Azərbaycanda ehsan süfrələri yığışdırılır? - Din xadimlərinin fikirləri haçalandı 

Deyirdilər, Naxçıvanda yas mərasimlərini Vasif  Talıbov qadağan edib. Nə oldu?!. İndi ki Vasif Talıbov yoxdu, yəni, vəzifədə deyil. O vəzifədə olanda Naxçıvanda yas mərasimlərində yalnız çay, qənd, limon verilməsinə icazə vardı. İndi lap “betər” olub. Mahmudkənd sakinləri yas məclislərini yerli-dibli ləğv ediblər. Belə çıxır ki, Mahmudkənd sakinləri Vasif Talıbovdan çəkinirmiş, o vəzifədən uzaqlaşdırılan kimi yas məclislərinə tamamilə qadağa qoydular. Sosial şəbəkə vasitəsiylə edilən elanda bu cümlələr yer alır: 
“Mahmudkənd sakinlərinin nəzərinə: Hörmətli həmkəndlilər, dəyərli dostlar. Nəzərinizə çatdırmaq istəyirik ki, kənd əhalisinin birgə qərarı ilə 10.09.2023-cü il tarixdən yas mərasimlərində 3,7,40 və il ehsanlarının verilməsi ləğv edilir. Hər hansı bir şəxs bu qərarı pozarsa, həmin mərasimdə heç kim iştirak etməyəcək.
Hörmətlə: kənd camaatı.” 
Anlamaq həqiqətən çətindir. İnanclı olan Naxçıvan camaatı niyə yas məclislərinə qənim kəsilib. Niyə Bakı, Şəki, Şamaxı... və sair və ilaxır, camaatı sözü bir yerə qoyub yas mərasimlərini ləğv edə bilmir, rəhmətə gedənin ardınca ev əhli də məhz yas mərasimlərini yola verməklə az qalır o dünyalıq olsun?!.  Burda nəsə bir əmma var. Bununla Naxçıvanın Mahmudkənd sakinlərinə tənə vurduğumuzu əsla düşünməyin. Əksinə, ürəkdən təqdir edirik. Alqışlayırıq. Amma, nə olsun? Yas mərasimləri öz axarıyla davam edir. Mərasim evləri qiymət oxumaqla məşğuldur. Yas məclislərində süfrədə təkcə “quş südü” çatışmır. Bu məsələ artıq həddini çoxdan aşıb. “Durun”, “dayanın” deyən də yoxdur. Arada belə söz-söhbətlər gedir, ertəsi gün unudulur, yenə “dəyirman işləyir”. Yas mərasimlərindəki israfçılıq bir yana qalsın, əsas, dinimizin ehkamlarının pozulmasının qarşısını almağın bir yolu, yöntəmi yoxdurmu? 
Yas mərasimləri olsunmu, olmasınmı?  
Adətimiz üzrə bu məsələdə də fikirlər haçalanır. Həm də 2-3 tərəfə də yox, bir neçə istiqamətlərə. Kasıbların halına yananlar, varlıları, imkanlıları nəzərdə tutub “imkanı çatan iftar süfrəsi versin”, deyənlər, isti yeməyə həsrət qalanları düşünüb “elə adam var, yas məclislərində ac qarnını doyurur”, deyib ac-yalavacın dərdini çəkənlər, hətta ömrü boyunca savab bir iş görmədən dünyanı tərk etmiş birisinin axirətini düşünüb “heç olmasa ehsan yeyib “Allah rəhmət eləsin”, deyəcəklər” söyləyənlər də var. Paytaxtda, bölgələrdə indiyədək tikilib istifadəyə verilmiş Mərasim Evlərinin sonrakı taleyini düşünənlər də var. Əslində, bəlkə ən çox düşünüləsi məsələ də elə budur. Həqiqətən də, bəs bu mərasim evləri necə olacaq? Onlardan necə istifadə ediləcək? Bəs orada çalışıb evinə çörək pulu aparanların aqibəti necə olacaq? Hələ məscidlərdə xüsusi olaraq yas məclisləri üçün ayrılmış yardımçı tikililəri, otaqları, orada işləyən aşbaz qadınları, xörək, çay paylayanları neyləyək? Onlar da işsiz qalsın? Görünən budur ki, bu məsələ həqiqətən müşküldür. İplər bir-birinə o qədər bağlıdır ki, biri açılsa, aləm qarışacaq. 
Bəs dindarlar, ilahiyyatçılar nə deyir?

