Ağdamlılar haqlıdır: Yeni tikiləcək stadiona Allahverdi Bağırovun adının verilməsi daha doğrudur

Kərim Kərimli: “Qurban Qurbanovun fəaliyyətinin qiymətləndirilməsini başqa formada da həyata keçirmək olar”

  Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa ağdamlıları ayağa qaldırıb. Səbəb, millət vəkilinin Ağdamda yeni tikiləcək stadiona hazırda “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun adının verilməsi təklifidir.
Məhz bu təklif çılğın ağdamlıları hövsələdən çıxarıb.  Hərçənd Fazil bəy təklifin məğzini ətraflı izah edib. Lakin Ağdam ictimaiyyəti sakitləşənə oxşamır. Ağdam ictimaiyyəti, ələlxüsus da Milli Qəhrəman Allahverdi Bağırovun adı (xatirəsi) varkən başqa birisinin onu kənara itələyə biləcəyi ilə heç cür barışmırlar. Həm də bu sadə səbəbdən ki, A.Bağırov vaxtilə “Qarabağ” futbol klubunun oyunçusu və baş məşqçisi olub.  Qeyd edək ki, Fazil Mustafa özünün izahında regionlaşdırmanın əleyhinə olduğunu, A.Bağırovun bütün Azərbaycanın milli qəhrəmanı olmasını, hətta onun xatirəsinin, məsələn, Naxçıvanda da əbədiləşdirilməsi tərəfdarı olduğunu qeyd edib (hərçənd, bu bir az utopik səslənir – M.R.). Təklifi bəyənməyənlər də yenə öz mövqelərində qalırlar. 


  Məlum müzakirələrə bir şuşalını da biz cəlb etdik. Necə deyərlər, “kənar baxış”. Yazıçı-publisist Kərim Kərimli “Sherg.az”a bunları dedi: 
- Doğrusu, bu elə bir mövzu, elə məsələdir ki, nə qədər istəsən müzakirə etmək, hansı tərəfə istəsən “Hənifə saqqızı” kimi dartıb uzatmaq olar. İlk baxışdan hamı haqlıdır, ancaq bir az dərinə gedəndə bütün tərəflərdə qüsur tapmaq olar. Bir neçə il bundan əvvəl mənim böyük qardaşım Arzuman da Qurban Qurbanovla bağlı bir təklif irəli sürmüşdü. Q.Qurbanovun “Qarabağ” futbol komandası ilə bağlı fəaliyyətindən ruhlanan, fərəhlənən qardaşım sevincindən, bu sevincdən yaranan emosiyalardan vəcdə gələrək demişdi ki, ona Azərbaycanın Milli Qəhrəmanı adı verilsin. O vaxt qardaşımı da qınayanlar tapılmışdı. Ancaq heç bir ideyanın qarşısını almağa, təşəbbüsü boğmağa çalışmaq lazım deyil. Təkliflərin olmasına şərait yaratmaq lazımdır. Ortaya çıxan yüz təklifdən hətta bircəciyi belə ağıllı fikir olarsa, bundan cəmiyyətimiz, ölkəmiz faydalanacaq. Ona görə də heç bir təklifi süngü ilə qarşılamaq olmaz. Həmin təklifin əsassız, faydasız, hətta yararsız və ziyanlı olduğunu sübut edə bilirsənsə, buyur, sən də öz fikrini bildir, bəlkə sənin düşüncələrin daha səmərəli, daha gərəkli olacaq?!.
  
