Bakıda növbəti söküntü dalğası: Xüsusiyyətlər...

 Kriteriyalar dəqiq müəyyənləşmədiyindən proses ağrılı müşayiət olunur

Bundan vətəndaşlar da əziyyət çəkir, bəzən tarixi binalar da bunun qurbanı olur

  Paytaxtda növbəti söküntü dalğası yenə də ənənəvi şəkildə – ağrılı müşayiət olunur. Yerli mediada yayılan xəbərlərə görə, paytaxtın Yasamal rayonu ərazisində söküntü işlərinin növbəti mərhələsinə hazırlıq gedir. Yasamal rayonunun daha bir hissəsində köhnə binaların söküləcəyi xəbəri yayılıb. Söküntü işlərinin “Təzə Pir” məscidi ətrafında, “Kubinka” adlanan ərazidə aparılacağı deyilir. Məsələn, Süleyman Tağızadə küçəsinin (“Təzə Pir” məscidinə aparan küçə) sakinləri artıq bir neçə ildir dayandırılan prosesə yenidən start verildiyini eşidiblər. Amma bununla bağlı sakinlərə nə rəsmi məlumat verən var, nə də onlara müraciət edən. Sakinlər bu evlərin əksəriyyətinin 1911-13-cü illərdə tikildiyini deyib. Başqa bir ərazidə - İsmayıl Qutqaşenli küçəsində də sakinlər iddia edir ki, adıçəkilən ərazidə yaşayan sakinlərin qeydiyyatı aparılıb artıq və evlərin ölçüləri götürülüb. Amma tikintinin kim tərəfindən aparıldığı ilə bağlı sakinlərə məlumat verilməyib. Deyilənə görə, söküntü işlərinə başlamazdan əvvəl sakinlərə hər kavdratmetrə görə 1500+500 AZN kompensasiya veriləcək. Əlavə verilən 500 AZN maddi yardım kimi hesablanacaq. Ərazidə yaşayan və evinin kvadratı az olan sakinlər üçün müəyyən güzəştlər olacaq və bu istiqamətdə təkliflər hazırlanacaq. Məsələylə maraqlanan “Xəzər TV” maraqlı məlumatlar əldə edib. Yasamal Rayon İcra Hakimiyyətindən “Xəzər TV”yə bildirilib ki, hazırda "Təzə Pir" məscidi ətrafında, Bəşir Səfəroğlu küçəsindən Azərbaycan prospektindəki 5 mərtəbəli binaya qədər olan hissədə yerləşən fərdi evlərin sökülməsi barədə Nazirlər Kabinetinin qərarı mövcud deyil. Növbəti mərhələnin icrası barədə Nazirlər Kabinetinin müvafiq qərarı olduğu təqdirdə sakinlərə əvvəlcədən bildirişlər təqdim olunacaq. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı gələcəkdə evləri söküləcək şəxslərə isə ödəniləcək kompensasiyanın məbləği mövcud qanunvericiliyə əsasən, təklif olunacaq. İsmayıl Qutqaşenlı küçəsindəki söküntü isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.
  “Qış Parkı” salınarkən ətraf ərazilərdəki fərdi evlərin söküntüsü zamanı yaranan narazılıq yəqin ki, unudulmayıb. O zaman ödənilən kompensasiyadan narazı qalan sakinlər məhkəməyə müraciət edib, hətta Avropa Məhkəməsinədək “gedib çıxmışdılar”. Nəticədə AM Azərbaycan dövlətini külli miqdarda cərimələyərək sakinlərə böyük məbləğdə kompensasiya ödənilməsi barədə qərar çıxardı. Yaxın keçmiş niyə belə tez unudulur? Yoxsa köhnə binaların yerində müasir yaşayış kompleksi tikib “qaz vurub qazan dolduran” sahibkarların, MTK-ların vecinə deyil dövlət cərimə olunur, ya olunmur?! Deyək ki, onların vecinə deyil, bəs dövləti təmsil edən rəsmi orqanlar, onlarındamı vecinə deyil? Yəqin ki, söküntü-köçürmə prosesini rahat aparmağın bir yolu, üsulu var. Amma görünən budur ki, asan yolla gedilmir.
  İqtisadçı Natiq Cəfərli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, söküntü kriteriyaları tam müəyyənləşmədiyindən sahibkarlar özlərinə sərf edən variantlara üstünlük verir:
- Söküntü işləri ilə bağlı kriteriyalar dəqiq müəyyənləşmədiyindən proses ağrılı müşayiət olunur. Bundan vətəndaşlar da əziyyət çəkir, bəzən tarixi binalar da bunun qurbanı olur. Bakıda tarixi binalar çoxdur. Qəzalı vəziyyətdə olanları da var. Lakin hansısa binanın qəzalı vəziyyətdə olması onun sökülməsi üçün əsas deyil hələ. Tarixi binadırsa, paytaxtın ümumi memarlıq ansamblı ilə səsləşirsə, uyğundursa, o bina təmir edilməlidir. Şükür ki, hazırda ən müxtəlif tikinti-təmir, yenidənqurma üsulları, hər cür avadanlıqlar, materiallar var. Amma bizdə tarixi binalara “qəzalı” möhürü vurub birdəfəlik yox edirlər. 19-cu əsrdə tikilmiş 2,3,4 mərtəbəli binalar bu gün də “Qış parkı” ətrafında, Bakının köhnə məhəllələrində qalmaqdadı. Çox da gözəl arxitektur quruluşa malikdirlər. Onların hərəsi bir tarixdir, çoxunda tarixi şəxsiyyətlər yaşayıb, yaradıb. Onları məhv etmək yox, dirçəltmək, paytaxta yenidən hədiyyə etmək lazımdır. Amma belə etmirlər. Kommersiya maraqları üstün gəlir və köhnə binanı söküb yerində müasir, çoxmərtəbəli binalar tikirlər. Dünyanın qədim paytaxtlarında siz belə bir hal görə bilməzsiniz. O şəhərlərdə tarixi binaları göz bəbəyi kimi qoruyurlar. Təəssüf ki, bizdə belə deyil. Tarixi binalar, evlər təkcə İçərişəhərdə deyil. Şəhərin bir çox ərazisində var və onlar milli sərvət olaraq qorunmalıdır.

