Qadının sağlamlığı ölkənin sağlam gələcəyidir

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

“Reproduktiv sağlamlıq haqqında” qanun mütləq qəbul olunmalıdır

  “Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında” qanun layihəsinin qəbul olunması Milli Məclisin qarşısında duran mühüm məsələlərdən biridir. Bu barədə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Şöbə müdiri qeyd edib ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin Azərbaycanla bağlı tövsiyələrində də bu məsələ öz əksini tapıb. Məsələn, nikaha xitam verilmənin əsas səbəblərindən biri də sonsuzluqdur. Lakin müasir dövrdə hər bir insanı valideyn edə bilən tibbi üsul tətbiq olunur. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də məhz bu tələblər çərçivəsində hazırlanıb. Bu məsələ ilə bağlı daha ciddi problemlərin mövcud olduğunu söyləyən Adil Vəliyev bildirib ki, bütün bunlar qanun layihəsinin qəbulu ilə problemin hüquqi tənzimlənməsini vacib edir. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin əsas xüsusiyyəti də bu problemin həllində ailə planlaşdırılmasının əlavə mexanizm kimi təsbit olunmasıdır. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə rəhbərlik etdiyi komitənin iclasında bildirib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi diqqət mərkəzindədir: “Bu qanun layihəsinin üzərində iş gedir, ciddi müzakirələr aparılır. Vətəndaşlar bu qanunun qəbul edilməsini gözləyirlər. Çünki reproduktiv sağlamlığın qorunması və mühafizəsi, sağlam ailələrin və ailə münasibətlərinin formalaşması bu günün aktual məsələlərindən biridir”. Komitə sədri qanun layihəsinin cari ilin yaz sessiyasında qəbul ediləcəyinə ümidvar olduğunu da bildirib.
  “Reproduktiv sağlamlıq haqqında” qanun niyə gündəmdən düşmür? Səbəblər çoxdur. İlk növbədə qeyd etməliyik ki, qanunun qəbulu qadın sağlamlığınıın, ailə sağlamlığnıın qorunmasına, həmçinin ailə planlaşdırılmasının düzgün təşkilinə kömək edəcək. Məlumdur ki, qanun layihəsində dölün doğuşaqədərki inkişafı və doğuşdan sonrakı inkişafının istiqamətləri də əksini tapıb və bu da günün vacib tələblərindən biridir. Yeni zamanda sözügedən qanun layihəsində sonsuzluq probleminin həlli ilə bağlı da maddələr var. Lakin məhz bu məsələ ilə bağlı cəmiyyətdə fikir ayrılıqları olduğu da bəllidir. Qanun layihəsinin bütöv şəkildə bəyənilməsində yaranmış gecikmə də məhz bununla bağlıdır. Layihə ilə tanış olan müəyyən dairələr süni mayalanma, surroqat analıq məsələlərində ehtiyatlı olmağı tövsiyə edir. Məsələyə yenidən diqqət ayırmağımızın bir səbəbi də son illərdə geniş yayılmış süni mayalanma mexanizminin fəsadlarının artıq ortaya çıxmasıdır. Qanun qəbul olunmamış belə arzuolunmaz nəticələr ortaya çıxırsa, qanunun qəbulundan sonra vəziyyətin daha da pisləşəcəyi ehtimalı var. Hüquqşünas Əkrəm Həsənov baş vermiş bir hadisə barədə sosial şəbəkədə bəhs edib. Ə.Həsənov qeyd edir ki, Azərbaycanda süni mayalanma zamanı kişilərin aldadılması baş verir: 

“Süni mayalanma nəticəsində ailədə əkiz övladlar dünyaya gəlib. 7 ildən sonra ər və arvad boşanıblar. Bu əsnada arvad kişiyə deyib ki, sən heç uşaqların atası da deyilsən. Sən demə, kişi tam sonsuzdur. Kişinin dediyindən belə çıxır ki, bunu bilən həkim arvada başqa kişinin donorluğundan istifadə etməyi təklif edib, o da razılaşıb. Amma bunu kişidən gizlədiblər. Kişi məhkəməyə müraciət edərək, atalığının ləğv olunmasını tələb edib. Amma başda Ali Məhkəmə olmaqla məhkəmələr iddianı təmin etməyiblər. Bu zaman Ali Məhkəmə iki arqument gətirib: 1) bioloji ata olmadığını bilmədiyini və buna razılıq vermədiyini kişi sübut etməlidir; 2) kişinin razılığı olmadan klinika belə əməliyyat apara bilməzdi. Bu