K.Kərimli bildirdi ki, millət vəkilinin Q.Qurbanovun fəaliyyətini, zəhmətini qiymətləndirmək barədə təklifini bəyənir, alqışlayır və dəstəkləyir. Lakin: 
- Ağdamlıları da başa düşürəm və qınaya bilmərəm. Fazil bəyin təklifi konkretdir: “Ağdamda tikiləcək stadiona Q.Qurbanovun adı verilsin”. Amma məşqçinin fəaliyyətinin qiymətləndirilməsini başqa formada da həyata keçirmək olar. Mütləq deyil ki, onun adı hökmən stadiona verilsin. Ona ölkəmizin yüksək fəxri adını vermək, dövlətin ali ordenlərindən biri ilə təltif etmək də olar. Hər şeydən qabaq ona görə ki, fikrimcə, insanın adının nəyəsə, harasa, küçəyə, gəmiyə, meydana, məktəbə, lap elə stadiona verilməsi daha çox həmin adın, həmin şəxsin adının əbədiləşdirilməsi məqsədilə edilir. “Adın əbədiləşdirilməsi” ifadəsi isə daha çox artıq dünyasını dəyişənlərə aiddir. Qəti şəkildə belə olmasa da, əsasən belədir. “Qarabağ”ın fədakar baş məşqçisi isə Allaha şükür, cavan oğlandır və Allahın izni ilə hələ uzun illər Azərbaycan idmanına xidmət göstərmək potensialı və imkanı var. Allah ona uzun ömür və möhkəm can sağlığı versin. Odur ki, Qurban bəyi başqa şəkildə də təltif etmək olar. Fazil bəy öz açıqlamasında Qurbanovun fəaliyyətini qəhrəmanlıq kimi xarakterizə edir, düz də eləyir. Elədirsə, onda mənim qardaşımın vaxtilə verdiyi təklif daha uyğun gələr. Bu illər ərzində, millət vəkili demişkən, böyük qəhrəmanlıq edən insana Milli Qəhrəman adının verilməsində nə pis cəhət ola bilər ki? O olmazsa, onda “Qarabağ”ın şöhrətini dünyaya yayan məşqçiyə “Şöhrət” ordeni vermək olar, yaxud komandanın şərəfini ləyaqətlə qoruduğuna görə onu “Şərəf” ordeni ilə təltif etmək mümkündür.

  K.Kərimli yeni tikiləcək stadiona Allahverdi Bağırovun adının verilməsini istəyənləri həm haqlı, həm də mütləq haqlı hesab etmir: 
- Bəli, sovet dövründə Ağdamda idmanın, o cümlədən müəyyən qədər də futbolun inkişafı həm də rəhmətlik Allahverdi bəyin adı ilə bağlı olub. Digər tərəfdən, Bağırov Ağdam və Azərbaycan uğrunda canından keçib. Əgər stadiona onun adı verilsə, pis olmaz, ancaq bu alınmasa, adı stadiona verilməsə də faciə olmaz. Çünki Ağdam, əhalisinin sayı iki yüz min civarında olan bir şəhərə çevriləcək və orada qəhrəmanın xatirəsini əbədiləşdirmək məqsədilə adının verilməsi mümkün olan kifayət qədər “maddi” və “qeyri-maddi” obyekt olacaq. Odur ki, məsələni sivil qaydada müzakirə edərək ortaq məxrəcə gəlmək olar. Hər iki şəxs Azərbaycanın seçilmiş övladlarındandır və hər ikisini xalqımız çox sevir. Sırf ağdamlılara gəlincə isə onların adından danışmaq ixtiyarım olmasa da, tanıdığım adamlara, dostlarıma və müşahidələrimə istinadən deyə bilərəm ki, Ağdam Qurban Qurbanovu çox sevir və olduqca yüksək qiymətləndirir. Stadiona onun adının verilməsinə etiraz bildirənlər də Qurbanovu az istədiklərinə görə deyil, əksinə, onun adının istənilən başqa formada daha da yüksək bir addımla şərəfləndirməyin mümkünlüyünə inandıqlarına görə bunu edirlər. Bağırov isə Vətən uğrunda şəhid olub və fiziki olaraq aramızda yoxdur. Onun adının əbədiləşdirilməsini, özü də doğma Ağdamında, necə deyərlər, “öz profilinə” uyğun və gözəçarpan bir yerdə əbədiləşdirilməsini prioritet hesab edirlər.