İnsanlar arasında barışıq yaratmağın əhəmiyyəti

İnsanlar arasında barışıq yaratmağın Uca Allah tərəfindən böyük mükafatı vardır. Bu barədə Quran ayələrində Allah - Təala buyurur:

"Həqiqətən, möminlər bir-biri ilə qardaşdır. Buna görə də qardaşlar arasında barışıq yaradın və Allahdan qorxun. Ümid var ki, Allah sizə rəhm etsin."

"Onların pıçıldaşmalarının çoxunda bir xeyir yoxdur, yalnız sədəqə verməyi, ya yaxşı iş görməyi, ya da insanlar arasında sülh yaratmağı əmr edənlərdən başqa. Kim Allah razılığına xatir belə edərsə, tezliklə ona böyük mükafat verərik."

Barışıq və sülh yaratmağın əhəmiyyəti haqqında Məsumlardan (ə) gələn hədislərin bir qisminə nəzər salaq:

Həzrət Məhəmməd (s) buyurub: "Sizə namazdan, orucdan, sədəqədən (zəkatdan) daha fəzilətli bir şeydən xəbər verimmi? Bu, insanlar arasında sülh yaratmaqdır. Çünki insanlar arasında əlaqənin pozulması ölümə və dinin aradan götürülməsinə bərabərdir."

İmam Sadiq (ə) buyurub: "İnsanlar Bir-birilə ixtilafa və düşmənçiliyə düçar olanda onların arasında sülh yaratmaq, bir-birlərindən uzaqlaşan zaman onları yaxınlaşdırmaq, Allahın sevdiyi bir sədəqədir."

İmam Sadiq (ə) Müfəzzələ xitabən buyurmuşdur: "Bizim şiələrdən iki nəfərin çəkişdiyini gördükdə, mənim malımdan ixtilafa səbəb olan xərci ödəməklə, onların arasında barışıq yarat."