Aprelin 2-dən Azərbaycanda ilk sosial televiziya nümunəsi olaraq DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet resursu olan DOST TV yayım konsepsiyasında əsasən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları əhatə olunacaq.
DOST TV izləyicilərinə sosial yenilikləri, islahatlar, yeni layihələr, qanunvericilik və sosial hüquqlar, dövlət sosial xidmətləri barədə dolğun məlumatları çatdıracaq.
Yeni TV izləyiciləri ilə birbaşa təmasda, canlı yayım rejimində çalışacaq. Profilinə uyğun informativ xarakterli verilişləri yayımlamaqla yanaşı, sosial şəbəkə istifadəçilərinin sosial məsələlərlə bağlı sualları da Nazirlik rəsmilərinin iştirakı ilə birbaşa cavablandırılacaq.
Digər dövlət qurumları, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıqda fəaliyyət göstərəcək DOST TV həmin qurumların, QHT nümayəndələrinin, ekspertlərin iştirakı ilə sosial mövzularda təhlil və diskussiyalara, müzakirələrə də daim açıq olacaq.
Son zamanlar bu cür ixtisaslaşmış yeni televiziyaların açıldığını görürük. Bu amil klassik televiziyanın sıradan çıxmasına səbəb ola bilər?
Məsələni dəyərləndirən tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli “Sherg.az”a deyib ki, belə ixtisaslaşmış və konkret bir qruma xas olan televiziyaların fəaliyyətindən narahat olmağa ehtiyac yoxdur:
"Çünki vaxtıilə sahə qəzetləri, jurnallar da mövcud idi. Onlar maarifləndirmə işləri görürdülər. İndiki dövrdə isə bu işi televiziyalar davam etdirirlər. Bu televiziyanın da konkret məqsədi var. Cəmiyyət üçün maraqlı olan mövzular işıqlandırılaraq suallar cavablandırılacaq. Hiss olunur ki, həmin televiziyalara peşəkar kollektiv cəlb olunub. Bunun universal televiziyalara heç bir maneəçiliyi yoxdur. Əksinə, rəqabət mühiti güclənir. Tamaşaçı üçün seçim imkanları ortaya çıxır".