arqumentlər əlbəttə ki, gülüncdür. Kişi necə sübut etsin ki, razılıq verməyib? Əksinə, klinika sübut etməlidir ki, kişi yazılı formada razılıq verib. Amma klinika həmin razılığı məhkəməyə təqdim edə bilməyib. Deməli, razılıq da olmayıb. Olmayıbsa, digər kişinin donorluğundan istifadə qanunsuz olub. Arvad və klinika (həkim) sövdələşərək kişini aldadıblar”. Hüquqşünas süni mayalanma ilə övlad sahibi olmaq istəyənlərə müraciətində ehtiyatlı olmağı tövsiyə edib: “Süni mayalanmaya razılıq verən kişilər və qadınlar! Müqaviləni dönə-dönə oxuyun, həkimləri dəfələrlə xəbərdar edin ki, fırıldaq etməsinlər. Ən əsası isə uşaq doğulandan sonra azı iki fərqli yerdə DNT analizi etdirin ki, uşağın valideyni olduğunuza əmin olasınız. Xüsusən də bu, kişilərə aiddir. Çünki belə uşaqların doğulması, bir qayda olaraq, qadınların razılığı ilə baş verir. Sonradan da məhkəmələr bu fırıldağa qanuni don geyindirir. Bildiyimə görə, digər oxşar məhkəmə işləri də var!”.
  Burada məsələ təkcə kişinin – atanın aldadılması olsaydı, dərd yarı idi. Məsələ daha ciddidir; eyni donordan süni mayalanma yoluyla doğulmuş körpələrin nə vaxtsa həyatda üz-üzə gəlməsi və bir-biriylə evlənə biləcəyidir. Bacı-qardaş evliliyi! Bu isə faciəyə - uşaqların fiziki və əqli qüsurlu doğulmasına, eləcə də mənəvi deqradasiyaya gətirib çıxaracaq. “Valideyn”sə təbii ki, bunu bilməyəcək. Min cür səbəb axtaracaqlar, ailələrdə fəlakətlər yaşanacaq. Təsəvvür etmək çətindir ki, bu “ər-arvad” nəhayət hansısa testlər, analizlər sayəsində bacı-qardaş olduqlarını bildikdə nə baş verəcək. Bəlkə də heç nə baş verməyəcək, çünki cəmiyyət artıq mənəvi aşınmanın dibində olacaq?!. Bu baxımdan sonsuzluq məsələsində donorluğa, süni mayalanmaya, surruqat analığa qarşı çıxanların mövqeyi daha düzgün görünür.
  “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında “Reproduktiv sağlamlıq haqqında” Qanunun vacibliyindən danışdı:
- Cəmiyyətdə reproduktiv sağlamlığı artırmaq üçün müəyyən işlər görülür, ayrı-ayrı sənədlərdə bu öz əksini tapır, amma ümumilikdə qanun olmadığına görə kompleks şəklində reproduktiv sağlamlıq haqqında fəaliyyətləri koordinasiya etmək, qarşıya qoyulan vəzifələri yerinə yetirmək olmur. Mütləq şəkildə qanun olmalıdır. Qanun olmayınca fəaliyyətlərin icrası müəyyən mənada pərakəndə olacaq, ayrı-ayrı səbəblərdə öz əksini tapsa belə, fəaliyyətləri ortaya qoyan hesabatları və yaxud boşluqları aşkarlamaq olmur. Qanunun qəbulu vacibdir. Çünki qanun özündə qadınların sağlamlığına dair hər şeyi əhatə edir. Biz son illərdə selektiv abortlar, hamiləliyin yarımçıq sonlandırılması problemləri ilə üz-üzəyik. Bu isə həm demoqrafik vəziyyətə mənfi təsir edir, həm də qadın sağlamlığı üçün təhlükədir. Hər il dünyada minlərlə qadın uşaqlıq boynunun xərçəngi, yumurtalıqlarda bədxassəli şişlər, döş vəzi xərçəngi kimi dəhşətli xəstəliklərə tutulur və vəfat edirlər. Bunun başlıca səbəbi plansız hamiləlik, qadınların vaxtlı-vaxtında həkimə müraciət edib müayinələrdən keçməməsi, lazımi müalicə almamasıyla bağlıdır. “Reproduktiv sağlamlıq haqqında” qanun isə qadınların sağlamlığını təmin edəcək hüquqi sənəd olacaq. Qanunun qəbulu qadınlarımıza vaxtlı-vaxtında həkimə müraciət etmək üçün geniş imkanlar verəcək. Deyilə bilər ki, hazırda məgər belə deyil? İndi də qadınlar, ana olmağa hazırlaşanlar tibbi imkanlardan istifadə edir. Məsələn, hamiləliyin təyini, hamiləliyin gedişatına nəzarət, bir sıra müayinələr, müalicə üsulları İcbari tibbi sığorta paketinə daxildir və hər kəs bundan yararlana bilər. Lakin qanun layihəsində sonsuzluq, surroqat analıq məsələləri də əksini tapıb ki, bu da hesab edirəm qadınlar və ailələr üçün mühümdür.
