Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;
Yarım milyon azərbaycanlı az qüvvə deyil
Qloballaşan dünyada miqrasiya qarşısıalınmaz bir prosesə çevrilib və insanlar, o cümlədən də azərbaycanlılar harada doğulmalarından asılı olmayaraq, sərbəst şəkildə başqa ölkədə, başqa qitədə yaşamağı seçə bilirlər. Sevindirici haldır ki, dünyanın 5 qitəsində yaşayan soydaşlarımız məskunlaşdıqları ölkələrin siyasi, iqtisadi və sosial həyatında yaxından iştirak edirlər. Hazırda azərbaycanlılar dünyanın 100-dən çox ölkəsində yaşayırlar. 70-dən çox ölkədə yaşayan soydaşlarımızla intensiv əlaqələr mövcuddur. Avropa ölkələrində, ABŞ-də, qonşu Rusiyada, Türkiyədə yaşayan həmvətənlərimizin sayı digər ölkələrə nisbətdə daha çoxdur. Son dövrlərdə müxtəlif ölkələrdəki diaspor təşkilatlarımızın fəallığı daha da artmaqdadır ki, bu da təbiidir. Qarabağ Zəfərindən sonra dövlətimizin yeni inkişaf strategiyasını, milli ideologiyanın yeni istiqamətlərini müəyyənləşdirməsi prioritet vəzifəyə çevrilib. Şübhəsiz, bu missiyada xaricdəki diasporamızın da üzərinə müəyyən vəzifələr və yeni missiya qoyulub. Dünyanın bir çox ölkəsində təşkilatlanmış diaspor qurumlarımız yeni dövrün reallıqlarına və tələblərə adekvat olaraq öz fəaliyyət çərçivələrini daha da genişləndirməyə üstünlük verirlər. Azərbaycan diasporasının uzun illərdir fəaliyyət göstərdiyi tərəfdaş ölkələrdən biri də hazırda Rusiya ilə müharibə şəraitində olan Ukraynadır. Məlum olduğu kimi, yanvarın 22-də Ukrayna və Azərbaycan diasporları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum imzalanıb. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk səhifəsində məlumat yayıb. Səfir bildirib ki, bu hadisənin bütün dünyada ukraynalıların Birlik Gününü qeyd etdiyi bu gün baş verməsi simvolikdir: "Axı bütün ukraynalıların səylərinin birləşdirilməsi Ukraynanın qaçılmaz qələbəsinə, suverenliyin və ərazi bütövlüyünün bərpasına zəmanət verən ən güclü silahdır. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu ilə Azərbaycandakı Ukraynalıların Birləşmiş İcması arasında Memorandum xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi üçün möhkəm zəmin yaradır və Ukrayna ilə strateji tərəfdaşlığın inkişafı çərçivəsində birgə layihələrin həyata keçirilməsinə töhfə verəcək. Memorandumun məqsədi, həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən silahlı təcavüzü kontekstində Ukrayna və Azərbaycan diasporlarının səylərini və birgə fəaliyyətini əlaqələndirməkdir”. Kanevski Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadovu və Azərbaycandakı Ukrayna İcmasının rəhbəri Tamila Musayevanı səfirliyin binasında qəbul edib. Ukraynaya dəstək məqsədilə layihələrin həyata keçirilməsində mümkün töhfələrinə görə onlara təşəkkürünü bildirib. Müxtəlif mənbələrin məlumatına görə, Ukraynada müharibədən öncə təxminən 500 min azərbaycanlı yaşayıb. Bu ölkənin çoxsaylı şəhərlərində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Azərbaycanda isə rəsmi statistikaya görə, 21.5 min ukrayn yaşayır. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Mirqorod şəhər və Mirqorod rayon təşkilatının sədri Zamir İsmayılov da bildirib ki, digər ölkələrdə olduğu kimi, Ukraynadakı diasporumuz da yeni hədəflər istiqamətində fəaliyyətini gücləndirməlidir. Diaspor fəaliyyəti lobbiçiliyə çevrilməlidir: “Ukraynada yaşayan soydaşlarımız yerli şuralara, Ali Radaya deputat seçilmək istiqamətində səylərini birləşdirməlidirlər. Ukraynanın dövlət strukturlarına inteqrasiya artmalıdır”. Onun sözlərinə görə, təbii ki, Azərbaycanın Zəfərini, uğurunu həzm edə bilməyən xarici qüvvələr ölkəmizə qarşı çirkin kampaniyanı, təzyiqi dayandırmayacaq. Azərbaycan diasporu ölkəmizə qarşı hər bir təxribatla bağlı ayıq-sayıq olmalı, yeni milli strategiyanın tələblərindən irəli gələn hədəflərə çatmaq üçün səylərini gücləndirməlidir. