Aviaşirkətlərin sayı artdıqca qiymətlər daha əlçatan olacaq

Aşağıbüdcəli aviaşirkətlərin Azərbaycan bazarına daxil olması müsbət haldır


  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə bu il ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuşlar həyata keçirən xarici aviaşirkətlərin sırasına “WizzAir Malta”, “Flyadeal”, “Air Cairo” kimi aşağıbüdcəli aviadaşıyıcılar əlavə olunub. Dövlət Mülki Aviasiya Agentliyinin bu istiqamətdə gördüyü işlər nəticəsində müvafiq xarici aşağıbüdcəli aviaşirkətlərin sayı 16-ya çatdırılaraq, onların sırasına Gürcüstanın “Georgia Wings” aviadaşıyıcısı da əlavə olunacaq. Bununla da Bakıdan uçuşlar yerinə yetirilən populyar istiqamətlərdə yalnız bir aviaşirkətin xidmət göstərdiyi marşrut qalmayacaq. Gürcüstan aviadaşıyıcısının Tbilisi-Bakı marşrutu üzrə ilk reysi sentyabrın 6-da olacaq. Aviaşirkət 72 nəfər üçün nəzərdə tutulmuş ATR72-500 təyyarəsi ilə Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə həftədə 3 dəfə olmaqla (çərşənbə, cümə və bazar günləri) müntəzəm uçuşlar yerinə yetirəcək. Qeyd edilir ki, yaxın zamanda “IndiGo” (Hindistan), “Aegean Airlines” (Yunanıstan) və “Air Arabia Abu-Dhabi” (BƏƏ) aviaşirkətləri də Bakıya uçuşlar həyata keçirməyə başlayacaq. Bu da büdcəli səyahətlər üçün yeni perspektivlərin açılmasını və ölkəmizin daha da əlçatan və cəlbedici turizm məkanına çevrilməsi istiqamətində işlərin fəal şəkildə davam etdiyini göstərir.
  
Məlumatdan göründüyü kimi, bizə gələnlər üçün əlverişli şərtlərlə aviareyslər təşkil olunur. Bizdən harasa uçmaq isə yenə də əlverişsiz (müəyyən kateqoriya üçün təbii ki - M.R) şərtlər daxilində qalmaqdadı. Yəni qazanan yenə “AZAL”dır. “AZAL” özünün gəlirlərini düşünür, Gürcüstanın aviaşirkəti isə vətəndaşlarını.  Gürcüstan öz vətəndaşlarına daha ucuz, əlverişli şərtlərlə Bakıya aviareyslər təşkil edə bilirsə, biz niyə edə bilmirik? Pandemiyada bağlanan quru sərhədlər hələ də qapalıdır. Vətəndaşlarınsa bahalı aviabiletlər alıb nəinki hansısa əcnəbi ölkəyə səyahət etməyə, heç doğmalarını görmək üçün Gürcüstana uçmağa da maddi imkanı çatmır. Nə “abrakadabra” köməyə gəlir,  nə “sim-sim açıl!”. Tilsim qıran kəlmələr də “AZAL”ın qarşısında aciz qalıb. Biz hələ də başqa ölkə vətəndaşlarına həsəd aparırıq. Niyə? 
  
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bunun səbəbini izah etdi: 

- İlk növbədə bildirim ki, aşağıbüdcəli aviaşirkətlərin Azərbaycan bazarına daxil olması müsbət haldır. Bu növ aviaşirkətlərin sayı artdıqca qiymətlər daha əlçatan olacaq. Amma biz Azərbaycanla Gürcüstan arasında müqayisə aparırıqsa, bilməliyik ki, Gürcüstan Avropa Birliyi ilə assosiasiya sazişi imzalamış ölkədir. Və bu sazişə görə də Gürcüstan vətəndaşları Avropa ölkələrinə vizasız gediş-gəliş həyata keçirirlər. Təkcə pasport təqdim etməklə Avropa ölkələrinə səyahət edirlər. Avropa Birliyi ölkələrinin vətəndaşları da həmçinin Gürcüstana vizasız gediş-gəliş imkanına sahibdirlər. Azərbaycanla isə belə bir saziş yoxdur. Bu məsələ həllini tapmalıdır ki, aşağıbüdcəli aviaşirkətlər Azərbaycana gəlməkdə maraqlı olsunlar. 
  
Mütəxəssis vurğuladı ki, bu cür şirkətlərin gələcəkdə regional hava limanlarına yönləndirilməsi daha məqsədəuyğun olar: 

- Nəticədə regional hava limanlarından birbaşa uçuşlar təşkil edilər, vətəndaşların seçim imkanı da artar. 
  İqtisadçı Natiq Cəfərli isə bildirib ki, xarici aviaşirkətlərin sırasına növbəti aviadaşıyıcının əlavə olunması, bazara buraxılması və bazarda daha çox oyunçunun yer alması müsbət haldır: "Rəqabətli mühitin artması qiymətlərə təsir edən amildir. Həmin uçuşların birbaşa həyata keçirilməsində AZAL-ın hansısa müdaxiləsi və ya qiymətlərin formalaşmasına təsiri olmayacaqsa, təbii ki, müsbət irəliləyişdir. Azərbaycan Hava Yolları şirkətlərinin sayı artdıqca, qiymətlərdə də müsbət dəyişikliklər baş verəcək. Aviaşirkətin qiymətinə ən yaxşı, ən güclü təsir edə biləcək addımlardan biri də quru sərhədlərin açılması ola bilər".