Bu cür yerlərdə çimmək çox təhlükəlidir -EKSPERTDƏN XƏBƏRDARLIQ

Cəlilabad rayon sakinləri bənddə çimərkən boğularaq ölüblər.  Hadisə bu gün günorta saatlarında Cəlilabad rayon Hamarqışlaq kəndi ərazisində yerləşən su bəndində baş verib.Su bəndində boğulan şəxslərin cəsədləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bunlar rayonun Hamarqışlaq kənd sakinləri, 2008-ci il təvəllüdlü Nihad Nicat oğlu Aşurov və 2004-cü il təvəllüdlü İbrahim Əjdər oğlu Həsənovdur.
Qeyd edək ki, belə faciəli hadisələr təəssüf ki, tez-tez baş verir. Bəzən uşaqlar, yeniyetmələr, bəzənsə hətta yetkin insanlar da su kanalına baş vurmaq "sevdasına” düşür, nəticə isə ağır olur. Əslində isə su kanalı çimmək, üzmək üçün nəzərdə tutulmayıb. Daha dəqiq desək, su kanalı çimmək və üzmək üçün qadağan olunan yerdir. 

 Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a bildirib ki, yay mövsümü gələndən insanlar sərinləmək, həm də istirahət üçün çimərliklərə üz tuturlar:
  "Təbii ki, yayda istirahət üçün ən gözəl seçim məhz çimərliklərdir. Lakin bəzi insanlar öz həyatlarını təhlükəyə ataraq süni su hövzələri, su anbarları, kanal, çaylar və göllərə üz tutur. Həmin yerlərdə çimərək “istirahət etmiş” olur. Bunun nə dərəcədə təhlükəli olduğunu nəzərə almır. 
Su anbarları, kanallar və s. bu kimi yerlərin təyinatı çimmək üçün nəzərdə tutulmayıb. Həmin su hövzələrinin dibində konserv qabı, qırılmış şüşə parçası, sınıq butulka kimi deşici, kəsici  əşyalar toplanıb. Eyni zamanda göldə suyun dibinin lil olması, bataqlıq yaratması suya düşən insanın oradan çıxması xeyli çətinləşdirir və bəzən həmin adam batıb ölür. Çünki lilə batan insan çıxmağa çalışdıqca daha da dərinə batır. Bu cür yerlərdə çimmək çox təhlükəlidir. Kanallarda suyun üzündəki axın sürəti ilə altındakı axın sürəti arasında üç dəfə artıq fərq var. Bunu orada çimənlər nəzərə almırlar və öz həyatlarını belə təhlükəyə atırlar. Yay mövsümü bizdə üç ay olur. Və bu üç ayda xeyli insan bu kimi yerlərdə çimərək həyatlarını itirir".

Ekspert hesab edir ki, süni su hövzələri dövlət tərəfindən nəzarət götürülsə, ora FHN-nin sularda xilasetmə xidməti və DİN-nin müvafiq bölmələri ilə “naryad” ayrılarsa, bunun qabağını almaq olar: 
"Ümumiyyətlə, süni su hövzələrindən, kanaldan və göllərdən çimərlik kimi istifadə edənlərlə bağlı qanun layihəsi hazırlanmalıdır. Beləliklə də həmin yerlərə nəzarət edən qurumun hansı tədbirləri görəcəyi bəlli olar.
Bu kimi yerlər əsasən də süni su hövzələri və göllər ya bələdiyyələrin balansında olur, ya da hansısa özəl və ya dövlət müəssisəsinə uzun müddətlik icarəyə verilir. Bununla da heç bir təhlükəsizlik məsələlərinə nəzarət olunmur. Ona görə də insanlar həyatını itirir”.