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və idman departamentinin rəhbəri, Lvovdan diaspor fəalı Şəhriyar Məhərrəmov isə bildirib ki, Qarabağ Zəfərindən sonra dövlətimizin yeni inkişaf strategiyası və milli ideologiyanın yeni istiqamətləri müəyyənləşib: "Ona görə də Azərbaycanın xaricdə fəaliyyət göstərən diaspor təşkilatları qarşısında artıq yeni hədəflər qoyulub və digər ölkələrdə də olduğu kimi, Ukraynada yaşayan diaspor fəallarımız da fəaliyyətini artıq bu yeni məqsədlərə çatmaq istiqamətində quracaq. Sözsüz ki, biz artıq lobbiçilik fəaliyyəti haqqında düşünməliyik və diaspor olaraq dövlətimizin güclənməsinə daha ciddi töhfə və dəstək verməliyik. Yerli seçkili orqanlara və Ali Radaya seçilmək, ümumiyyətlə, diasporun Ukrayna cəmiyyətinə inteqrasiyası, soydaşlarımızın yüksək vəzifələrə təyin olunmaları üçün səylər birləşdirilməlidir. Qarabağın yenidən qurulmasına, Azərbaycanda yeni islahatların aparılmasına diaspor da öz töhfəsini verməlidir”. O bildirib ki, ümumiyyətlə, dünyada fəaliyyət göstərən diaspor təşkilatları vahid yeni milli ideologiyanın, strategiyanın formalaşması istiqamətində “Yol xəritəsi” hazırlamalı və Azərbaycan dövlətinə təqdim etməlidir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, diasporaların müvafiq ölkələrin həyatında xüsusi rol oynadığı şübhəsizdir. Ekspert diqqətə çatdırıb ki, özlərinə ikinci vətən seçən diaspora üzvləri qarşılıqlı olaraq iki ölkənin münasibətlərinin qurulmasında, yaxınlaşmasında əhəmiyyətli yer tuturlar: .
"Ukraynada yaşayan azərbaycanlıların çoxluğu real faktdır və onlar hətta Ukraynanın şəhərlərində müəyyən yerlərdə qruplar şəklində yaşayırlar. Ukrayna azərbaycanlı tələbələr üçün ali təhsil baxımından xüsusi yer tutub. Azərbaycan dövləti hər zaman Ukraynanın haqq müharibəsini dəstəkləyib. Oradakı azərbaycanlılar bu müharibədə qəhrəmanlıqları ilə seçilib, hətta şəhid olublar. Bu da iki ölkənin münasibətlərini daha da doğmalaşdırıb. Azərbaycanın Ukraynanın yanında olduğu dəfələrlə sübut edilib. Müxtəlif yardım kampaniyası ilə Ukraynaya dəstək olmuşuq. Bu baxımdan Azərbaycan-Ukrayna diaspor təşkilatlarının daha da səmərəli işləməsi üçün memorandum imzalanıb".
Politoloq vurğulayıb ki, memorandumun imzalanması hələ işin başlanğıcıdır:
"Bunun üçün ciddi iş aparılmalıdır. İlk növbədə diaspor təşkilatına elə adam rəhbərlik etməlidir ki, onun sözü eşidilsin. Eşitmişəm ki, diaspora rəhbərliyinin Ukraynada fəaliyyətinin qurulması üçün dövlət tərəfindən göstəriş verilib, amma nəticə etibarı ilə iş yarımçıq qalıb. Ukraynadakı hərbi durumu nəzərə alıb, Azərbaycan diasporasının daha ciddi təşkilatlanmalı olduğunu düşünürəm. Bu təşkilatlanma Ukrayna dövləti səviyyəsində sözünü deyə və hesaba alınacaq səviyyədə olmalıdır. Azərbaycan dövləti təbii ki, maliyyə məsələlərini həll etməlidir. Ukraynanın bir çox şəhərlərində yaşayan azərbaycanlıların əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi üçün həm internet, həm də Ukrayna telekanallarında xüsusi proqramların hazırlanması işin xeyrinədir. Diaspora təşkilatının həftəlik mətbu orqanı olsa, yaxşı olar. Həmin çap edilən qəzet və ya jurnallar azərbaycanlılara göndərilər. Onlar da bir-birilərindən daha yaxşı xəbər alarlar, öz təkliflərini, problemlərini bildirərlər. Yarım milyon azərbaycanlı təbii ki, az qüvvə deyil. Onların müəyyən vəzifələrə gəlməsi üçün də addımlar atıla bilər. Hesab edirəm ki, digər diaspor təşkilatlarının təcrübələrini də öyrənib tətbiq etmək olar".