Ana ortaya çıxdı, amma küçəyə atılmış 4 yaşlı uşağı ona vermədilər

Küçəyə atılmış 4 yaşlı uşağın anası tapılıb. 

Bu barədə “Sherg.az”a  Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat verib. K.Ağazadə qeyd edib ki, səhər saatlarında ana 26-cı polis bölməsinə gedərək izahat yazıb. Sığınacağa uşağın ata nənəsi kimi təqdim edilən bir  qadınla gələn ana qalmaqal salmağa, səs-küy yaratmağa çalışıb: 

- Biz post-patrul çağırıb onları məkandan uzaqlaşdırdıq. Onu deyə bilərəm ki, uşağın qiymətləndirilməsi, ailənin monitorinqi aparılacaq. Ananın durumu öyrəniləcək, hər hansı mənfi vərdişlərə malikdirsə, davranış pozuntusu varsa,  valideynlik hüququndan məhrum ediləcək. Hələ ki uşaq sığınacaqdadır. Monitorinqin nəticələrinə əsasən bu barədə qərar veriləcək, uşaq anaya qaytarılsın, yoxsa dövlətin nəzarətinə verilsin.      

Xatırladaq ki, gecə saatlarında küçədə təkbaşına qalmış 4 yaşlı uşaq polis əməkdaşları tərəfindən aşkarlanaraq Uşaq Sığınacağına yerləşdirilib. Uşağın anası tərəfindən küçəyə atıldığı güman edilir. Bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə üzərindən paylaşıb.