Sosioloq: Üç nəfərin, bir insanın üzərinə düşərək onu alçaltması cinayətdir

Gədəbəydə kişinin alçaldılması ilə bağlı hadisənin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb N.Kazımovun Səddam Əliyevin həyat yoldaşına söz göndərməsi olub.
Bundan sonra S.Əliyev, qadının əmisi oğlu Təgin Əliyev və sonuncunun dostu Cəbrayıl Hüseynovla birlikdə N.Kazımovu cəzalandırmaq qərarına gəliblər.
Onlar əvvəlcə N.Kazımovu döyüb, boğazına ip keçirərək kənd ərazisində gəzdirərək ona qarşı alçaldıcı hərəkətlər ediblər.
Bununla ürəkləri soyumayan şəxslər N.Kazımovu üzr istəmək üçün S.Əliyevin qayınanasının yanına aparıblar və orada qadının ayağından öpməyə məcbur ediblər.


Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, üç nəfərin, bir insanın üzərinə düşərək onu alçaltması cinayətdir:

“Gədəbəy rayonunun Çobankənd kəndində baş verən hadisə aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb və bu məsələ üzərində işlər davam edir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Aidiyyatı qurumlar cinayətin nə səbəbə olduğunu araşdırıb açıqlama verəcəklər. Lakin kənardan baxan biri kimi deyə bilərik ki, bu cür hadisələrin baş verməsi qəti şəkildə yolverilməzdir. Heç bir insana haqq verilmir ki, kimisə bu şəkildə təhqir etsin. hadisəni törədənlərə təcili surətdə cinayət işi açılmalı və onlar məsuliyyətə cəlb olunmalıdırlar. Sözügedən şəxslərə elə cəza verilməlidir ki, digərləri hansı cəza ilə qarşılaşacaqlarını bilsinlər. Əks halda belə cinayətlərin baş verməsi tez-tez olacaq. Bu insanlara kim haqq verir ki, belə hadisələr törətsinlər..? Ümidvaram ki, Daxili İşlər Orqanları tərəfindən qarşıdakı günlərdə cəza tədbirləri görüləcək”.