İlahiyyatçı Ağa Hacıbəyli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, dini məsələlərdə dini qanunlar əsas götürülməlidir: 

-Biz dini məsələlərə Vəhyin pəncərəsindən baxaraq dəyərləndirməliyik. İslama görə yas mərasimi üç gün olur.  Yaxınlar, qohum- əqraba, tanışlar başsağlığına gəlir. Hədisə görə qonşular hüznlü evə yemək gətirir.  Onlarla birlikdə yeyirlər.  Ona görə də hər hansı bir bölgənin verdiyi qərarı diqqətlə izləməliyik. Əgər bu qərar İslamı təmsil edirsə təqdir edilməlidir. Əks təqdirdə təqdir edilməməlidir. 

Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu bu fikirdədir ki, yas mərasimlərində yemək verilməsi adəti ləğv olunmalıdır: 

- Başsağlığı vermək üçün gələn adamlar 15-20 dəqiqə ərzində bunu edə, ən uzağı bir stəkan çay içib gedə bilər. Bu yemək məclislərinin nə ölü sahibinə, nə də camaata bir faydası yoxdur. Bu cür axına qapılıb borc xərclə ehsan verməyin ölüyə heç xeyiri yoxdur. Bundan qazanan mərasim evləri, orda işləyənlərdir. İmkanı olanlar daha faydalı işlərə sərf edə bilər, ehsan məqsədi ilə. Məsələn, bir xəstənin əməliyyat xərcini, bir tələbənin təhsil haqqını ödəməklə daha çox savab və təşəkkür qazana bilər. İmkanı olmayan isə ailə üzvü öldüyü üçün xərcə düşməməlidir.  Bahalı ehsan süfrələri insanları çətin vəziyyətə salır. Onu sadə və ucuz başa gələn etmək lazımdır. Moizəyə gəlincə isə artıq dövr dəyişib, heç kim yasda din öyrənmir, nə də indi elə bir şərait də olmur. Yəni kimsə düşünürsə ki, yas yerində islam təbliğ olunur, yanılır. Xatırlayırsınızsa, biz bu barədə 2014-cu ildə dini komitə qadağa təşəbbüsü edəndə davamlı yazırdıq. Bu cür işlərin asağıdan, yəni xalq tərəfindən olması lazımdır. Dövlət qurumları edəndə nəticə olmur, əvəzində problem daha da böyüyür. Ona görə də düşünürəm ki, bu şəkildə xalqın özü təşəbbüs göstərməsi yaxşıdır. Cəmiyyətə müsbət nümunələr təqdim olunmalıdır. Hesab edirəm ki, israf etməklə, ən əsası bunu dəb halına salıb kasıb adamlar üçün çətin vəziyyət yaratmaqdansa yaş məclislərini ən azı dinin gostərişlərinə uyğun edə bilər bu camaat. Amma göründüyü kimi, heç kim özündən başlamaq istəmir. Ona görə də çətin ki düzələ.

Bakı İslam Universitetinin məzunu, ruhani Rəmzin Bayramov hesab edir ki, zehniyyətdə düzəlişlər olmalıdır, əks təqdirdə problem həllini tapası deyil: 

