı ar bilən,
Fasonlu ədəbazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar,

İndi soruşarsız ki, bu mövzu bağlanandan sonra niyə açdım?

Çingiz müəllimə zəng etmişdik ki, ötən günlərdə onunla bağlı aparılan müzakirələrə münasibət bildirsin. 

O fikrini izah etsin, biz də yığcamlaşdıraq.

- Mən cavab verməyəcəm. Çox sağ olun.

Çingiz Abdullayev artıq susqunluğu  seçir. Ümid edirik ki, bu susqunluğu pozanda ana dilimizin orfoepik, orfoqrafik , status yazanda orfoqrafik qaydalarına riayət edəcək.