Qazanc oyunlarına etibar etməyin!

Hər kəs fərdi məlumatlarını qorumağı bacarmalıdır

“İnternet məkanında dələduzluq hallarının qarşısının alınması mümkünsüzdür”

  “Teleqram kanallarında yayılan və tez bir zamanda məhşurlaşan “Hamster Kombat” adlı oyunun yüz milyona qədər istifadəçisi var.Və insanlar düşünür ki, bu oyun vasitəsilə qazandıqları virtual pulları real pula çevirmək imkanları yaranacaq”. Bu sözləri “Sherg.az"a açıqlamasında kibertəhlükəsizlik üzrə mütəxəssis Rəşad Zeyvəliyev deyib.


  İKT mütəxəssisinin sözlərinə görə, belə platformalar vətəndaşlara şirnikləndirmək üçün dolayı yolla mənfəət qazandırırlar. Əsl niyyətləri isə insanları tora salaraq pul vəsaitlərini mənimsəməkdir:
“Bu tip platformaların təsisçiləri adətən xarici ölkələrdə olduqlarından onları müəyyən edib məsuliyyətə cəlb etmək olmur. Hamısının iş prinsipi eynidir. Bəzi vətəndaşlar piramidalara qoşularaq yüksək məbləğlərdə depozit edirlər. Bu depozitlərin qarşılığında piramida sahibləri depozitdən gələn gəliri sahibinə ödəməkdən boyun qaçırır. Bütün piramidalar qısa müddət ərzində fəaliyyət göstərir. Platforma şirnikləşdirmək məqsədilə sizə milyonlarla virtual pul verdikdən sonra -“bu qədər dollar yatırım et pulu real pula çevir” təklifi ilə gəlsə, inanmayın və pul ödəməyin. Təcrübədə bu tip oyunlar öncədən müəyyən vədlər verərək insan kütləsi toplamaq və sonda isə toplanan milyonlarla insanın hər birindən müəyyən məbləğlərdə pullar alaraq ortalıqdan itməkdir”.
  İnternet məkanında dələduzluq hallarının qarşısının alınmasının mümkünsüz olduğunu vurğulayan R.Zeyvəliyev deyib ki, bu gün bir formada həyata keçirilən dələduzluq forması sabah başqa bir variantda həyata keçirilir. Dayanmadan fərqli formalar icad edən dələduzlar insanları aldadırlar. Ona görə də ən böyük məsuliyyət insanların özlərinin üzərinə düşür. Hər kəs fərdi məlumatlarını qorumağı bacarmalı və onlayn qazanc oyunlarına etibar etməməlidir”.