  Süni mayalanmanın yaratdığı problemlərə gəlincə, M.Zeynalova bu məsələlər üzərində ciddi işlənməsinin tərəfdarıdır:
- Dinimiz süni mayalanmada donorluğu bəyənilməyən əməl hesab edir. Mən də belə düşünürəm ki, donorluq məsələsinə ciddi yanaşılmalıdır. Eyni donordan doğulmuş, müxtəlif vaxtlarda, müxtəlif ailələrdə böyümüş insanlar sabah bundan xəbərsiz evlənəcəksə, bu, böyük faciələr törədəcək. Donorluq başqadır, süni mayalanma başqa. Süni mayalanmanı həkimlər o zaman məsləhət görür ki, qadın hamilə qalmaqda problemləri ortaya çıxır. Bu, orqanizmdəki fəsadlarla bağlı ola bilər. Bu zaman hüceyrələr qadının bətnindən kənarda mayalandırılır, sonra ana bətninə yeridilir. Dünyada surroqat analıq da geniş yayılıb. Bir çox məşhurlar özləri uşaq dünyaya gətirmək istəmir, bunu başqa birisinin vasitəsilə edirlər. Amma öz hüceyrələri vasitəsilə. Şükür ki, xalqımız hələ bu cür məsələlərdə çox da maraqlı deyil. Amma süni mayalanma son illərdə çox artıb. Bu problemin üzərində ciddi düşünülməlidir.
  M.Zeynalova qeyd etdi ki, hazırda tv-lərdə süni mayalanma geniş reklam edilir. Bu, heç də xoş deyil:
- Hansı verilişə baxırsan, orada mütləq süni mayalanma həyata keçirilən klinikanın, həkimin reklamı gedir. Hesab edirəm ki, bu, insanları mənfi istiqamətə cəlb edir. Kimlərsə pul qazanmaq üçün reklamlara geniş yer verir, nəticədə gənc xanımlar, bəylər süni mayalanmaya meyillənir. Fikrimcə, süni mayalanmanın reklamındansa, sonsuzluğun səbəbləri araşdırılmalıdır. Niyə son illərdə kişilər və qadınlar arasında sonsuzluq artır, bu məsələyə diqqət yetirmək lazımdır. Sonsuzluq artmayıbsa, süni mayalanma niyə bu qədər reklam olunur. Yox əgər sonsuzluq problemi həqiqətən varsa, bunun səbəbləri bilinməlidir, müalicə ilə aradan qaldırılmalıdır.
  Donorluq məsələsi ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədri millət vəkili Musa Quliyev isə qeyd edib ki, Azərbaycanda hər il ailə quran cütlüklərin 13 faizində sonsuzluq müşahidə olunur: “Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi qeyri-müəyyən vaxta qalıb. Layihədə iki maddə razılaşdırılmayıb. Qanun layihəsində problemli məsələ donorluğun Azərbaycanda tətbiq olunması və yaxud bundan imtina edilməsi ilə bağlıdır. Qafqaz Müsəlmanları İdarəsi qətiyyətlə bu müddəanın əleyhinə çıxır. 1996-cı ildə qəbul olunmuş “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda donorluq maddəsi var. M.Quliyev qeyd edib ki, dövlət Azərbaycanın hər bir vətəndaşına bərabər hüquq və imkanlar yaratmalıdır. Dini inancdan asılı olaraq və ya olmayaraq, hər bir insan ona verilən imkanlardan yararlanmalıdır.