“Heydər Əliyev-Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu”

Həyatda uğura nail olmaq üçün müxtəlif sınaqlardan keçmək lazım olur. Bütün bunlar həm də insana həyatın keşməkeşli yollarında, fərqli situasiyalarda necə davranmalı olduğunu da öyrədir. Məhz belə məqamlarda insan özünə mənəvi dayaq olacaq kumir seçir. 

Mənim üçün isə həmin şəxs Heydər Əlirza oğlu Əliyevdir. O, Azərbaycan xalqının dayağı, bacarıqlı rəhbəri olmuşdur. Heydər Əliyev həm dövlət, həm də ailə başçısı kimi nəinki hər bir azərbaycanlı, həmçinin bütün dünya insanları üçün ən ali nümunədir. Onun Azərbaycan dövlətçiliyinin rifahı naminə gördüyü işlər kiçikdən böyüyə hər kəsin keçmiş, indiki və gələcək həyatına bilvasitə və bilavasitə təsir göstərmiş və göstərməkdədir.

 Azərbaycançılıq idealogiyasının banisi sayılan Heydər Əliyev milli tribunalarda və xalq arasında bu idealogiyanı hər bir azərbaycanlıya aşılamağa çalışmış, daim doğma ana dilimizə sədaqətə çağırmış, gənclərin milli vətənpərvərlik ruhunda yetişməsinə səbəb olmuşdur. Yurdumuzun nemətlərinin dəyərliliyini hər fürsətdə dilə gətirmiş, Azərbaycanın qüsursuz təbiətindən zövq almağı tövsiyə etmişdir. Xalqına qarşı baş verən haqqsızlıqlara boyun əyməyən, xarici qüvvələrin təsiri altına düşməyən, Azərbaycanı erməni və rus hücumundan, “düşmən dəyirmanına su tökən” daxili qüvvələrin təzyiqindən qoruyan və belə çətin vəziyyətdə millətinə öndər olan Heydər Əliyevin xidmətləri Azərbaycan tarixi üçün xəzinədir. Onun var olan bütün müsbət keyfiyyətlərin üzərində təcəssüm tapmış insan olduğunu desək, yalan olmaz. 

Ümummili Lider H.Əliyev nəinki Azərbaycanın siyasi sferasındakı rolu ilə, o, həm də təhsilə, elmə verdiyi dəyər və göstərdiyi qayğı ilə də tanınır. Heydər Əliyev Respublikamızın tərəqqisinin savadlı, milli kadrlar hazırlandığı halda mümkün olduğunu qeyd edirdi. O, təhsilin inkişafına xüsusi diqqət yetirmiş, maariflənmə şəbəkəsinin genişlənməsinə çalışmış, ölkədəki təhsil ocaqlarının müasir standartlara uyğun qurulmasına, modern inkişaf tələblərinə müvafiq səviyyəyə gətirilməsinə səy göstərmişdir. Müstəqil Azərbaycan Respublikasının memarı, xilaskarı və qurucusu, xalqına və onun mədəniyyətinə, mənəviyyatına son dərəcə bağlı olan Heydər Əliyev özü ölkəmizin ilk elm və təhsil ocağı sayılan Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunu olmuşdur. 

O, ömrünün bütün dövrlərində yüzlərlə alim, ictimai xadim, ziyalı yetişdirmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, qocaman təhsil ocağı olan doğma universiteti ilə daim əlaqədə olmuş, həm dövlət başçısı kimi, həm də sevgi və doğmalıq hissindən irəli gələrək ona qayğı ilə yanaşmışdır. Ümummilli Lider Azərbaycanın müasir inkişafının məhz bu elm ocağının nailiyyətləri əsasında mümkünlüyünü qeyd etmiş və yeni nəslin yetişdirilməsində hər cür şəraitin yaradılması üçün əlindən gələni etmişdir. Beləliklə, Bakı Dövlət Universiteti hər zaman təhsilə göstərilən qayğının mərkəzində dayanmışdır.. 

