ABŞ mütəxəssisləri FHN əməkdaşlarına təlim keçiblər

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Amerika Birləşmiş Ştatlarının (ABŞ) Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının Radioloji Təhlükəsizlik bölməsi tərəfindən təşkil olunmuş “Müştərək fəaliyyət və daşınmanın qiymətləndiriməsi sahəsində əməkdaşlıq” mövzusunda keçirilən seminarda iştirak ediblər.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, 9-12 oktyabr 2023-cü il tarixlərində Bakıda keçirilmiş seminar beynəlxalq təlimatlara uyğun olaraq radioaktiv maddələrin daşınmasının təhlükəsizliyi ilə bağlı risklərin qiymətləndirilməsi və azaldılması üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil edilib.

Seminarda mövzuya dair tədqiqatlarla bağlı tapşırıqlar, dekonstruksiya və sınaqlar, eləcə də daşınma zamanı təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Təlimi uğurla bitirmiş iştirakçılara sertifikatlar təqdim edilib.