  “Bu, birinci məsələ. İkincisi...” deyən N.Cəfərli vətəndaşları narazı salan məsələdən danışdı:
- Dediyim kimi, söküntü işləri ilə bağlı kriteriyalar müəyyənləşmədiyindən, vətəndaşlara ödəniləcək kompensasiyaların məbləği də, ərazidən, fərdi evin mövcud durumundan asılı olaraq konkret müəyyənləşmədiyindən sahibkarlar bundan sui-istifadə edir. Halbuki mövcud qanuna görə, mülkiyyətin qiymətləndirilməsi ancaq razılaşma yoluyla təyin edilməlidir. Hər kvadrat metrə görə 1500-2000 manat kompensasiya ödənilməsi heç bir qanunda yazılmayıb. Belə qanun yoxdur. Vətəndaşla sahibkar, yaxud dövlət arasında qiymət təyini yalnız razılaşma yoluyla olmalıdır. Ümumiyyətlə, fərdi evlərin söküntüsü dövlət ehtiyacları üçün zəruri olduqda icra edilməlidir. Dövlət ehtiyacları da strateji obyektlərin tikintisi, kommunikasiya xətlərinin çəkilməsi, həmçinin vətəndaşların daha rahat yaşayışının təmin edilməsi məqsədilə hansısa ərazidə söküntü-tikinti işi aparmaqdır. Dövlət bunu edəndə vətəndaşın maraqlarını nəzərə alır. Hətta dövlət ehtiyacları üçün aparılan söküntü işləri zamanı da dövlətlə vətəndaş arasında anlaşma olmalıdır. Və vətəndaşın hüququ var ki, 200 gün ərzində təkliflə çıxış etsin, razı olub-olmadığını bildirsin. Amma hansısa sahibkar paytaxtın mərkəzi hissəsində müasir yaşayış kompleksi tikib qazanc əldə etmək istəyirsə, vətəndaş niyə mülkündən imtina etməlidir? Edə bilər, əgər könüllü şəkildə razıdırsa. Könüllü razılıqsa əldə edilmir. İnşaat şirkətləri 5 sakinlə razılaşır, razı olmayanları isə təcrid etməklə - kommunikasiya xətlərini, elektrik enerjisini, qazı kəsməklə narazıları köçməyə faktiki məcbur edirlər. Sakinləri elə bir vəziyyətə salırlar ki, adam məcburən razılaşır.
  N.Cəfərli bildirdi ki, mülkiyyətin qiymətləndirilməsi mexanizmi ümumiyyətlə yoxdur:
- Qiymət ümumiyyətlə tənzimlənmir. Standart qiymət “təyin edilib” – hər kvardat metrə görə 1500-2000 manat, əlavə 20 faiz. Bu məbləğə hazırda paytaxtda mənzil almaq qeyri-mümkündür. Bəli, elə şirkətlər var, sökülən mənzilin sakininə yeni tikiləcək binada mənzil təklif edir. Bu, yaxşı variantdır. Lakin vətəndaşın mülkiyyət hüququ yenə də harada pozulur, yeni mənzillərin təmirsiz olmasında. Məlumdur ki, yeni binalardakı mənzillər “pod mayak” adlanan tərzdə - yəni 4 divardan ibarət, heç bir təmiri olmayan şəkildə sakinlərə verilir. Bəs sakin mənzilini hansı vəsaitlə təmir edəcək? “Biz yeni binada təzə mənzil vermişik, özləri təmir etsin” demək nadanlıqdır. O sakin sizdən xahiş etməyib, gəl, evimi sök, mənə təzə mənzil ver, bəsimdi. Sakin öz mənzilində yaşayır, necə yaşayır, bu, onun problemidir. Amma sən, inşaat şirkəti, öz xeyrini güdərək onun evini sökürsənsə, onu tam təmin etməlisən. Bu, hər bir insanın toxunulmaz mülkiyyət hüququdur. Qeyd edim ki, qardaş Türkiyədə və yaxın qonşumuz Gürcüstanda təmirsiz mənzilləri satışa çıxarmaq qanunla qadağandır. Hətta yeni mənzillər mətbəx mebeli ilə təchiz olunmuş halda təklif edilir. Təəssüf ki, sadaladığımız amillərə görə, bizdə söküntü və köçürülmə prosesi bu şəkildə ağrılı aparılır. Bəzi tikinti şirkətləri Avropa Məhkəməsinin qərarlarından dərs çıxarmaq istəmirlər.