Heydər Əliyev 1969-cu ilin iyun ayında Azərbaycan KP MK-nın 1-ci katibi seçilmişdir, Bakı Dövlət Universitetinin 50 illik yubileyi də elə həmin ilə təsadüf etmişdir. Bu yubiley xalqımız və dövlətçiliyimiz üçün bayram sayılırdı. Həmin vaxt Heydər Əliyev universitetdə yubileyə hazırlıq işləri ilə tanış olduqdan sonra  görüləcək işlərə dair ayrı-ayrı dövlət orqanlarına göstəriş vermişdir. Yubileyin keçirilməsi ilə əlaqədar planlar universitetin gələcək inkişafına yönəlmişdi. 

Böyük ruh yüksəkliyi ilə keçirilən bu mərasim həm də ona görə qiymətli idi ki, bu universitetin məzunlarından biridə dünya şöhrətli, fədakar dövlət xadimi Heydər Əliyev idi. Ulu Öndərin “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam!” ifadəsini məğrurcasına işlətməsi, Bakı Dövlət Universiteti ilə daim qürur duyması, onun Azərbaycan xalqının həyatında, elmin inkişafında, iqtisadiyyatımızın yüksəlişində səmərəli rolunu vurğulaması göstərdiyi diqqətin və duyduğu sevginin bariz nümunəsidir.Minlərlə tələbənin təhsil almasına şərait yaradan Dahi Liderçıxışında belə söyləmişdir: “Bəziləri şəkk gətirib deyirdilər ki, bu iş baş tutmayacaqdır, yaxşısı budur, gəncləri xarici ölkələrin tanınmış universitet mərkəzlərində təhsil almağa göndərək. Bu gün biz həmin inamsızlara deyə bilərik ki, 4 qitənin elçiləri təhsil almaq üçün Azərbaycana gəlirlər. Azərbaycanın ali məktəblərində dünyanın 27 xarici ölkəsinin gəncləri təhsil alırlar. Azərbaycan Universitetinin tarixi xidməti bir də bundadır ki, o, Azərbaycanın xalq təsərrüfatı, elm və məniyyəti üçün yüksəkixtisaslı mütəxəssislərin böyük bir dəstəsini hazırlamışdır”. 

Bakıda Universitetin Azərbaycan xalqının həyatının ağır günlərində yarandığını vurğulayan Heydər Əliyev o dövrdə mövcud olan vəziyyətin belə universitet yaradılması uğrunda hərəkatın qarşısını ala bilmədiyini çox cəsarətlə vurğulamışdır.

 Belə bir təlatüm içərisində Universitetin yaranmasını qabaqcıl qüvvələrin qələbəsi kimi qiymətləndirən görkəmli siyasi xadim bu mühüm hadisənin doğma xalqı maarifləndirmək, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardığı mübarizənin yekunu olduğunu göstərmiş, Sovet hakimiyyətinin qurulmasına baxmayaraq, xalqın təkidi ilə Azərbaycan Universitetinin xalq ali məktəbinəçevrildiyini, bu məktəbin qapılarının fəhlə və kəndlilərin üzünə açıldığını vurğulamışdır. Heydər Əliyev dövlətimiz üçün əsl idarəçilik məktəbi, qətiyyət simvolu idi. Onun təhsil sahəsinə göstərdiyi xidmət hər kəsə nümunə idi, o, bu sahədə davamlı müşavirələr keçirmiş, bu sahə ilə yaxından məşğul olmuşdur. Hər il təxminən 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə həm Azərbaycanda, həm də Sovet İttifaqının Moskva, Leninqrad və digər böyük şəhərlərindəki aparıcı ali məktəblərdə müxtəlif sahələrdə təhsil almışdır. 

