Ağstafa rayonunun sakinləri həkim çatışmazlığından əziyyət çəkir
Onların sözlərinə görə, xüsusən ultrasəs müayinəsi edən radioloq həkimlərin azlığı günlərlə növbə gözləməyə səbəb olur:
“Ağstafa Mərkəzi Xəstəxanasında ultrasəs müayinə aparatı yoxdur, həmçinin həkim də yoxa çıxır. Bizə Qazax rayonuna getməyimizi deyirlər. Oraya getdiyimiz zaman isə həkim tapa bilmirik”.
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, İndiki dövrdə metro girişlərində olan tibb məntəqələrində belə ultrasəs aparatı mövcuddur:
“70-ci illər olsaydı o zaman deyərdik ki, ultrasəs aparatı az-az olur, çatışmazlıqlar baş verir. Bu aparatlar artıq əl çatandır. Külli miqdarda pul tələb etmir və çətin tapılan deyil. Dövlət xəstəxanaları üçün hər il səhiyyəyə müəyyən xərclər ayrılır. Bu yeni avadanlıqların alınması və xəstələrin tələblərinin qarşılanması üçündür. Ağstafa, Qazax artıq inkişaf etmiş rayonlardan biridir. Həmin xəstəxanalarda ultrasəs müayinə aparatı və həkimlərin olmaması heç inandırıcı gəlmir. Ola bilər ki, aparat var, ancaq istifadəyə yararsız olduğu üçün təmirə göndərilib. İldə bir dəfə komitədən gələrək aparatın istifadəyə yararlı olub-olmadığını yoxlayırlar. Ümumiyyətlə səhiyyə sistemində 5 ildən bir həkimlər məcburi olaraq Təkmilləşdirmə İnstitunda kurslardan keçirlər. Daha sonra Apellyasiya Komissiyasında imtahan verirlər. Sertifikasiya imtahanı olmadan heç bir həkim işləyə bilməz”.