- İlk öncə zehniyyətə düzəliş edilməlidir. Mənim yoxdur gücüm çatanı, sənin varındı edə biləcəyin ehsanı et. İndiki zehniyyətlə nə rəsmi, nə də qeyri- rəsmi bunu tənzimləmək olmaz. Bir-iki məsələ istisna olmaqla zaman-zaman bu gündəmə gəlib, amma effekt verməyib. Ehsan verməyən adam belə yenə də hansısa adla o ehsanı bişirib həmən adamlara verib. On illik ruhani təcrübəm bunu göstərir. Dəfələrlə müəyyən şeyləri yığışdırmaq qərarına gəlmişik, amma yenə pozulub. Əvvəlcə zehniyyət düzəlməlidir. Bu gün ağsaqqalı, qarasaqqalı yığışıb qərar verəcək, amma 3 ildən sonra yenə qayıdılacaq o işə. İnsan psixologiyası dəryadan keçən Musanın qövmünün büt görən kimi “bizə də elə bir büt düzəlt deməsi” misalındadı. Bir dəfə məclisdə cavan birisi dedi ki, mən kənddə ehsanı ləgv etmisəm, filan... Başqa bir qocaman ruhani dedi, bala, kənddə sənin sözünü eşidirlərsə,  de görüm, Allahın haram etdiyi arağı da toylardan yıgışdırıbsan, ya yox? Yəni, birinci haramdan başqalayaq ki, növbə halala çatanda Allaha da deməyə sözümüz olsun.

İlahiyyatçı Səyavuş Yəhyayev isə ehsan məclislərinin ləğvinə qarşıdır:

- Ehsan məclislərinin ləğv edilməsini istəmək ziyandan başqa bir şey deyil. Kimlərinsə ifrata varmağı bu xeyir ənənəni (eləcə də şəriyyət qaydasını) inkar etməməlidir! Dünyadan köçənə ehsan verməyin həm ölü sahibinə, həm camaata, həm də elə ölünün özünə xeyri var. Ölü sahibinə xeyri odur ki, başı qarışır, ağır itkisini verdiyi ehsanla daha rahat yola salır, bununla təsəlli tapır. Camaata xeyri odur ki, dadlı yemək yeyir (xatırladım ki, çoxları bundan məhrumdur), bir yerə toplaşır, qohum-qardaşı, dost-tanışı görür. Yeməyə ləngiməklə onlarla dərindən hal-əhval tutur, molla moizəsinə qulaq asır. Əgər bir çay içib dursa bunların heç biri olmayacaq. Təssüflər olsun ki, yaslar qohumlarla əlaqənin yeganə vasitəsinə çevrilib. Ölüyə xeyri odur ki, savabına yazılır. Yasa gələn camaatın hamısı varlı-hallı deyil!!! Rayonları, kəndləri düşünək. Yeyib doyandan sonra ÖLÜYƏ rəhmət oxuyurlar, ehsan verənə yox.  3; 7; 40; cümə axşamları həm şəri həm də ənənəvi mərasimlərdir. Allah-taala müxtəlif günahların əvəzini (kəffarəsini) kasıblara təam verməkdə qoyub. Yemək verməyi qadağan etmək yaranmış mübit şəraitdə avtomatik bu xeyir əməlləri təxirə salmaqdır. Bəs ölünü urvatlı yola salmaq lazım deyil? Təbrlilər demiş “quyladın qurtardı?!”  Ölünü düşünən yoxdur. Ölənin öz malından özünə ehsan verməyi necə qadağan etmək olar?! İfrat mərasimlərin qarşısını almağın yolu isə mollalardır. Məhz savadlı din xadimi ehsan süfrəsini tənzimləməlidir. Ölünü basdıran molla mərhumun ev-eşiyinə baxıb ehsanını təyin etsin. Kasıbdır, az ehsanla yola versin, imkanlıdır, qoy dədəsinə normal ehsan versin! Problemin kökü molladır. Camaat da gərək mollasına ehtiram göstərsin, adam yerinə qoysun, məsləhət alsın. Bu mənasız müzakirələrdənsə, qəbir yerlərinin pulla satılmasını, hökumətdən maaş alan mollaların ölü yeyəsindən də pul almasını, dəfnin çətinliklərini gündəm edin. Şəhərdə bu işlər ikiqat çətindir. Yoxsa camaata verilən ehsanla nə işiniz var?!.