Məhz Heydər Əliyevin qayğısı sayəsində 1970-ci illərdə universitet Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün mütəxəssislər hazırlayan güclü bir mərkəzə çevrilmişdir.Azerbaycan universitetində təhsil alan həmin gənclər öz ölkələrinə döndükdən sonra müxtəlif vəzifələrdə çalışmış, sonralar bəziləri siyasi xadim, dövlət xadimi olmuşdur. Müsbət haldır ki, ABŞ-dan və Avropanın bir sıra ölkələrindən gələn tələbə  va tədqiqatçılar da Azərbaycan elmi, təhsili, mədəniyyəti və tarixi ilə tanış olmuş, universitet laboratoriyalarında və kafedralarında çalışmışlar. 

1980-ci ilda universitetin yaradılmasının  60 illik yubileyi keçirilmiş və həmin tədbirdə  Heydər Əliyev də iştirak etmişdir. Bundan sonra da universitet həyatında yeni laboratoriyalar və kafedraların açılması, bir sıra əməkdaşlara fəxri adların verilməsi kimi yeniliklər olmuşdur.

Heydər Əliyev hər zaman Azərbaycanın intibahını Bakı Dövlət Universitetində axtarmış və universitetin inkişafı üçün əlindən gələni etmişdir. Ulu Öndərin epoxasının mənəvi yüksəliş tarixinin mərkəzində məhz Bakı Dövlət Universiteti dayanır. O, həmin universitet haqqında belə söyləmişdir: 

“Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir”. Bu ifadə onun həm Bakı Dövlət Universitetinə, həm təhsilə, həm də öz xalqına olan sevgi və ehtiramını göstərir. Heydər Əliyev bu sərvəti göz bəbəyi kimi qorumaq üçün tələbkar rəhbər qətiyyəti göstərmişdir. Eyni zamanda, hər bir ziyalıya, ictimai xadimə, elm sahibinə xüsusi qayğı ilə yanaşmışdır.Bütün bunlar onu deməyə əsas verir ki, Bakı Dövlət Universiteti öz dünya şöhrətli məzunu Heydər Əliyevin xidmətlərinin nəticəsi olaraq, şərəfli bir yol keçmiş və keçməkdədir. Bu gün Ulu Öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Bakı Dövlət Universitetinə göstərilən qayğı və diqqəti davam etdirməsi universitet kollektivinin təhsildə və elmdə yüksək yaradıcılıq uğurlarını zənginləşdirmək, dünya təhsilinə və elminə inteqrasiyasını sürətləndirmək üçün gərgin səylərini davam etdirir.  Zaman keçdikcəAzərbaycan Heydər Əliyevin siyasətinin məqsədinə uyğun olaraq daha da inkişaf edir və çiçəklənir.  Bakı Dövlət Universiteti Heydər Əliyevin bu siyasətini iri addımlarla irəliləyərək davam etdirir və dünyanın ən prestijli universitetlərindən birinə çevrilir.

Bu gün mən də Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıram və BDU-nu seçməyimin səbəblərindən biri də Ümummilli Lider H.Əliyevin bu universitetə verdiyi töhfələrin  nəticəsində onun ölkənin ən prestijli universitetlərindən biri, hətta birincisi olmasıdır.Bu hal mənim də bu ifadəni işlətməyimə əsasdır: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin məzun olduğu universitetdə təhsil alıram!”

Biz Azərbaycan xalqı olaraq inanırıq ki, bəşəriyyət durduqca ölkəmizin milli sərvəti olan Bakı Dövlət Universiteti öz uğurları ilə zəngin və qədim tariximizə yeni və parlaq səhifələr yazacaq, dövlətimizin güclənməsinə və dünya ölkələri arasında tutduğu layiqli yerinin daha möhkəmləndirilməsinə öz faydasını verməkdə davam edəcək, xalqımızın intellektual səviyyəsinin inkişafına göstərdiyi güclü təsirini saxlayacaqdır. 

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 3-cü kurs tələbəsi
                                                                                          Məmmədova Nuray Məhərrəm qızı