Draqana Koiç: Azərbaycan minadan zərər çəkənlərlə bağlı böyük işlər görür

"Azərbaycan minadan zərər çəkmiş şəxslərlə bağlı böyük işlər görür və bu, çox təqdirəlayiqdir".
APA xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin başçısı Draqana Koiç "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
O qeyd edib ki, minadan zərər çəkmiş şəxslər iş qabiliyyəti olan yaşda belə faciə ilə qarşılaşdıqdan sonra nə edəcəklərini bilmirlər:
"İnsanların bizimlə bölüşdükləri problem odur ki, onlar hara müraciət edəcəklərini bilmirlər. Mən mülki şəxslərdən danışıram, onlar bizə yanaşır və yardım üçün müraciət edirlər. Onlar hansı imtiyazlarının olacağını və hansı prosedurlardan keçməli olduqlarını bilmirlər. Ona görə də bu məsələlərlə məşğul olan bir qrup olmalıdır. Bununla bağlı sayt və ya qaynar xətt yaradıla bilər. Ola bilər ki, nazirlikdə qaynar xətt var, onlar buna zəng edərək məlumat ala bilərlər. Bunlar həmin zərərçəkənlərin diqqətinə çatdırılmalıdır".