Qüsurla doğulan qızlar: Qaçır, oynayır, velosiped sürürlər


 Türkiyənin Batman bölgəsində anadangəlmə fiziki qüsurla doğulmuş 2 körpə Arin və Ayda bacıları həmyaşıdları kimi küçədə topla oynayır, qaçır, velosiped də sürürlər. Bu, yardımsevər vətəndaşların, işçilərin hesabına mümkün olub. “Sherg.az” “NTV,com.tr”yə istinadən xəbər verir ki, Mehmet və Şükran Akdoğanların Arin adını verdikləri qızları sağ ayağı soldan qısa, iç tərəfə əyilmiş və 2 barmaqlı doğulub. Həkimlər uşağın ayağının kəsiləcəyini deyib. Yaş yarımlıq olanda uşağın sağ ayağı amputasiya olunub. Cütlüyün 3 il əvvəl dünyaya gələn qızları Ayda da bacısı kimi sağ ayağında qüsurla doğulub. Onun da ayağı, uşaq yaş yarımlıq olanda amputasiya edilib. Uşaqlara protez ayaqlar qoyulması məsləhət görülüb, lakin ailənin buna maddi imkanı olmadığından bacılar uzun müddət normal şəkildə hərəkət edə bilməyib. Amma ailənin ehtiyaclarını bilən qonşular, ətraf ərazilərdə çalışan işçilər, sahibkarlar, sənətkarlar bir araya gələrək Akdoğan ailəsinə yardım kampaniyası başladıb. Sosial media üzərindən də çağırışlar edilib. Nəticədə uşaqların protezləri üçün gərəkən vəsait toplanıb. Bu vəsaitə protezlər alınıb və Arin, Ayda bacılarının ayağına taxılıb. Uşaqlar indi sərbəst addımlayır, küçədə yaşıdları ilə top oynayır, velosiped də sürə bilirlər. Batmanda xırda ticarətlə məşğul olan Mirkan Yıldız qızların ayağa qalxmalarını məhəllə sakinlərini xoşbəxt etdiyini deyib: “Hamını səfərbər edib lazım olan məbləği topladıq. Bunu Allah rizası üçün etdik. Bizə dəstək verən, köməyini əsirgəməyən könül dostlarımızdan Allah razı olsun. Yaxşılıq etmək savabdır. Ən böyük zənginlik könül zənginliyidir”, deyib. Qızlar böyüdükcə protezləri də dəyişdirilməli olacaq. Ancaq məhəllə sakinləri bütün xərcləri yenə də üzərlərinə götürəcəklərini bildiriblər.