Türkiyənin məşhur onlayn alış-veriş şirkəti “Тrendyol” Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib. Şirkət qiymətləri 2.5 dəfə artırıb.
Dünənə kimi 79.99 TL (4.23 manat) hesablanan çatdırılma xidməti bu gündən 199.99 TL (10.63 azn) hesablanacaq.
Bəs çatdırılma qiymətinin qalxmasının səbəbi nədir? Bu Azərbaycanda məhsulların bahalaşmasına səbəb olacaq?
Məsələ ilə bağlı “Sherg.az”a danışan marketoloq Nicat Manafov söyləyib ki, əslində günümüzdə ''trendyol''-un birbaşa çatdırılması endirimli qiymətədir:
"Çünki ''trendyol'' bağlamaların çatdırılmasına görə, vasitəçi şirkətə daha çox pul ödəyir. Təbii ki, bu zaman kəsiyində qiymətlərin artdığını müşahidə edəcəyik. Hazırda Azərbaycan vətəndaşlarının əksəriyyəti Türkiyədə ünvan daxil etməklə daha uyğun qiymətə məhsul almağa başlayıblar. Çünki ''trendyol'' ilə partnyorluq edən şirkətlər məhsulları çox baha qiymətə gətirir. Artıq ''trendyol'' məcburdur ki, oradakı xərcləri qarşılasın. Yaxın zamanda insanların birbaşa çatdırılma ilə deyil, ənənəvi metodla alış-veriş etdiyini görəciyik. Eynisi "Temu.az" üçün də keçərli olacaq. Hətta, bu yaxın zamanda gömrük limitinin xarici mağazalar üçün daha aşağı çəkilməsinə və sıfıra bərabər olmasına gətirib çıxardacaq".