Ekspert: Yol polisi olmasa, Bakıda hərəkət iflic olar

Nöqsan axtarmağa nə var ki...


  “Şəmsi Bədəlbəyli küçəsində yeni təşkil olunmuş avtobus zolağına Yol Patrul Xidməti (YPX) əməkdaşları avtomobilləri yönəltməyə başladı”. Bu barədə  İnsanyönümlü şəhərlər səhifəsində paylaşım edilib. 
Sual yaranır, əgər bu zolağa avtomobillərin hərəkətinə icazə verilibsə, bu zolaq niyə təşkil olunub? Və yaxud, bu zolaq təşkil olunubsa, digər nəqliyyat vasitələrinin hərəkətinə niyə daxil olması icazə verilir?
Ayrılmış zolağın yeganə məqsədi avtobusların tıxacsız hərəkətidir. Əgər bu təmin olunmursa, həmin zolağın heç bir mənası yoxdur. Bu halda cəriməni qaldırıb lap 500 manat etmək olar, amma zolaq öz funksiyasını yerinə yetirməyəcəksə, nə fayda?
⠀Urbanist Anar Əliyevin sözlərinə görə, avtobus zolaqlarının məqsədi  ictimai nəqliyyatın tıxacda qalmaması və onun vaxtlı-vaxtında öz qrafiki üzrə hərəkət etməsidir: “Avtobus minik avtomobilindən ortalama 3 dəfə çox yer tutur, amma eyni zamanda 50 dəfə daha çox insan daşıyır.  Deməli, şəhərdə 2000 avtobus hərəkət edirsə, bu, 100 min avtomobil əvəz edir.  Bunun həm sıxlıq və tıxac, həm ekoloji fəsadlarını da düşünün.  Ayrılmış zolaqla hərəkət edən avtobus tıxacda hərəkət edən avtomobilə alternativdir. Əgər tıxacda avtomobil A nöqtəsindən B nöqtəsinə 40 dəqiqə, avtobus isə 15 dəqiqə çatırsa, deməli, insanlarda seçim olacaq. Avtobus zolaqlarının sayəsində hər bir marşrutun qrafikini tərtib etmək mümkündür ki, intervallar daha az olsun, ictimai nəqliyyat cəlbedici olsun. Avtobus zolaqlarında heç bir halda hərəkət etmək olmaz, bu nəinki qayda pozuntusudur, həm də açıq şəkildə cəmiyyətə hörmətsizlik nümayiş etməkdir.  Avtobus zolaqlarının cəriməsinin 100 manata qaldırılması, əlavə olaraq 2 cərimə ballarının tətbiq edilməsi təklif olunur. Düşünürəm ki, bu çəkindirici tədbirlə yanaşı, sərt nəzarət də gələcək. Bu, böyük irəliləyiş olacaq.  Bəli, sürücülər bir müddət narazı qalacaq, digər ölkələrdə bu narazılıqlar hələ də qalır, lakin 5-ci bəndə qayıdaraq - məhz ictimai nəqliyyata prioritet verməklə onu daha cəlbedici etmək və tıxacları azaltmaq mümkündür”.
YPX mövcud vəziyyətə uyğun davranır, lüzum varsa, avtobus zolağını aça da bilər, bağlaya da.

  Mövzu ilə bağlı “Sherg.az”a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyib ki, YPX mövcud vəziyyətə uyğun davranır: 

“Lüzum varsa, avtobus zolağını aça da bilər, bağlaya da. Ümumiyyətlə, bu gün DYP-nin yolların çevik nizamlanması olmasa, Bakıda hərəkət iflic olar. Bu gün müxtəlif qurumlar Bakıda eksperimentlərlə məşğuldurlar, tikirlər, sökürlər, küçələri bağlayırlar, sonra yenidən açırlar. Bilmək olmur ki, bunların məqsədi nədir? Ona görə də DYP-nin işində də bir nöqsan axtarmaq yanlış olar”.