Tahir Kərimli deyib ki, Azərbaycanda LGBT hərəkatı Gürcüstandakı kimi yayılmayıb

Parlamentdə müzakirəyə çıxarılmasına ehtiyac yoxdur
  
 Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi LGBT təbliğatına qarşı hazırlanan xalq petisiyasına baxacaq. Bu barədə Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb:  “Müraciətə baxılma müddəti onun qeydə alındığı gündən 40 iş gününə qədərdir. Bu məsələyə baxılması üçün dövlət qurumlarının və ictimai birliklərin nümayəndələrinin də daxil olduğu işçi qrupu yaradılacaq”. Qeyd edək ki, rəsmi “E-Petition.kz” portalında Qazaxıstanda açıq və gizli LGBT təbliğatına qarşı petisiya dərc edilib. Petisiya hakimiyyət tərəfindən baxılması üçün tələb olunan 50 min imzanı toplayıb. Hazırda Qazaxıstanda eynicinslilərin nikahına qadağa qoyulsa da, LGBT təbliğatına qanuni qadağa yoxdur.
 Qeyd edək ki, qonşu Gürcüstanın hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” Partiyası ölkə parlamentinə 19 sənəddən ibarət böyük qanun layihələri paketi təqdim edib. Layihələr LGBT-nin təbliğatına və gey paradların qadağasına, eynicinsli nikahların və cinsiyətin dəyişdirilməsinə icazə verilməməsinə həsr olunub. Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. Onun sözlərinə görə, qanunvericiliyə təşəbbüs edilən dəyişikliklər cəmiyyətin tam dəstəyini qazanıb.
Qeyd edək ki, Azərbaycanda da zaman-zaman LGBT təbliğatına qarşı qanun layihəsinin qəbulu ilə bağlı təkliflər edilir.

 Millət vəkili Tahir Kərimli isə hesab edir ki, Gürcüstanda, Qazaxıstanda  LGBT təbliğatı haqqında qanun layihəsinin müzakirəsi doğru addımdır. Lakin bunun Azərbaycan parlamentində qanun layihəsi kimi irəli sürülərək müzakirəyə çıxarılması məqsədəuyğun deyil: 
“Ən azından hələ ki  belə bir layihənin müzakirəsini uyğun hesab etmirəm. Birincisi, Gürcüstanda LGBT hərəkatı o qədər yüksək dərəcədə yayılıb ki, artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Gürcüstan kazinoların, LGBT sisteminin ağuşundadır. QHT-lər və digərləri hədsiz dərəcədə bunu təbliğ edirlər. Cəmiyyət deqradasiyaya uğrayıb, mənəviyyatsızlıq artıb. Təbii ki, Gürcüstan parlamentinin narahatlıq keçirib bu məsələni müzakirə etməsi təbiidir. Azərbaycanda isə hələ LGBT o dərəcədə geniş yayılmayıb. Qarşısını almağa çalışırıq. Şəxsən mən özüm də, digər deputat yoldaşlarım, ağsaqqallar da bunun qarşısını hələlik ciddi şəkildə ala bilirik. Doğrudur, ara-sıra LGBT nümayişləri olur, həyasızlıq səhnələrinin şahidi oluruq. Amma digər ölkələrdəki  vəziyyətin 5-10 faizi bizdə yoxdur. Yəni bizdə LGBT milli təhlükəsizlik, təhdid səviyyəsinə gəlməyib”.

 Millət vəkilinin sözlərinə görə, ehtiyac olduğu təqdirdə  bizdə də LGBT barədə qanun layihəsi irəli sürüb müzakirəsinə nail olmaq olar:
 “Məsələ bundadır ki, bizdə deputatın qanun layihəsi hazırlayıb irəli sürməsi hədsiz ağır prosedurlardan keçir. Təsəvvür edin, layihəyə parlamentin komitəsində baxılmalı, razılaşdırılmalıdır. Çoxluq tərəfindən müdafiə olunmalısan ki, layihə parlamentin plenar iclasının, hətta komitə iclasının gündəliyinə salınsın. Hiss edirsinizsə, qanun layihəsi irəli sürməkdən adətən qaçırıq. Fərdi şəkildə layihə irəli sürmək çox əzablı prosesdir. Demək olar, bu barədə uğur qazanılmayıb. Bir az səbirli olaq. Allah göstərməsin, Gürcüstandakı vəziyyətin 50 faizi Azərbaycanda olsa, onda ciddi həyəcan təbili çalıb məsələni qaldırmaq, qanunvericilik səviyyəsində Azərbaycanı belə bəladan hifz etmək lazımdır”.